Dekabrın 2-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, Özbəkistan və Qazaxıstandan nümayəndələr iştirak edirlər.
Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhz bu Sərəncamın işığında həm respublikamızda, həm də onun hüdudlarından kənarda şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində ötən il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Nəsiminin büstünün açılışı olub, cari ildə isə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ədibin heykəli ucaldılıb.
Mütəfəkkir şair Nəsimi ilə bağlı AMEA-da həyata keçirilən tədbirlərdən danışan İ.Həbibbəyli bildirib ki, Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlarda şairə həsr olunan konfrans və elmi sessiyalar keçirilib, mətbuatda ədibin yaradıcılığı geniş təbliğ olunub.
Akademiyanın vitse-prezidenti vurğulayıb ki, İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə olub. Məhz ulu öndərin təşəbbüsü ilə şairin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, onun adı ilə bağlı beynəlxalq tədbirlər keçirilib, araşdırma və tədqiqat işləri aparılıb. Həmin illərdə görülən işlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olması nümayiş etdirilib.
Mütəfəkkir şairin Azərbaycan ədəbiyyatında mövqeyindən danışan İsa Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, müstəqillik dövründə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynayır. AMEA-nın vitse-prezidenti ötən il ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin davamçısı Məhəmməd Cövdət Nəsiminin və ailəsinin Azərbaycana gəldiyini, onların ata-baba yurdu olan Şamaxı şəhərini ziyarət etdiklərini və ölkəmizdə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında iştirak etdiklərini xatırladıb.
“Nəsimi kamil insan konsepsiyasının ədəbiyyatdakı ən böyük yaradıcılarından biridir”, – deyə bildirən İ.Həbibbəyli vurğulayıb ki, şairin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Böyük mütəfəkkirin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini vurğulayan alim Nəsiminin poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi təbliğ etdiyini bildirib.
Sonra konfrans çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tədbirdə Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev və Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov çıxış edərək bütövlükdə türk dünyasının dahi şairi və mütəfəkkiri olan Nəsimi ilə bağlı keçirilən konfransı yüksək qiymətləndirib, bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd ediblər.
Konfransda "Heykəltəraşlıq sənətində Nəsimi obrazı", "İmadəddin Nəsimi və Azərbaycan musiqisi", "Qazaxıstan təsviri sənətində Abay obrazı", "Nəsimi yaradıcılığı kitab qrafikasında", "Nəsimi poeziyası muğam-ozan ifaçılığı kontekstində", "Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq elmi konfrans dekabrın 3-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.