Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Riyaziyyat və astronomiyanın tarixi, mövcud vəziyyəti və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans öz işinə başladı
10.09.2014 00:00
  • A-
  • A
  • A+

“Riyaziyyat və astronomiyanın tarixi, mövcud vəziyyəti və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans öz işinə başladı

Bu gün AMEA-nın Əsas binasında ensiklopedik biliyə malik alim Nəsirəddin Tusinin vəfatının 740 illiyinə həsr olunmuş “Riyaziyyat və astronomiyanın tarixi, mövcud vəziyyəti və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans öz işinə başladı.

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Rusiya, İran, Özbəkistan və digər ölkələrin alim və mütəxəssisləri iştirak edirdi.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev mövzunun əhəmiyyətindən, Tusi yaradıcılığının Azərbaycan riyazi məktəblərinin formalaşmasına təsirindən danışdı. Şərqin böyük mütəfəkkiri və alimi Məhəmməd Nəsirəddin Tusinin irsindən, onun müxtəlif elm sahələrinin inkişafına verdiyi töhfələrdən, əsərlərinin akademiyanın əməkdaşları tərəfindən mütəmadi araşdırılmasından söz açdı. Akademiyada Nəsirəddin Tusi adına mükafatın təsis edildiyini söyləyən A.Hacıyev ilk dəfə fizika elmi sahəsində fundamental tədqiqatlarına və nailiyyətlərinə görə bu mükafata akademik Çingiz Qacarın layiq görüldüyünü bildirdi.

Tədbirdə çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov Azərbaycanda Tusi elmi yaradıcılığına göstərilən diqqətin təqdirəlayiq hal olduğunu bildirdi.

M.Mərdanov “Azərbaycanın böyük alimi Nəsirəddin Tusi haqqında” mövzusunda məruzəsində dahi alimin həyat və fəaliyyətindən ətraflı söz açdı. Bildirdi ki, Nəsirəddin Tusi 1201-ci ildə Tus şəhərində anadan olmuşdur. İlk təhsilini atasından alan böyük alim, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin - İbn Sina və Bəhmənyarın davamçılarının yanında hərtərəfli və dərin biliklərə yiyələnmişdir. Qısa vaxt ərzində elmi mühitdə məşhurlaşan Nəsirəddin Tusi dövrünün bir çox alimləri kimi, elmin müxtəlif sahələrini dərindən mənimsəmişdir. Onun qələmindən çıxan yüzdən artıq əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdur. Tusinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. O, bu sahələrdə aparılmış 20-dən artıq araşdırmanın müəllifidir.

Qeyd etdi ki, ulu öndər Heydər Əliyev Nəsirəddin Tusini dahi Azərbaycan alimi və mütəfəkkiri hesab etmiş, onun zəngin yaradıcılığı ilə yanaşı, böyük bir elmi məktəbin banisi kimi bütün dünyada şöhrət qazandığını hər zaman söyləmişdir. Məhz buna görə də N.Tusinin anadan olmasının 800 illiyinin UNESCO tərəfindən beynəlxalq hadisə kimi qiymətləndirildiyini nəzərə alan ümummilli lider 2001-ci ildə bu yubileyin dövlət miqyasında qeyd edilməsi haqqında xüsusi Fərman imzalamışdır.

M.Mərdanov N.Tusinin həyat və yaradıcılığını tədqiq edən bir sıra alimlərin onun Azərbaycan türkü olduğunu əsaslı dəlillərlə sübut etdiklərini də vurğuladı.

Daha sonra Beynəlxalq Elm Tarixi Akademiyasının akademiki, professor Sergey Demidov, Lozanna Politexnik Universitetinin professor Əhməd Cabbar, Britaniya İslam İrsi Mərkəzinin Mançester filialının prezidenti, professor Salim Aydüz və başqaları çıxış edərək konfransın işinə uğurlar arzuladılar.

Sentyabrın 12-də başa çatacaq konfransın bölmə iclasları Azərbaycan Universiteti və AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: