Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.01.2020 19:15
  • A-
  • A
  • A+

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin hesabatları dinlənilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin hesabatları dinlənilib

Yanvarın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – Botanika İnstitutunun direktoru, akademik Validə ƏlizadəGenetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal ƏkpərovDendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq MəmmədovTorpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovaya yubiley medallarını təqdim edib.

Tədbiri giriş sözü ilə açan akademik Ramiz Mehdiyev iclasda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Lənkəran Regional Elmi Mərkəzinin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətlərini əks etdirən hesabatlarının dinləniləcəyini bildirib.

Sonra AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, akademik İradə Hüseynova bölmənin hesabatını təqdim edib. Akademik diqqətə çatdırıb ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları, AMEA rəhbərinin sərəncamları, AMEA-nın Ümumi yığın­cağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb.

Akademik İradə Hüseynova bölmənin institutlarında biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi, səmə­rəli istifadəsi və məlumat bazalarının yaradılması, bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom və pro­teom tədqiqatları, yeni biotexnologiyaların fundamental əsaslarının işlənilməsi, patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının hazırlanmasında, reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi və digər istiqamətlər üzrə aparılmış tədqiqatlar barədə məlumat verib. Bildirib ki, ötən il 18 problem, 90 mövzu, 267 iş üzrə tədqiqatlar aparılıb, 29 mövzu və 111 iş tamamlanıb. Akademik tədqiqatların nəticələri üzrə 8 işin tətbiq olunduğunu da diqqətə çatdırıb. O, AMEA-nın Rəyasət Heyəti tərəfindən maliyyələşdirilən və fundamental elmi problemlərin həllinə yönəldilmiş beş multidissiplinar elmi tədqiqat proqramının müvəffəqiyyətlə icra olunduğunu bildirib.

Akademik İradə Hüseynova 2019-cu ildə bölmənin institutlarında aparılmış tədqiqatlardan alınmış 15 ən mühüm nəticədən bəzilərini Rəyasət Heyəti üzvlərinin və qonaqların diqqətinə çatdırıb, eyni zamanda bölmədənkənar tibb və aqrar elm və təhsil müəssisələrində əldə edilmiş elmi nəticələr haqqında məlumat verib.

Elmi müəssisələrin əməkdaşlarının 2019-cu ildə müxtəlif respublika və xarici beynəlxalq qrant layi­hələrində iştirak etdiyini deyən məruzəçi vurğulayıb ki, alimlər müxtəlif fondlar tərəfindən maliyyələşdirilən və 25-i xarici alimlərlə birgə olmaqla 50 layihə əsasında tədqiqat aparıblar. Hesabat ilində bölmənin institutları tərəfindən 2-si xaricdə olmaqla 11 patent alınıb.

Bölmənin nəşriyyat fəaliyyətindən danışan akademik bildirib ki, 2019-cu ildə 991 elmi əsər, o cümlədən 4-ü xaricdə olmaqla 16 kitab, 4-ü xaricdə olmaqla 17 monoqrafiya nəşr edilib. Elmi müəssisələrin əməkdaşları hesabat ilində 338-i xaricdə olmaqla 594 məqalə dərc etdiriblər ki, bunların da 148-i impakt faktorlu jurnallarda işıq üzü görüb. 224-ü xaricdə olmaqla 364 tezis, həmçinin 7 dərslik və elmi-kütləvi nəşr dərc olunub, 3072 istinad qeydə alınıb.

Kadr hazırlığı məsələsinə də toxunan akademik İ.Hüseynova qeyd edib ki, 2019-cu ildə bölmə institutlarında doktoranturada fəlsəfə doktorluğu üzrə 52 nəfər, elmlər doktorluğu üzrə 22 nəfər təhsil alıb, 24 nəfər isə doktoranturanı bitirib, 9 elmlər, 16 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb. Eyni zamanda, dissertanturada fəlsəfə doktorluğu üzrə 94, elmlər doktorluğu üzrə 38 nəfər tədqiqat aparıb.

Hesabat ilində bölmənin institutları üzrə 25 nəfərin magistraturaya qəbul olunduğunu deyən akademik 20 nəfərin magistraturanı bitirdiyini və hazırda 40 nəfərin təhsilini davam etdirdiyini vurğulayıb.

Elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər haqqında məlumat verən akademik bildirib ki, hesabat ilində ölkənin bir sıra universitetinin müvafiq kafedraları ilə əlaqələr genişləndirilib və institutların əksəriyyətində universitetlərin baza kafedraları və filialları fəaliyyət göstərir.

Akademik İradə Hüseynova bölmənin beynəlxalq əməkdaşlıq fəaliyyətindən də danışıb: “Bölmə institutlarında 9 beynəlxalq laboratoriya fəaliyyət göstərir. 40-dan çox ölkənin 80-ə yaxın elmi tədqiqat və təhsil müəssisələri, genbankları, nəbatat bağları ilə, eləcə də beynəlxalq mərkəz və təşkilatlarla elmi əlaqələr genişləndirilib, 14 yeni müqavilə bağlanıb. Bölmə institutlarının 70-dən çox əməkdaşı 38 beynəl­xalq konfrans və simpoziumda məruzələrlə çıxış ediblər”.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, bölməyə daxil olan institutların rəhbərləri və başqaları iştirak ediblər.

Müzakirələrdən sonra Rəyasət Heyəti bölmənin 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təsdiq edib və mühüm nəticələrin AMEA Rəyasət Heyətinin hesabatına salınmasını qərara alıb. Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmə­rəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, kompüter biologiyası, maşınöyrənmə üsullarının, süni intellektin biologiya və təbabətdə tətbiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi istiqamətlərində tədqiqatların aparılması məqsədəuyğun hesab edilib. Bölməyə müvafiq institutlarda Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində aqrar sektorun aktual problemlərinin həlli, bu məqsədlə molekulyar-bioloji, genetik yanaşmaların və biomühəndisliyin fundamental əsaslarının işlənib hazırlanması istiqamətində fəaliyyətlərin gücləndirilməsi, elmi müəssisələrdə ətraf mühitin mühafizəsi, respublikanın başlıca ekosistemlərinin, bioloji müxtəlifliyinin, nadir və nəsli kəsilməkdə olan növlərin kompleks multidissiplinar tədqiqi, bərpası və səmərəli istifadəsində müasir yanaşmaların, riyazi və molekulyar-genetik metodların tətbiqinə diqqətin artırılması və s. istiqamətlərdə tapşırıqlar verilib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, aqrar elmləri doktoru Fərman Quliyev ötən il qurumda altı mərhələdə iki problemi əhatə edən beş mövzu üzrə beş işin yerinə yetirildiyi, iki mövzu üzrə iki işin isə altı mərhələdə başa çatdırıldığını bildirib.

Fərman Quliyev Lənkəran-Astara bölgəsində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, mühafizəsi, bərpası, hərtərəfli öyrənilməsi, yeni sortların yaradılması, həmçinin Lənkəran-Astara bölgəsinin floristik tərkibi, müxtəlifliyi və xüsusiyyətlərinin öyrənilməsi üzrə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, tədqiqat işləri nəticəsində 50-dən çox çay forma-klonunun morfoloji, bioloji xüsusiyyətləri, keyfiyyət göstəriciləri hərtərəfli qiymətləndirilib, bir sıra xüsusiyyətlərinə görə nəzarəti üstələyən dörd sort rayonlaşdırılaraq patentləşdirilib. Bundan əlavə, yeni yaradılmış limon və naringi sort-formaları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib və hazırda müvəffəqiyyətlə sınaqdan keçirilir.

Azərbaycanın cənub-şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, fond və muzeyinin yaradılması, numizmatik materialların kataloqlaşdırılaraq elmi dövriyyəyə daxil edilməsi istiqamətində görülən işlərdən söz açan Fərman Quliyev Lənkəran və Lerik rayonu ərazilərində arxeoloji abidələrdə kəşfiyyat işlərinin aparıldığını və bir çox yeni abidələrin müəyyən edildiyini vurğulayıb.

LREM-in nəşriyyat fəaliyyətinə də toxunan direktor bildirib ki, hesabat ilində mərkəz əməkdaşları tərəfindən 10 elmi əsər, o cümlədən bir kitab, biri xaricdə olmaqla səkkiz məqalə və bir tezis dərc olunub, alimlərin elmi əsərlərinə 20 dəfə istinad edilib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb. Müzakirələrdən sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2019-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat təsdiq edilib, mərkəzə gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik olunub, tarix elmləri doktoru Nəcəf Müseyibli AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: