Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.04.2019 14:26
  • A-
  • A
  • A+

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin elmi-nəzəri təhlilinə dair müzakirələr aparılıb

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinin elmi-nəzəri təhlilinə dair müzakirələr aparılıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda "Prezident İlham Əliyevin imzaladığı 03 aprel 2019-cu il tarixli "Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın elmi-nəzəri təhlili" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə millət vəkilləri, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Baş Prokurorluğun Elm və Tədris Mərkəzinin nümayəndələri, elmi ictimaiyyət və KİV təmsilçiləri iştirak ediblər.

İclası institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə açaraq bu Fərmanın ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün məhkəmə - hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına və bu sahədə islahatların dərinləşəcəyinə təkan verəcəyini bildirib. Qeyd edib ki, sözügedən sənəd insanların məhkəməyə müraciət imkanlarının daha da təkmilləşdirilməsinə, bu sahədə şəffaflığın artırılmasına, məhkəmə icraatının effektivliyinin yüksəldilməsinə, qərarların tam və vaxtında icra edilməsinin təmin olunmasına zəmin yaradacaq.

A.Mustafazadə Fərmanda nəzərdə tutulan hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, bu istiqamətdə infrastrukturun yenilənməsi, eləcə də məhkəmə icraatında müasir informasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməsi kimi müddəaları yüksək qiymətləndirib.

Hazırda respublikada məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlandığını deyən A.Mustafazadə Fərmanın ölkəmizdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına töhfə verəcəyini bildirib.

O, bu istiqamətdə alimlərin potensialından yararlanmağın zəruriliyinə toxunub və bu gün rəhbərlik etdiyi müəssisədə insan hüquq və azadlıqlarının problemlərinin həllinə dair, həmçinin tibb hüququ və süni intellektlə bağlı elmi-tədqiqat işlərinin aparıldığını, hakimlər və vəkillər üçün mühazirələrin keçirildiyini söyləyib.

Tədbirdə, həmçinin millət vəkilləri - Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elman Nəsirli, Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdirləri, hüquq elmləri doktorları - Ramin Qurbanov, Ayxan Rüstəmzadə, professor Nazim Cəfərli və digərləri çıxış edərək hakimlərin müstəqilliyinin təmin edilməsinin, onların sosial müdafiəsinin gücləndirilməsinin, hakim və məhkəmə aparatı işçilərinin elmi fəaliyyətinin genişləndirilməsinin, bu istiqamətdə interaktiv verilişin hazırlanmasının, eləcə də qanunvericilik aktlarının alimlər tərəfindən şərh edilməsinin zəruriliyini vurğulayıblar. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təkmilləşdirilməsini, Vahid Məhkəmə Portalının yaradılmasını, o cümlədən "Mediasiya haqqında" Qanunun qəbulunu yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: