Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi

Sentyabrın 17-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər haqqında məlumat verdi. Azərbaycanın müasir tarixində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötdüyünü xatırladan AMEA prezidenti müqavilənin Azərbaycan Respublikasında milli neft strategiyasının əsasını qoyduğunu vurğuladı. Bildirdi ki, son 10 ildə Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan elmində mühüm nailiyyətlər əldə olunmuşdur. Akademiyanın bir çox müəssisə və təşkilatlarının binalarında aparılan əsaslı təmir işləri, yeni binaların tikilib istifadəyə verilməsi həyata keçirilən ardıcıl siyasətin nəticələridir. Azərbaycanın regionun qabaqcıl elm mərkəzinə çevrilməsi üçün hər bir şəraitin olduğunu vurğulayan akademik A.Əlizadə bildirdi ki, ölkə alimləri Prezidentin çağırışlarını özlərinin elmi fəaliyyətlərinin strateji hədəfi kimi qəbul etməli, bundan sonra da bu istiqamətdə fəaliyyətlərini genişləndirməlidirlər.

Sonra iclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının illik fəaliyyət planının təsdiq edilməsi haqqında qərar qəbul edildi. Planda müxtəlif elmi festival, konfrans, seminar, həmçinin treninq və müsabiqələrin təşkili nəzərdə tutulub. Gənc alim və mütəxəssislər üçün adlı mükafatın, Türkdilli ölkələrin Gənc Alim və Mütəxəssislər Şurasının təsis edilməsi, MDB ölkələrinin elmlər akademiyalarının müvafiq şuraları ilə əlaqələrin qurulması, “Azərbaycanın gənc alimləri” adlı broşürlərin Azərbaycan və ingilis dillərində hazırlanması kimi vacib məsələlər də plana daxildir. Gənc alim və mütəxəssislərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə yay və qış məktəbləri, müxtəlif idman yarışlarının təşkili də perspektiv məsələlərdəndir.

İclasda, həmçinin Əməkdar elm xadimi, kimya üzrə elmlər doktoru, akademik Məhərrəm Məmmədyarovun 90, görkəmli ədəbiyyatşünas alim, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun 60, AMEA-nın müxbir üzvü Elmira Ramazanovanın isə 80 illik yubileyləri ilə əlaqədar müvafiq qərarlar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: