Mayın 4-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Ali məktəb tələbələri arasında informatika üzrə XIII Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.
Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.
Tədbiri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açaraq olimpiadanın 2007-ci ildən etibarən müntəzəm keçirildiyini və final mərhələlərinin ənənəvi olaraq İTİ-də baş tutduğunu söyləyib. O, bu müəssisənin respublikada informasiya texnologiyaları sahəsində aparıcı elmi-tədqiqat institutu olduğunu bildirib və yaradılan şəraitə görə İTİ rəhbərliyinə təşəkkürünü bildirib.
Olimpiada haqqında məlumat verən E.Vəlizadə diqqətə çatdırıb ki, bu il respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda yarışda iştirak hüququ qazanıb və onlardan 17 komanda final mərhələsinə yüksəlib. Qeyd edib ki, cari ildə paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universiteti, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olimpiadaya xüsusi maraq göstərib.
Nazirlik rəsmisi olimpiadanın gənclərin proqramlaşdırma istiqamətində biliklərinin və təcrübələrinin artırılmasına, dünyagörüşlərinin zənginləşməsinə, eləcə də qarşılıqlı əlaqələrinin formalaşmasına təkan verəcəyini söyləyib. O, proqramlaşdırmanın bu gün cəmiyyətin bütün sahələrində - kənd təsərrüfatında, turizmdə, səhiyyədə və s. aktiv istifadə edildiyini bildirib, gəncləri ölkədə gedən innovativ proseslərə töhfə verməyə çağırıb.
Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev olimpiada iştirakçılarını akademiya prezidenti, akademik Akif Əlizadə və rəhbərlik etdiyi qurumun kollektivi adından salamlayıb.
Akademik ölkə rəhbərliyi tərəfindən İKT-nin inkişafına daim diqqət göstərildiyini, bu istiqamətdə mühüm tədbirlərin görüldüyünü deyib. Diqqətə çatdırıb ki, informasiya texnologiyaları bu gün respublikanın iqtisadi və hərbi gücünün qorunmasında və inkişaf etdirilməsində başlıca faktorlardan birinə çevrilib. R.Əliquliyev müasir dövrdə dünyada informatika və proqramlaşdırma sahəsində yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də proqram mühəndislərinin hazırlanmasına tələbatın olduğunu vurğulayıb.
Ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının qəbul olunduğunu, beynəlxalq ikili diplom proqramlarının icra edildiyini xatırladan akademik bu istiqamətdə AMEA tərəfindən addımların atıldığını, Fransanın Monpelye Universiteti ilə sıx əməkdaşlıq edildiyini söyləyib.
AMEA-nın vitse-prezidenti müsabiqənin elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən mühüm tədbirlərdən olduğunu vurğulayıb və gəncləri akademiyada təcrübə keçməyə dəvət edib. Akademik, həmçinin Beynəlxalq İnformatika Olimpiadasının cari ilin avqust ayında Bakıda keçiriləcəyini bildirib və bunu, ölkəmizin növbəti uğuru adlandırıb.
Alim bundan əlavə, “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın rəsmi veb-portalının yaradılmasını, bütün qalib komandaların və digər statistik məlumatların portalda qeyd olunmasını təklif edib.
Tədbirdə, o cümlədən olimpiadanın Münsiflər Heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə çıxış edərək İKT-nin müasir dövrdə cəmiyyətin inkişafındakı rolundan, bu sahədə peşəkar kadrların hazırlanmasından danışıb, gənclərə uğurlar arzulayıb.
Mərasimdə Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verib. Bildirib ki, olimpiada beynəlxalq “ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydalarına əsasən keçirilir. O, müsabiqə zamanı hər komandaya 5 saat ərzində alqoritmik məsələləri həll etmək tapşırığının veriləcəyini və ən yaxşı nəticə göstərən 4 komandanın qalib elan ediləcəyini söyləyib.
Sonra Təşkilat Komitəsinin üzvləri müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandalarla tanış olublar.
Şəffaflığın təmin olunması üçün müsabiqənin gedişatına institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilib.
Qeyd edək ki, qaliblər (I-IV yerlər) mayın 17-də “Azercell” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və diplomlarla mükafatlandırılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.