Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.09.2019 16:45
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin ümumi yığıncağı keçirilib

Bu gün AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamından irəli gələrək Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfransların, elmi sessiyaların keçirildiyini, həmçinin mətbuatda İmadəddin Nəsimi yaradıcılığının geniş təbliğ edildiyini bildirib. Vitse-prezident ölkə başçısının müvafiq sərəncamları ilə görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev və Məmmədcəfər Cəfərovun 110 illik yubileyləri çərçivəsində görülən və nəzərdə tutulan işlərdən də danışıb.

Bugünkü iclasda bölmənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutuNizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsini tutmaq üçün seçkilərin keçiriləcəyini deyən İsa Həbibbəyli elmi tədqiqat müəssisələrinin direktorluğuna namizədlərin öz qabaqcıl elmi tədqiqatları və əldə etdikləri nailiyyətləri ilə fərqlənən alimlər olduqlarını bildirib. Qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizəd həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür və səsvermənin nəticələri bölməyə daxil olur.

Bölməyə təqdim olunan sənədlərə baxılması məqsədilə texniki ekspertiza komissiyasının yaradıldığını deyən akademik HEB-in bugünkü iclasında gizli səsvermə yolu ilə seçkilərin aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcəyini bildirib.

Daha sonra ümumi yığıncağın sədri akademik Möhsün Nağısoylu, ekspertlər komissiyasının sədri akademik Muxtar İmanov və tərkibi seçilib.

Gizli səsvermə nəticəsində akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru seçiliblər.

Səsvermədə 20 bölmə üzvündən 14-ü iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: