Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və AMEA-nın professorlarının koordinasiya şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Heydər Əliyev və elmi gənclik" mövzusunda tədbir keçirilib.
AMEA-nın Əsas binasında baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının gənc alimləri, eləcə də AMEA-nın professorları iştirak ediblər.
Tədbiri AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov açaraq "Heydər Əliyev və müasir elmi gənclik" mövzusunda çıxış edib. O, ümummilli lider tərəfindən intellektual nəslin formalaşması üçün silsilə addımların atıldığını, Azərbaycan gənclərinin dünyanın bir çox ölkəsində təhsil almağa göndərildiyini söyləyib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu keçirilib, həmçinin ölkəmizdə Azərbaycan Gəncləri Günü təsis edilib.
F.Salmanov, həmçinin H.Əliyevin gənclərin elmi-ictimai fəaliyyətinin artırılması, stimullaşdırılması, gənclərin milli ruhda tərbiyələndirilməsi, onların ölkənin mədəni irsi və tarixinin mənimsənilməsi, təbliği istiqamətində mühüm işlər gördüyünü və bu gün GAMŞ-ın öz fəaliyyətində ümummilli liderin sözügedən ideyalarından bəhrələndiyini vurğulayıb.
Onun sözlərinə görə, hazırda akademiyada ulu öndərin elmi ideyalarından irəli gələn vəzifələri əsas tutaraq gənclərin cəmiyyətdə rolunun önə çəkilməsi istiqamətində addımlar atılır, müsabiqələr və mükafatlandırma tədbirləri həyata keçirilir.
Ulu öndərin gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən F.Salmanov ölkəmizdə bu günə kimi gənclərlə bağlı iki Dövlət Proqramının başa çatdığını, hazırda isə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icra olunduğunu, eyni zamanda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın qəbul edildiyini xatırladıb. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradıldığını, Gənclər üçün Prezident Mükafatının təsis edildiyini söyləyib.
Tədbirdə, həmçinin AMEA-nın professorları - Rövşən Bəndəliyev, İlqar Məmmədov, Aynur Sabitova, Milli Azərbaycan Tarixi Muzeyinin GAMŞ sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və digərləri çıxış edərək ulu öndərin gənclər siyasətindən, bu gün ölkəmizdə elmə və təhsilə göstərilən dövlət qayğısından danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.