AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan və Hindistan əlaqələrinin inkişafından danışıb. Akademik bildirib ki, AMEA-nın əksər institutlarının Hindistanla elmi əlaqələri var və hazırda rəhbərlik etdiyi müəssisədə Hindistan Tədqiqat Mərkəzi fəaliyyət göstərir, hind dili tədris olunur. İ.Həbibbəyli, həmçinin institut əməkdaşlarının hindistanlı həmkarları ilə birgə böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan kitab üzərində çalışdıqlarını söyləyib.
O, Cəvahirləl Nehru adına Hindistan Dövlət Universitetində Türk dili və ədəbiyyatı bölməsinin yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək, bu ölkəyə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Sonra Hindistan səfirliyinin Təhsil və mədəniyyət üzrə ikinci katibi Sujesh Chandra Sinha çıxış edərək hind dilinin tədrisini yüksək qiymətləndirib və gələcəkdə məşhur yazar Rabindranat Taqorla bağlı instituta materiallar təqdim edəcəyini vurğulayıb.
Daha sonra Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli 2016-cı ildən fəaliyyət göstərən şöbənin bu istiqamətdə bir sıra uğurlara imza atdığını söyləyib. O, institutda Hindistan ədəbiyyatı ilə bağlı dissertasiyaların yazıldığını nəzərə çatdırıb.
Sonda hind dilində şeirlər, mahnılar səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.