Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.10.2019 14:54
  • A-
  • A
  • A+

AMEA-da görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyi qeyd olunub

AMEA-da görkəmli şərqşünas alim Aida İmanquliyevanın 80 illik yubileyi qeyd olunub

Oktyabrın 9-da AMEA-nın Əsas binasında akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə II Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, professor Fərəh Əliyeva, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Xalq şairi Nəriman Həsənzadə, respublikanın şərqşünas alimləri və KİV nümayəndələri iştirak ediblər.

Konfransı akademik N.Axundova açaraq Aida İmanquliyevanın Azərbaycan elmində özünəməxsus yeri olan, görkəmli, unudulmaz şəxsiyyətlərdən biri olduğunu deyib. Qeyd edib ki, gənc yaşlarından elmə olan həvəsi alimi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə gətirib və o, zəngin biliyi, istedadı ilə ölkəmizdə bu sahənin inkişafına misilsiz töhfələr verib. N.Axundovanın sözlərinə görə, A.İmanquliyevanın tədqiqat əsərlərində Şərqin mənəvi ruhu ilə Qərbin rasional düşüncəsi ülvi surətdə sintez olunur və bu ideya hazırda ölkəmizdə multikultural dəyərlərin təbliğində baza rolunu oynayır.

Alim qeyd edib ki, bu gün A.İmanquliyevanın əsərləri cəmiyyətdə rəğbətlə qarşılanır və onun elmi ideyaları davamçıları tərəfindən uğurla davam etdirilir.

Sonra Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın "Filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın elmi yaradıcılığı" mövzusunda elmi məruzəsi dinlənilib. Akademik məruzəsində bildirib ki, A.İmanquliyevanın dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər qısa bir vaxt ərzində ona nəinki keçmiş Sovetlər Birliyində, hətta bir çox xarici ölkələrdə böyük şöhrət gətirib. Onun sözlərinə görə, A.İmanquliyeva zəngin istedadı, zəkası, qabiliyyəti sayəsində Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsindən direktor pilləsinə qədər yüksəlib. O, alimin 1989-cu ildə Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etdiyini, filologiya elmləri doktoru elmi dərəcəsini və bu ixtisas üzrə professor adını aldığını xatırladıb.

G.Baxşəliyeva alimin üç monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən artıq elmi məqalənin müəllifi olduğunu, Şərq filologiyası sahəsində yazılan bir çox əsərlərə redaktorluq etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Aida İmanquliyeva öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda dünya şərqşünaslığını zənginləşdirib və inkişaf etdirib: “Dünya şöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyevanın tədqiqatlarının sahəsi ərəb filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatıdır. Alimin çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə öyrənilməsi üçün çox mühüm zəmin yaradır və metodoloji əhəmiyyət daşıyır”.

Professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elmini dəfələrlə respublika hüdudlarından kənarda ləyaqətlə təmsil etdiyini deyən akademik görkəmli alimin yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasına daim diqqət yetirdiyini bildirib.

Daha sonra akademik Akif Əlizadə çıxış edərək alimin xatirəsinin ürəklərdə əbədi yaşadığını, əsərlərinin dönə-dönə oxunduğunu, tədqiq edildiyini, tərcümə olunduğunu, yenidən işıq üzü gördüyünü vurğulayıb. Bildirib ki, professor uzaqgörən şəxsiyyətlərdən biri olub, əsərlərində gələcəyə elmi körpü yaradıb.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru, professor Vilayət Cəfərovun "Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın İraq ədəbiyyatı haqqında" və filologiya üzrə fəlsəfə doktoru, dosent Fatma Məcidovanın "Azərbaycanda ərəb məhcər ədəbiyyatının ilk tədqiqatçısı" mövzusunda məruzələri dinlənilib.

Daha sonra Xalq şairi Nəriman Həsənzadə, Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Bəşarət Bəşirova və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər.

Bundan əlavə, konfransda şərqşünas alimin 1983-cü ildə  “Ön söz”ü ilə çap edilən “Ağ günlərin sorağında (İraq ədəbiyyatından seçmələr)” kitabının II nəşrinin təqdimatı da olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: