Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.06.2019 12:51
  • A-
  • A
  • A+

Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib

Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib

İyunun 22-də Şamaxı şəhərində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Şamaxı Rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət ediblər. Həmçinin dahi şair İmadəddin Nəsiminin büstü, qardaşı Şahxəndanın türbəsi və Mirzə Ələkbər Sabirin qəbri də ziyarət edilib.

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində baş tutan tədbiri Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açaraq Şamaxının qədim tarixi, böyük sənətkarları barədə danışıb, dahi mütəfəkkir İmadəddin Nəsiminin ədəbi yaradıcılığından, fəlsəfi baxışlarından bəhs edib. O, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını ədəbiyyatımıza göstərilən böyük diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək böyük Azərbaycan şairi İmadəddin Nəsiminin vətənində pakistanlı qonaqların iştirakı ilə keçirilən elmi sessiyanın əhəmiyyətindən danışıb. O, dövlətimizin başçısının müvafiq sərəncamlarından irəli gələrək AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfransların, elmi sessiyaların keçirildiyini, həmçinin mətbuatda İmadəddin Nəsimi yaradıcılığının təbliğ edildiyini, eləcə də azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini söyləyib.

İsa Həbibbəyli xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

Mütəfəkkir şair Nəsiminin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutduğunu deyən AMEA-nın vitse-prezidenti şairin şeirlərinin bədii quruluş və məzmunca orijinal və çox qiymətli olduğunu bildirib. Vurğulayıb ki, Nəsimi Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb.

Akademik İsa Həbibbəyli bu gün ədibin əsərlərinin daha dərindən tədqiq edilməsinin zəruriliyini vurğulayıb. O, Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyasının hazırlandığını və il ərzində nəşr olunacağını qeyd edib.

Tədbirdə professor Qəzənfər Paşayev “Ədəbiyyat və incəsənətdə Nəsiminin bədii obrazı”, filologiya üzrə elmlər doktoru, dosent Fəridə Əzizova “İmaddədin Nəsiminin soykökü və şəcərəsi”, filologiya üzrə elmlər doktoru Rəhim Əliyev “Nəsimi şeirinin sənətkarlığı”, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı “Azərbaycan ədəbiyyatında Nəsimi ənənələri” və filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov “Nəsimi və folklor” mövzularında məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: