AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Bizi deyib gələn və bizimlə qalan Mirzə Cəlil" mövzusunda elmi sessiya keçirilib.
Tədbir çərçivəsində Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil olunub.
Sessiyanı muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq Prezident İlham Əliyevin "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 17 yanvar 2019-cu il tarixli Sərəncam imzaladığını xatırladıb, sözügedən sənədin ölkəmizin tarixi-ədəbi şəxsiyyətlərinə verilən dəyərin göstəricisi olduğunu bildirib. Qeyd edib ki, Mirzə Cəlilin dünyagörüşünün formalaşmasında hələ gənc yaşlarında ikən qəbul olduğu Qori Müəllimlər Seminariyası mühüm rol oynayıb və burada aldığı təhsil ona gələcəkdə böyük irs yaratmağa təkan verib.
C.Məmmədquluzadənin daim dram, hekayə, felyeton, povest və publisist yazılarında cəmiyyətin inkişafına mane olan nöqsanları qabartdığını deyən R.Hüseynov "Anamın kitabı", "Danabaş kəndinin əhvalatları", "Poçt qutusu", "Qurbanəli bəy" və s. əsərlərin bu qəbildən olduğunu söyləyib. Alim bildirib ki, gələcəyi görən şəxsiyyətlərdən olan Mirzə Cəlilin 1909-cu ildə yazdığı "Ölülər" dramında toxunulan mövhumat, cəhalət və xurafat kimi problemlərin təzahürlərinə bu gün müasir kommunikasiya dövründə belə rast gəlmək mümkündür.
C.Məmmədquluzadənin tarixi missiyasının yalnız ədəbi əsərləri deyil, eyni zamanda əsrəyə gətirdiyi "Molla Nəsrəddin" satirik jurnalı olduğunu deyən akademik R.Hüseynov nəşrin ilk sayının 7 aprel 1906-cı ildə Tiflisdə çıxdığını diqqətə çatdırıb. Qeyd edib ki, jurnalın proqram məqaləsində "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım" sözləri əksini tapıb və nəşr qısa müddətdə Qafqaz, Osmanlı, Orta Asiya, Çin, Hindistana qədər yayılıb, öz ətrafında demokratik düşüncəli insanları toplaya bilib.
R.Hüseynov ədibin sovet hakimiyyəti illərində məhdud özünüifadə imkanları çərçivəsində belə yazıb yaratdığı, yaradıcılığında daim cəmiyyətin problemlərini qabartdığı üçün xalq tərəfindən ona "Mirzə" ləqəbinin verildiyini söyləyib. Alim C.Məmmədquluzadənin zəngin irsinin Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov kimi elm xadimləri tərəfindən geniş tədqiq edildiyini və yazıçı haqqında sanballı əsərlərin ərsəyə gəldiyini vurğulayıb.
Tədbirdə, həmçinin muzeyin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yiğitoğlunun "Tarix "Molla Nəsrəddin"in gözü ilə" və qurumun baş fond mühafizi Ülviyyə Həsənovanın "Cəlil Məmmədquluzadə yadigarları" mövzusunda məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.