Danimarkanın Nils Bor İnstitutu və Yaponiyanın Milli Astronomik Rəsədxanasının tədqiqatçıları insanlara məlum qalaktikalar arasında məhv olmaq üzrə olan ən uzaq qalaktikanı aşkar ediblər. O, Yerdən təxminən 12 milyard işıq ili məsafədədir.
popmech.ru saytının məlumatına əsasən, aşkar edilmiş qalaktika trilyondan çox ulduzdan ibarətdir və Günəş sisteminin daxil olduğu Süd Yolundan daha böyükdür. Tədqiqatlar göstərir ki, bu kimi sistemlərin “nüvəsi” Böyük Partlayışdan 1,5 milyard il sonra, başqa sözlə, təxmin edilən zamandan milyard il əvvəl formalaşıb.
Alimlər qeyd edir ki, yeni tapılmış qalaktika kainatın formalaşması haqqında bilikləri təkmilləşdirəcək. Həmçinin güman olunur ki, o, astronomlar tərəfindən istifadə olunan kompüter modellərinin yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaq.
Bu tədqiqata həsr olunmuş iki məqalə “Astrophysical Journal Letters” və “Astrophysical Journal”da dərc edilib.