Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.04.2019 16:28
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin yeni biotexnoloji innovasiyaları ölkəmizdə tətbiq ediləcək

Azərbaycanlı alimin yeni biotexnoloji innovasiyaları ölkəmizdə tətbiq ediləcək

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bügünkü iclasında AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov “İnsan furin zülalı geninin ko-ekspressiyası ilə terapevtik zülalların və vaksinlərin yaşıl bitki yarpaqlarında sintezi” mövzusunda elmi məruzə ilə çıxış edib.

T.Məmmədov bildirib ki, hazırda Akdeniz Universitetində onun rəhbərliyi altında geniş çeşiddə müxtəlif rekombinant proteinlərin, vaksinlərin, terapevtik zülalların,  xərçəngə və müxtəlif infeksion xəstəliklərə qarşı anticisimlərin, təbii qida əlavələrinin,  sənaye enzimlərinin sintezi, yaşıl bitki yarpaqlarında istehsalı işləri uğurla davam edir. Professor qeyd edib ki, bitki ekspressiya sistemi başqa ekspressiya sistemləri ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Lakin bitki ekspressiya sistemində zülallarının düzgün qatlanması səbəbindən bəzi modifikasiyalara malik olmadığından bu sistem bir çox rekombinant zülalların sintezi və istehsalı üçün çox ciddi məhdudiyyətlərə malikdir. O, bu məhdudiyyətləri aradan qaldırmaq və bitki sistemində effektiv rekombinant zülal istehsalını təmin etmək üçün bir sıra strategiyalar ixtira etdiyini və bu ixtiralardan istifadə etməklə müxtəlif kompleks rekombinant zülallar yaşıl bitki yarpaqlarında müvəffəqiyyətlə sintez etdiyini deyib. T.Məmmədov həmin istiqamətdə apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələri barədə məlumat verib. Professor onu da bildirib ki, bitkidə qara yara və malyariya xəstəliklərinə qarşı vaksinlər sintez olunub,  bu vaksinlərin heyvanlar üzərində aparılan testləri artıq başa çatıb və hazırda bu işlər ticariləşmə mərhələsindədir.

Sonra yeni ixtirası haqqında məlumat verən T.Məmmədov bildirib ki, bitki ekspressiya sistemi, həmçinin insan zülallarının istehsalı üçün da bəzi səbəblərdən məhdudiyyətlərə malikdir. O vurğulayıb ki, yeni ixtirası bu məhdudiyyətləri aradan qaldırmaq məqsədi daşıyır. T.Məmmədovun sözlərinə görə, apardığı son tədqiqatlar nəticəsində insan furin zülalının bitkilərdə funksional aktiv formada sintezinə ilk dəfə uğurla nail olub. Həmçinin bitki hüceyrələrində insan furin geni hədəf zülalların genləri ilə ko-ekspresiya edilib və nəticədə  hədəf zülalların hüceyrə daxilində furinlə kəsilərək aktiv formada sintezinə nail olunub.

Məruzədə vurğulanıb ki, furin enzimi geniş substrat spesifikliyinə malikdir. Mürəkkəb quruluşa malik olan furin enzimi üçün dünyanın müxtəlif elmi mərkəzlərində uzun illər tədqiqatlar həyata keçirilib və zülalın düzgün qatlanmaması səbəbindən bu tədqiqatlar müvəffəqiyyətsizliklə nəticələnib. Məruzəçi onu da bildirib ki, yeni ixtirası insan qanının laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan Hemofiliya B irsi xəstəliyinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. T.Məmmədov, hamçinin bu texnologiyanin müharibə zonalarında yaralı əskərlərin qanaxmasının qarşısını almaq üçün Faktor IX əsaslı müalicəvi pədlərin hazrlanmasında çox mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

T.Məmmədov hədəf zülalların həm enzimatik, həm də furin enzimi ilə eyni bir hüceyrə daxilində kəsilərək aktivləşməsi texnologiyasının ixtirası haqqında da danışıb. Qeyd edib ki, bu texnologiya antraks (Sibir yarası) xəstəliyinə qarşı yeni bir vaksin namizədin, qoruyucu antigenin dünyada ilk dəfə olaraq hüceyrə daxilində heptamer quruluş formasında bitkilərdə sintezini təmin edib. Yeni namizəd vaksin həmin xəstəliyə qarşı daha stabil xüsusiyyətlərə malikdir. Məruzəçi sözügedən texnologiyanın müxtəlif zülalların, anticisimlərin və vaksinlərin sintezi üçün əhəmiyyətli olduğunu və böyük iqtisadi səmərə verəcəyini söyləyib. Əlavə edib ki, alınan bu mühüm nəticələr yeni beynəlxalq patent kimi öz təsdiqini tapıb və 2019-cu ilin mart ayında nüfuzlu "PLOS ONE" jurnalında dərc olunub.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında akademik Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvləri - Oktay Qasımov, İlham Şahmuradov, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, biologiya üzrə fəlsəfə doktoru Səadət Xudaverdiyeva, biologiya elmləri doktoru Arif Mehdiyev, tibb elmləri doktoru, professor Akif Qurbanov, biologiya elmləri doktoru, dosent Saib Güləhmədov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Rəyasət Heyəti məruzəni müsbət qiymətləndirib, yeni biotexnologiya əsasında yaşıl bitki yarpaqlarında vaksinlərin, terapevtik zülalların, anticisimlərin, sənaye enzimlərinin, təbii qida əlavələrinin sintezi və istehsalı üzrə innovasiya məhsullarının sınağının keçirilməsi, eləcə də tətbiqi üçün müraciətlərin edilməsi ilə bağlı tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: