Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2020 19:50
  • A-
  • A
  • A+

Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda müzakirələr aparılıb

Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda müzakirələr aparılıb

Fevralın 13-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük beynəlxalq konfransın açılışı olub.

Tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov konfransın mövzusunun aktuallığından danışıb. Qeyd edib ki, rəqəmsal iqtisadiyyat və “Sənaye 4.0” konsepsiyası dünya iqtisadiyyatının gələcək inkişafı, milli iqtisadiyyatların dayanıqlı, innovativ və rəqabətqabiliyyətli inkişafı ilə bağlı tamamilə yeni müzakirələri gündəmə gətirib. Rəqəmsal inqilab həyatımızı və yaşadığımız cəmiyyəti görünməmiş dərəcədə yüksək sürətlə və böyük miqyasda transformasiyaya məruz qoyaraq geniş imkanlar yaradır. 

Rektor vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı zamanı Davos İqtisadi Forumunun Regional Mərkəzinin Bakıda açılması ilə bağlı əldə olunmuş razılıq Azərbaycanda IV sənaye inqilabına, o cümlədən yüksək texnologiyalara, rəqəmsallaşmaya verilən önəmin bariz nümunəsidir.

Sonra çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, bu istiqamətdə elektron hökumətin yaradıldığını, nazirlik tərəfindən müxtəlif istiqamətlər üzrə 68 xidmətin elektronlaşdırıldığını, ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyasının reallaşdırıldığını bildirib.

Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadiyyatı ölkənin bütün sahələrində inkişafa nail olunmasına təkan verir. Rəqəmsal inqilabın sürətlə inkişaf etməsi rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ciddi addımlar atmağı tələb edir. Konfransda aparılan müzakirələr, fikir mübadiləsi rəqəmsal iqtisadiyyat sahəsində mühüm nəticələr ortaya qoyacaq.

Təhsil nazirinin müavini İdris İsayev isə çıxında bildirib ki, rəqəmsal inqilabın tələblərinə cavab vermək üçün Azərbaycanda təhsil sahəsində mühüm işlər görülüb. Hazırda ölkənin 6 bölgəsində 123 məktəbi əhatə edən rəqəmsal bacarıqlar layihəsi icra olunur. Bu layihəyə 70 mindən çox şagird cəlb olunub. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən amillərdən söz açıb. Nazir müavini bu istiqamətdə infrastrukturun modernləşdirilməsinin, müasir texnologiyaların tətbiqinin, internet istifadəçilərinin sayının artmasının, elektron ticarətin genişlənməsinin əsas rol oynadığını bildirib. O, Azərbaycanın 3G şəbəkəsi göstərici üzrə dünyanın orta göstəricisindən öndə olduğunu, hazırda isə 4G şəbəkəsinin genişləndirildiyini deyib. 

Daha sonra konfrans işini 4 mövzu üzrə bölmə iclaslarında davam etdirib. İclaslarda dövlət idarəetməsinin rəqəmsal transformasiyası, rəqəmsal əməkdaşlığa regional baxış, maliyyə sektorunun rəqəmsallaşması, sosial sahələrin və təhsilin rəqəmsal transformasiyasına dair müzakirələr aparılıb.

Qeyd edək ki, konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib. Tədbir çərçivəsində “Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, “Rəqəmsal əməkdaşlığa regional baxış”, “Maliyyə sektorunun rəqəmsallaşması”, “Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, “Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər” və digər mövzularda məruzələr dinlənilib. 

Konfransda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: