Dekabrın 27-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimat mərasimi keçirilib.
Tədbir çərçivəsində, həmçinin muzeyin direktoru, akademik Rafael Hüseynovun “Məkansız və zamansız Nəsimi” kitabı ictimaiyyətə təqdim edilib.
Mərasimdə çıxış edən akademik Rafael Hüseynov 2019-cu ilin ölkəmizin tarixində bir sıra əlamətdar hadisələrlə yadda qaldığını söyləyib.
Bu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu xatırladan R.Hüseynov dahi mütəfəkkirin 650 illik yubileyi ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin keçirildiyini, şairin zəngin irsi, fəlsəfi poeziyası, ustad sənətkarlığı haqqında dəyərli əsərlərin nəşr olunduğunu bildirib.
"Son yarım əsrdə Nəsiminin yubileyi üç dəfə UNESKO səviyyəsində qeyd olunub" - deyən alim 1973-cü ildə şairin anadan olmasının 600, 2017-ci ildə vəfatının 600, 2019-cu ildə isə anadan olmasının 650 illik yubileyinin keçirildiyini bildirib. O, Nəsiminin yaradıcılığının ilk dəfə 1926-cı ildə Salman Mümtaz tərəfindən Azərbaycan oxucusuna təqdim olunduğunu, şeirlərinin kitab şəklində dərc etdirildiyini diqqətə çatdırıb.
Rafael Hüseynov qeyd edib ki, Ədəbiyyat Muzeyi də “Nəsimi ili”nə öz töhfələrini verib. Belə ki, bir çox jurnal və elmi nəşrlərdə muzeyin əməkdaşlarının dahi mütəfəkkir Nəsimi ilə bağlı məqalələri dərc edilib. Bu məqalələr təkcə Azərbaycan, türk, rus, ingilis, ispan dillərində deyil, həmçinin müxtəlif dillərdə nəşr olunub. Eyni zamanda, muzey tərəfindən Nəsimiyə həsr olunan təqvim, plakat buraxılıb.
Alim vurğulayıb ki, Nəsimi taleyini və dühasını dünya ictimaiyyətinə çatdıran belə qiymətli əsərlərindən biri də “Məkansız və zamansız Nəsimi” kitabıdır. O, müəllifi olduğu kitabın Azərbaycanın bədii söz və düşüncə tarixinin zirvə şəxsiyyətlərindən olan, öz dövrünün və sonrakı əsrlərin türkdilli poeziyasının da, fəlsəfi fikrinin də inkişafına güclü təsir göstərən İmadəddin Nəsiminin 650 illiyinə həsr edildiyini bildirib. Qeyd edib ki, dörd dildə - Azərbaycan, rus, ingilis və türk dillərində çap olunan bu nəşr təkcə ölkə miqyasında deyil, dünya elmi hüdudlarında artmaqda olan nəsimişünaslığa əvəzsiz töhfədir.
Ədəbiyyat Muzeyinin “Risalə” elmi araşdırmalar jurnalının çapdan çıxmış yeni nömrələri barədə də məlumat verən R.Hüseynov bildirib ki, Azərbaycan, eləcə də Yaxın və Orta Şərq xalqları ədəbiyyatının müxtəlif mövzu və məsələlərinə dair tədqiqatların yer aldığı jurnalda muzey əməkdaşlarının, gənc alim və tədqiqatçıların ən müxtəlif elmi mövzulara dair əsərləri elmi ictimaiyyətə təqdim olunur. Məqalə müəllifləri arasında elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçılar var.
Akademik R.Hüseynov humanitar elmlərin tədqiqi üzrə dəyərli mənbələrdən hesab olunan “Risalə” jurnalının artıq beynəlxalq standart seriya nömrəsi ilə çap olunduğunu və Amerikanın “EBSCO” beynəlxalq elektron məlumat bazasına daxil edildiyini deyib.
Tədbirdə məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələri paylanılıb və tədqiqat mövzuları ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.