Kiyev Milli Texnologiya və Dizayn Universitetində Britaniya Şurasının dəstəyi ilə “Creative Spark” layihəsi çərçivəsində “Ukraynada biznes prosesinin inkişafının müasir determinantları” mövzusunda III beynəlxalq elmi-praktik İnternet konfrans keçirilib.
Konfrasın Təşkilat Komitəsinə Ukrayna Təhsil və Elm Nazirliyi, Kiyev Milli Texnologiya və Dizayn Universiteti, Sauthampton Universiteti (Böyük Britaniya), “Lvov Politexniki” Milli Universiteti və digər qurumlar, eləcə də AMEA Rəyasət Heyətinin Elmi İrs Mərkəzi daxil olub.
Elmi-praktik konfransda Azərbaycan da daxil olmaqla, 8 ölkədən 15 ali təhsil müəssisəsini təmsil edən 100-dən çox alim və mütəxəssis, gənc tədqiqatçı, doktorant və dissertant iştirak edib.
Konfransın məqsədi biznes prosesinin inkişafı nəzəriyyəsi və praktikasında mövcud problemlər üzrə tədqiqatların təqdim olunması, innovativ iqtisadi şəraitin formalaşdırılması ilə bağlı müzakirələrin aparılması idi.
Tədbirə Elmi İrs Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Zemfira Hacıyeva İnternet vasitəsilə qoşularaq çıxış edib. O, öncə tədbirin təşkilatçıları və iştirakçılarını Azərbaycan elmi ictimaiyyəti adından salamlayıb, konfrasın işinə uğurlar arzu edib.
Elmi İrs Mərkəzinin əsas fəaliyyəti haqqında məlumat verən məruzəçi bildirib ki, bu qurum öz fəaliyyətində iqtisadiyyat sahəsi də daxil olmaqla, elmin bütün sferalarına aid mühüm elmi nailiyyətləri toplayıb sistemləşdirir, gələcək nəsillər üçün bilik bazası formalaşdırır.
Alim tədbirin Ukrayna elm nümayəndələri və konfransın bütün iştirakçıları ilə əməkdaşlığın təşkilinə, birgə elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyinə inamını ifadə edib.
Sonra Z.Hacıyeva “Azərbaycanın iqtisadi inkişafında qarşıda duran başlıca vəzifələr” mövzusunda məruzə edib. Qeyd edib ki, müasir dövrdə milli iqtisadiyyatın inkişafına qlobal proseslərin təsirinin gücləndiyi, risk və təhdidlərin artdığı bir şəraitdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsi, onun dünya iqtisadiyyatına rasional surətdə inteqrasiyası Azərbaycanın iqtisadi siyasətinin ən mühüm strateji vəzifələrindən biridir.
Z.Hacıyeva bildirib ki, bu vəzifələrin həyata keçirilməsi məqsədilə son dövrlərdə qəbul edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri” və digər bu kimi sənədlərdə iqtisadiyyatımızın yaxın və orta perspektiv dövr üçün inkişafının konkret hədəf və vəzifələri müəyyən edilmişdir.
Hədəf və vəzifələri makroiqtisadi sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, real sektorda aparılan iqtisadi islahatlarla maliyyə sektorunda həyata keçirilən siyasət arasında optimal koordinasiyanın təmin edilməsi, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, biznes mühitinin əlverişliyinin daha da yüksəldilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi və s. kimi qruplaşdırmaq olar.
Bu vəzifələrin bir-biri ilə bağlı olduğunu diqqətə çatdıran alim onların həyata keçirilməsinin ölkəmizdə elmi əsaslara və mütərəqqi dünya təcrübəsinə əsaslanan kompleks, sistemli və ardıcıl islahatların aparılmasını zəruri etdiyini deyib. Bildirib ki, ölkədə yeni iqtisadiyyatın qurulmasına hədəflənən bu islahatların aparılması Azərbaycanda iqtisadiyyat elminin qarşısında dayanan vəzifələrə də ciddi surətdə yenidən baxılmasını və onların dəqiqləşdirilməsini tələb edir.
Məruzə konfrans iştirakçılarının marağına səbəb olub, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.