Dekabrın 10-da AMEA Rəyasət Heyətində “Heydər Əliyev: Ümummilli lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə müstəqil dövlətçilik uğrunda mübarizənin lideri və dövlət müstəqilliyinin əsaslarını yaratmış görkəmli dövlət xadimi kimi daxil olduğunu söyləyib.
Akademik Ramiz Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir. Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Bu böyük şəxsiyyət bütün fəaliyyəti boyu həmişə dünyadakı və ölkəmizdəki prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini hər şeydən üstün tutub, taleyüklü qərarlar qəbul edib. Həmin qərarları həyata keçirməkdə qətiyyət nümayiş etdirib. Ulu öndər ən çətin zamanlarda da daim xalqı öz arxasınca aparmağı bacarıb. Bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevə ümummilli liderlik statusu qazandırıb.
AMEA-nın prezidenti diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yeni Azərbaycanın yaradıcısıdır. Ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə irəli sürdüyü azərbaycançılıq siyasəti ölkəmizdə yaşayan bütün xalqları və etnik qrupları öz ətrafında birləşdirən, ictimai-siyasi sabitliyə təminat verən dövlət ideologiyasının əsaslarını təşkil edir. Ümumiyyətlə, ümummilli liderin müstəqil dövlətçilik idealları Azərbaycan dövlətinin strateji inkişafının ana xətlərindən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyəti ilə Heydər Əliyev təlimi inkişafda olan zamanla əlaqədar olaraq daim yeniləşir və zənginləşir. Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasını zamanın yeni çağırışlarına uyğun olaraq böyük qətiyyətlə irəli aparmaqda davam edir. Bu gün müstəqil Azərbaycan Respublikası dünyanın sürətlə və hərtərəfli şəkildə inkişaf edən ölkələrindən birinə çevrilib və beynəlxalq aləmdə söz sahibi nüfuzu qazanıb.
Akademik Ramiz Mehdiyev bildirib ki, ölkəmizdə keçirilən Heydər Əliyev xatirə günləri xalqımızın dahi liderinin müqəddəs ruhu qarşısında hesabatıdır. Müstəqil Azərbaycan Respublikası hesabatdan-hesabata inkişaf edərək daha böyük hədəflərə doğru şərəfli bir yol keçir.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ümummilli liderlik miqyası və missiyası” mövzusunda məruzə ilə çıxış edib. Akademik İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı əvəzsiz rolundan danışıb. Bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq dahi rəhbər Heydər Əliyev ümummilli lider səviyyəsini fəth edib. Məhz ulu öndər Heydər Əliyevin çoxillik siyasi və dövlətçilik fəaliyyəti sayəsində Azərbaycanda dövlət rəhbərliyi ümummilli lider statusu qazanıb. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin çoxəsrlik tarixində birinci ümummilli liderdir. Ümummilli liderlik Heydər Əliyevin milli dövlətçilik istedadının ardıcıl və məqsədyönlü fəaliyyətinin mühüm nəticəsidir.
İ.Həbibbəyli vurğulayıb ki, ulu öndər Heydər Əliyev universal zəka sahibi olan görkəmli dövlət xadimi idi. O, fəaliyyətinin bütün dövrlərində həmişə mənsub olduğu xalqın azadlığı və tərəqqisi üçün çalışıb, xalqını və ölkəsini ümummilli idealların işığında böyük hədəflərə doğru aparıb.
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasından söz açan İ.Həbibbəyli bildirib ki, dünya şöhrətli siyasətçi xalqının gələcəyini qabaqcadan görmək və ölkəsini həmin ideal gələcəyə doğru aparmaq qabiliyyətinə malik olub. Hələ Sovet hakimiyyəti illərində, kommunist ideologiyasının hakim olduğu şəraitdə ulu öndər Heydər Əliyevin azərbaycançılıq siyasətini addım-addım həyata keçirməsi, milli-mənəvi dəyərləri ön mövqeyə çəkməyi bacarması nəticə etibarilə xalqda müstəqil dövlətçilik şüurunun formalaşdırılmasında mühüm rol oynayıb.
İsa Həbibbəyli diqqətə çatdırıb ki, dahi lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Respublikası Ali Sovetinin iclasında üçrəngli dövlət bayrağının ölkəmizin dövlət bayrağı kimi qəbul edilməsinə nail olması da xalqın milli azadlığı uğrunda gedən proseslərdə bu böyük dövlət xadiminin zamanı qabaqlamaq missiyasını həyata keçirib. Görkəmli dövlət xadimi Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdən biridir ki, o, həm 1978-ci ildə, həm də 1995-ci ildə iki dəfə ölkəsinin dövlət Konstitusiyasının hazırlanıb qəbul edilməsinə nail olub.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik dövründə də xalqımızı cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böhrandan çıxarıb, yeni inkişaf yoluna çatdırıb. Ulu öndər dövlətçilik fəaliyyətinin bütün dövrlərində həyatını doğma xalqına həsr edib, ümumxalq ehtiramı qazanıb. O, dövlətinin strategiyasını, yaxın və uzaq gələcək üçün inkişaf istiqamətlərini müəyyən etmək mənasında da ümummilli lider olub. Ümummilli liderlik Heydər Əliyevə Azərbaycan xalqının həm tarixində, həm də gələcək taleyində əbədiyaşarlıq qazandırıb.
Tədbirdə “Heydər Əliyev: Azərbaycan tarixi və müasir dövr” mövzusunda çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi lider Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyev yeni Azərbaycanın qurucusudur.
Y.Mahmudov qeyd edib ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dünya şöhrətli məzunudur. Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara baxmayaraq, məhz ulu öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni başlanğıcın, milli-mənəvi dirçəlişin əsasını qoyub.
İnstitut direktoru unudulmaz şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə himayədarlıq etdiyini, bu sahədə çalışanlara, xüsusilə tarixçilərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladıb. Vurğulayıb ki, Azərbaycan tarixinin dövrləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin miqyasının çox böyük olduğunu vurğulayan alim rəhbərlik etdiyi qurumda 2008-ci ildən “Əliyevşünaslıq” şöbəsinin fəaliyyət göstərdiyini, burada dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Heydər Əliyev və Azərbaycanda qadın hərəkatı” mövzusunda məruzəsi dinlənilib.
Akademik İ.Hüseynova bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Dahi şəxsiyyət respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb, onun imzaladığı müvafiq sərəncam və fərmanlar qadın hüquqlarının müdafiəsinə yönəldilib.
“Ulu öndərin ölkəmizdə qadın siyasətinin əsas məsələlərindən biri cəmiyyət həyatının ən önəmli sahələrində, o cümlədən elm və təhsil sistemində qadınların layiqli iştirakına dəstək göstərilməsindən ibarət idi. Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlandı. Azərbaycan qadınlarının hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Bu gün Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir”,- deyə İradə Hüseynova bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.