Bu gün AMEA Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının (NMR) 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, Milli Məclisin deputatı, professorGövhər Baxşəliyeva elmi sessiyanın Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən təşkil edildiyini bildirdi. Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixində xüsusi yeri olduğunu vurğulayan G.Baxşəliyeva naxçıvanlıların daim milli mübarizədə ön sıralarda olduğunu, bu qədim diyarın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu vurğuladı.
Naxçıvan haqqında ətraflı məlumatlara orta əsr mənbələrindən etibarən daha çox rast gəlindiyini qeyd edən G.Baxşəliyeva bildirdi ki, institutda həmişə görkəmli alim və mütəxəssislər tərəfindən qədim diyarın tarixi və coğrafiyasının araşdırılmasına dair mühüm elmi-tədqiqat işləri aparılmışdır.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın çoxəsrlik dövlətçiliyi tarixində Naxçıvanın xüsusi yeri olduğunu qeyd etdi. Bildirdi ki, Naxçıvan tarixin ən müxtəlif dövrlərində, minilliklər boyu Azərbaycanın cənub-qərb ərazilərinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi uğrunda hər zaman mübarizə aparmışdır.
Akademik tarixi faktlara əsaslanaraq Naxçıvanın zəngin və qədim tarixi, mədəniyyəti və müasir inkişafı ilə bağlı ətraflı məlumat verdi. 3500 ildən çox yaşı olduğu söylənilən Naxçıvan şəhərinin tarixi coğrafiyasının öyrənilməsi istiqamətində Gəmiqayada beynəlxalq ekspedisiyada yerli və xarici mütəxəssislər tərəfindən aparılmış elmi-tədqiqat işləri barədə də danışdı.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə yaradılmış AMEA Naxçıvan Bölməsinin bu diyar haqqında yeni tədqiqatlar və çoxsaylı əsərlərin ərsəyə gəldiyini diqqətə çatdırdı.
Naxçıvanın misilsiz tarixi nailiyyətlərə imza atdığını xüsusi vurğulayan akademik NMR-in yaranması və keçdiyi şərəfli yolun Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti olduğunu bildirdi.
İsa Həbibbəyli bu gün ölkəmizin digər bölgələri kimi, muxtar respublikanın da sürətlə inkişaf etdiyini, ölkə rəhbərliyinin diqqət və qayğısı, muxtar respublika rəhbərliyinin yorulmaz fəaliyyəti nəticəsində yeni nailiyyətlərin əldə olunduğunu qeyd etdi.
Sonra “XVI yüzilliyin sonunda Osmanlı sənədlərinə görə Naxçıvan”, “Leksikoqrafiya sahəsində Fəxrəddin Hinduşah Naxçıvani və Məhəmməd bin Hinduşah Naxçıvaninin xidmətləri” mövzularında məruzələr dinlənildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.