Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2020 11:23
  • A-
  • A
  • A+

AMEA-nın 75 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb

AMEA-nın 75 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib.

Tədbirdə elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədov çıxış edərək AMEA-nın 75 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, plana əsasən institutun ictimai təşkilatlarının son 5 ildəki fəaliyyəti haqqında hesabatların hazırlanması, mühüm nəticələr əldə etmiş şöbələrin elmi-tədqiqat işləri ilə bağlı seminarların təşkili və institutun “Coğrafiya və təbii resurslar” elmi-populyar jurnalının növbəti buraxılışının AMEA-nın 75 illik yubileyinə həsr edilməsi nəzərdə tutulub.

Direktor institutun son 5 ildəki fəaliyyəti barədə məlumat verərək, müəssisə tərəfindən “Azərbaycan Respublikasının coğrafiyası” adlı fundamental üçcildlik monoqrafiyanın, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin və “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildinin çapdan çıxdığını bildirib. Vurğulanıb ki, institutun əməkdaşlarının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, alimlər Azərbaycan Respublikasının Dövlət mükafatına, elmi müəssisənin rəhbəri isə “Şöhrət Ordeni”nə layiq görülüb.

R.Məmmədov qeyd edib ki, görülən mühüm işlərdən biri isə Xəzər Elmi Şəbəkəsinin yaradılmasıdır. Belə ki, Xəzər dənizi üzrə yüksəkixtisaslı beynəlxalq mütəxəssislər bir araya gəliblər. Alimlərimiz tərəfindən dənizin kompleks tədqiqi üzrə proqram işlənib hazırlanıb. İqlim dəyişmələri, onların insana və ətraf mühitə təsiri, landşaft planlaşdırılması, dövlət əhəmiyyətli rəqəmsal xəritələrin hazırlanması və digər sahələrdə coğrafiyaçılarımız böyük nailiyyətlər əldə ediblər.

Tədbirdə institutun Həmkarlar Təşkilatının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, Qadınlar Şurasının sədri Luiza Salayeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova rəhbəri olduqları təşkilatların son 5 ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: