Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.06.2019 09:38
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, büro üzvləri, elmi müəssisələrin rəhbərləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Akademik Nərgiz Axundova iclası giriş sözü ilə açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.

Sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli "Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər haqqında" mövzusunda elmi məruzə ilə çıxış edib. Alim arxeoloji tədqiqatların Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malik olduğunu bildirib, bu istiqamətdə aparılan araşdırmalardan danışıb. N. Müseyibli arxeoloji tədqiqatlara dövlət dəstəyi sayəsində ölkə üzrə genişmiqyaslı tədqiqatlar aparıldığını, bir sıra elmi nailiyyətlər əldə edildiyini, əvvəllər elmə məlum olmayan yüzlərlə abidələrin aşkara çıxarıldığını diqqətə çatdırıb. Müzakirədən sonra suallar cavablandırılıb, bölmə məruzənin dinlənilməsi üçün Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Gündəlikdə yer alan növbəti məsələ bölmə tərəfindən institut və təşkilatlara ünvanlanmış məktublarla bağlı olub. Müvafiq elmi müəssisələrə bu sənədlərə cavab verilməsi qaydaları ilə bağlı tapşırıqlar verilib.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) bir qrup əməkdaşının bölmənin Fəxri fərmanı ilə təltif edilməsi məsələsinə baxılıb. Bildirilib ki, bu il MEK-in yaradılmasının 95-ci il dönümüdür. Həmçinin 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə açılışı olan MEK-in yeni binasının istifadəyə verilməsindən 5 il ötür. MEK-in bu müddət ərzində səmərəli fəaliyyət göstərdiyi, akademik elmin təbliği istiqamətində mühüm işlər görüldüyü vurğulanıb, kitabxananın bölmə ilə sıx və səmərəli əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Sonra səmərəli fəaliyətlərinə görə MEK-in bir qrup əməkdaşına bölmənin Fəxri fərmanları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: