AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Çelyabinsk Dövlət Universitetinin və Rusiya Elmlər Akademiyasının (REA) Ural Şöbəsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun əməkdaşları elmi məruzələrlə çıxış ediblər.
Tədbirdə Çelyabinsk Dövlət Universitetinin Rusiya və xarici ölkələr tarixi kafedrasının professoru, arxeoloq Gennadi Zdanoviçin “Arkaim: Cənubi Uralda mədəni və təbii məkan” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Arkaim abidəsinin tədqiqat tarixi və nəticələri, qədim proto-şəhər tipli məskən əhalisinin mədəni və təsərrüfat həyatı və memarlığı, aparılan rekonstruksiyalar və abidənin digər elmi aspektləri mövzularına toxunulub.
REA-nın Ural Şöbəsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun baş elmi işçisi, paleozooloq Pavel Kosintsevin “Uralda arxeozooloji tədqiqatlar” mövzusunda məruzəsi isə bölgənin qədim flora və faunasına, qədim əhalinin maldarlıq və əkinçilik bilgiləri barədə elmi nəticələrə həsr olunub.
Çelyabinsk Dövlət Universitetinin Ekologiya fakültəsinin baş müəllimi Anna Plaksina “Çelyabinsk vilayətinin Arkaim abidəsi bazasında Uralarxası çöl ərazisinin tədqiqi və landşaftın GİS-xəritələşməsi” mövzusunda məruzə edib. O, tədbir iştirakçılarını bölgənin qədim və müasir landşaftının müasir texnoloji nailiyyətlər əsasında tədqiqi ilə tanış edib.
Məruzələr böyük maraqla qarşılanıb. Rusiyalı alimlər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Gələcəkdə azərbaycanlı və rusiyalı alimlərin arxeologiya və arxeometriya üzrə birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Sonda qonaqlar Arkaim qədim məskəninin tədqiqatları barədə kitabları azərbaycanlı həmkarlarına hədiyyə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.