AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I kurs tələbələri ilə görüş keçirilib.
Rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev tələbələrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, hamiliyə götürülmüş tələbələrlə görüşlərdə əsas məqsəd gənclərin elmə marağının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.
Qulu Həziyev tələbələrə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan Batabat Astrofizika Rəsədxanasının strukturuna Naxçıvan şəhərindəki inzibati bina, Şahbuz rayonu ərazisində yerləşən Batabat stansiyası və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyası daxildir. Rəsədxananın elmi-tədqiqat istiqaməti komet, ulduz və asteroidlərin öyrənilməsidir.
Diqqətə çatdırılıb ki, Batabat stansiyasının əlverişli coğrafi mövqedə yerləşməsi burada bütün göy cisimlərinin, o cümlədən planetlərin, kometaların, asteroidlərin, ulduzların və yaxın qalaktikaların müşahidə edilməsinə və tətbiqinə imkan verir.
Daha sonra rəsədxananın elmi işçisi Ruslan Məmmədovun hazırladığı planetlərin və ayın ümumi görünüşü videogörüntü vasitəsilə nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.