AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli demokrat yazıçı və ictimai xadim, Azərbaycan ədəbiyyatında “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yazıçının həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. O, Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist olmaqla yanaşı, həm də böyük dramaturq və nasir kimi tanınır.
Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən böyük yazıçının 150 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini deyən Y.Bahadurqızı bu tədbirlərin böyük yazıçının dərin humanist məzmuna malik dram və nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini tanıtmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edib ki, Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində ictimai fikrin, bədii düşüncənin formalaşmasında mühüm rol oynayıb.
Sonra çıxış edən Kürdəmir şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva məruzə edərək Azərbaycanın milli dramaturgiyası tarixində Mirzə Fətəli Axundovdan sonra ən layiqli yerlərdən birini tutan Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhs edib. Bildirib ki, ədibin pyeslərində yaşadığı dövrün real hadisələri olduğu kimi təsvir edilib, adi ailə-məişət məsələləri əyani və bədii şəkildə ustalıqla qələmə alınıb.
Tədbirdə digər çıxış edənlər görkəmli yazıçı Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışıb, ölməz əsərləri ilə bağlı fikirlərini bildiriblər.
Daha sonra ədibin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.
Mərasimdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbin şagirdləri yazıçının “Müsəlman”, “Tapmaca”, “Bizim obrazovannılar”, “Sizi deyib gəlmişəm” felyetonlarını, “Nə bilim”, “Şapkanı görəndə”, “Nağıl”, “Dedilər” satirik şeirlərini söyləyiblər.
Şagirdlərin “Ölülər”, “Anamın kitabı” dram əsərlərindən hazırladıqları səhnəciklər də iştirakçılar tərəfindən alqışla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.