Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

15.07.2019 10:12
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı keçirilib

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Milli Məclisin deputatı Fazil Mustafa, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və digər şəxslər iştirak ediblər.

Tədbiri akademik Ramiz Məmmədov açaraq rəhbərlik etdiyi institutda aparılan tədqiqatlar barədə məlumat verib. Qeyd edib ki, bu gün Coğrafiya İnstitutunda Azərbaycanın landşaftının, geomorfologiyasının, iqliminin, hidrologiyasının, əhalisinin və s. öyrənilməsi istiqamətində araşdırmalar aparılır.

R.Məmmədov təqdimatı keçirilən ikicildliyin hazırlanması prosesindən danışaraq bildirib ki, müəlliflər dəfələrlə Naxçıvan Muxtar Respublikasına ezam olunub, regionda baş verən dəyişikliklər və əldə edilən nailiyyətlər haqqında məlumatlar toplayıb, tədqiqat işinə böyük məsuliyyətlə yanaşıblar. Alimin sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyi dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin müəllim-professor heyəti, bakalavrlar, magistrlər, doktorantlar və geniş oxucu kütləsi üçün əvəzedilməz etibarlı elmi  mənbədir.

İkicildlik haqqında geniş məlumat verən institutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov bildirib ki, vəsaitin birinci cildində zəngin təbii şəraitə və ehtiyatlara malik, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılıb, alternativ enerji mənbələri, qlobal iqlim dəyişmələrinin regional təzahürü, bölgənin iqliminin insan səhhətinə təsiri kimi məsələlər öz əksini tapıb. O, nəşrin ikinci cildinin isə Naxçıvanın sosial-iqtisadi coğrafiyasına həsr olunduğunu, kitabda miqrasiya problemlərinin, faydalı qazıntıların, yeni qəsəbələrin salınmasında landşaft planlaşdırılmasının müasir tələblərlə tədqiq edildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli isə çıxışında monoqrafiyanı ensiklopedik nəşr adlandırıb və müəlliflərin məsələyə qlobal yanaşaraq kitabda tarixi məlumatlara da geniş yer ayırdığını söyləyib. O, əsərdə Naxçıvanın qədim toponimlərinin tədqiq edilməsini yüksək qiymətləndirib və vəsaitdə bölgənin tarixi oğuz türklərinin yaşadığı diyar olmasının sübuta yetirildiyini bildirib.

Sonra millət vəkili Fazil Mustafa, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, BDU-nun  kafedra müdiri, professor Tapdıq Həsənov və digərləri çıxış edərək uzun müddət blokada şəraitində yaşamış Naxçıvana həsr olunan coğrafiya kitabının ciddi siyasi, strateji əhəmiyyət daşıdığını vurğulayıb, əsərin ingilis və rus dillərinə tərcümə olunaraq xarici ölkələrin kitab fondlarına göndərilməsinin vacibliyini qeyd ediblər.

Sonda tədbir iştirakçılarına təşəkkürünü bildirən akademik Ramiz Məmmədov “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin Azərbaycan iqtisadiyyatı və kənd təsərrüfatının inkişafında müsbət rol oynayacağını deyib.

Qeyd edək ki, vəsaitin birinci cildinin baş redaktoru akademik R.Məmmədov, elmi redaktorları - akademik İsmayıl Hacıyev və AMEA-nın müxbir üzvü Elbrus Əlizadədir. İkinci cildin baş redaktorları, akademiklər - Ramiz Məmmədov və İsmayıl Hacıyev, elmi redaktorları - coğrafiya üzrə elmlər doktoru Zakir Eminov və coğrafiya üzrə fəlsəfə doktoru Nizami Eyyubovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: