Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Öncə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən təltif olunmuş AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına mükafatlar, eləcə də AMEA-nın Xatirə nişanı, “Gənc kimyaçılar elmdə” müsabiqəsinin qaliblərinə isə sertifikatlar təqdim olunub.
Gündəlikdə yer alan elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları müzakirə olunub. Akademik Akif Əlizadə AMEA-nın nümayəndə heyətinin Bolqarıstan Elmlər Akademiyasının yaradılmasının 150 illik yubileyi ilə əlaqədar rəsmi mərasimdə iştirakı və səfər çərçivəsində keçirilən görüşlər haqqında məlumat verib. Bildirib ki, səfər çərçivəsində bu ölkənin vitse-prezidenti İliana İotova ilə görüş keçirilib. İki ölkə arasında mövcud elmi əməkdaşlığın müzakirə olunduğunu deyən akademik əlaqələrin bundan sonra daha da genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb. Akademik nümayəndə heyətinin Bolqarıstan Respublikasının energetika naziri Temenujka Petkova ilə görüşdüyünü və ona “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təqdim olunduğunu, Bolqarıstan Elmlər Akademiyasının Milli Təbiət Tarixi Muzeyinin ziyarət edildiyini diqqətə çatdırıb. Akademik Akif Əlizadə, həmçinin Bolqarıstan Dövlət Televiziyasına geniş müsahibəsində AMEA-nın son illərdəki fəaliyyəti, həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verdiyini əlavə edib.
İclasda AMEA-nın nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunlarına dair müvafiq qərar qəbul edilib.
Sonra Azərbaycan alimlərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) fəaliyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Tədbirdə, həmçinin “Elmi kadrlar” Milli İnformasiya Sistemi ilə bağlı məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev artıq sistemin yaradılmasına başlanıldığını deyib. AMEA-nın elmi müəssisələrində çalışan işçilərin bu sistemdə qeydiyyatdan keçiriləcəklərini söyləyən akademik qeyd edib ki, sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq. Vitse-prezident əlavə edib ki, sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək.
Sonra akademik Rasim Əliquliyev elmin populyarlaşdırılması sahəsində AMEA və Azərbaycan Dövlət Televiziyasının birgə fəaliyyətindən danışıb. Akademik 2016-cı ildə “Elm və innovasiya” elmi-publisistik proqramı təsis edildiyini xatırladaraq, verilişin üç ildən artıq müddət ərzində ölkəmizdə dövlətin elm sahəsindəki siyasətinin həyata keçirilməsi, akademiyanın qarşısında duran vəzifə və tapşırıqların icrası, elmi-innovativ layihələrin geniş müzakirəsi, elmi və texnoloji sferadakı yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın yüksəldilməsi istiqamətində uğurla fəaliyyət göstərdiyini bildirib. R.Əliquliyev Azərbaycan Dövlət Televiziyasında hər buraxılışı 45 dəqiqədən ibarət olan “Elm və innovasiya” verlişinin bu günədək 60 sayının yayımlandığını, proqramında Azərbaycan elminin müxtəlif istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrin respublikanın görkəmli elm xadimləri ilə geniş müzakirə edildiyini vurğulayıb.
Vitse-prezident onu da əlavə edib ki, AMEA ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında elmin populyarlaşdırılması istiqamətində həyata keçirilən uğurlu əməkdaşlığın davamı olaraq, bir sıra layihələrin, o cümlədən, “Elm və biznes” proqramının təsis edilməsi planlaşdırılır. Qeyd edib ki, proqram çərçivəsində elmi-innovativ fəaliyyət sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması və alimlərlə bisnes sektorunda çalışan şəxslərin sıx təmasının yaradılması üçün verilişlərin hazırlanması nəzərdə tutulur.
Rəyasət heyəti qeyd olunanları nəzərə alaraq, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi, ayrı-ayrı elm sahələrinə dair biliklərin geniş ictimaiyyətə çatıdırılması məqsədilə AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına məsələ ilə bağlı təkliflərini təqdim etmək tapşırığı verib.
İclasda AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev AMEA-nın fəaliyyətini tənzimləyən normativ-hüquqi xarakterli aktlar və daxili intizam qaydaları ilə bağlı çıxış edib.
Tədbirdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin tərkibi təsdiq olunub, nəşr üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramının hazırlanıb Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması məqsədəuyğun hesab edilib.
Həmçinin, akademiklər – Ramiz Məmmədovun 70, Arif Həşimovun 70, Ənvər Nəhmədovun isə 60 illik yubileylərinin qeyd olunması ilə bağlı qərarlar qəbul edilib. R.Məmmədovun yubileyinə həsr olunmuş elmi konfransın keçirilməsi, onun biblioqrafiyasının nəşri, A.Həşimov və Ə.Nəhmədovun yubileylərinə həsr olunmuş elmi sessiyaların keçirilməsi, eləcə də, onların elmi və elmi-təşkilati fəaliyyətləri ilə bağlı materialların kütləvi informasiya vasitələrində işıqlandırılmasına dair tapşırıqlar verilib.
Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın “Həyat elmləri və biotəbabət” jurnalının redaksiya heyətinin tərkibi təsdiq olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.