İyunun 24-də AMEA-nın Əsas binasında Tarix İnstitutunun və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan tarixində erməni amili və onun tarixi kökləri” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlara və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir. 200 ildir ki, xalqımızın faciələrlə dolu bir tarix yaşadığını deyən alim bu qanlı tarixin ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlandığını diqqətə çatdırıb.
İnstitut direktoru Azərbaycan tarixçilərinin əsas məqsədinin real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaq olduğunu bildirib. O, Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövlətinin olmadığının sübut edildiyini vurğulayıb.
"İnstitutda İrəvan xanlığının tarixini və uydurma “böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap edilib. “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər kitablar müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb”, - deyə Y.Mahmudov qeyd edib.
Konfransda “Sovet dövlətinin Cənubi Qafqazdakı milli siyasətində erməni amili” mövzusunda məruzə ilə çıxış edən Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev vurğulayıb ki, sovet dönəmində erməni amilinin gücləndirilməsinə xüsusi qayğı göstərilib. Bildirib ki, 1948-1953-cü illərdə azərbaycanlılar Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya olunub və orada xaricdən gətirilmiş ermənilər yerləşdirilib. 1945-1985-ci illərdə Cənubi Qafqaza 150 mindən çox erməni köçürülüb.
Tədbirdə tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhrəmov, İlqar Niftəliyev, Kamran İsmayılov və başqaları çıxış edərək bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.