Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirildi.
Büro üzvləri, institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, FRTEB-nin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Tədbirdə AMEA-nın müxbir üzvü Geylani Pənahov “Neftçıxarmanın intensivləşdirilməsi üçün innovasiya texnologiyaları” mövzusunda məruzə ilə çıxış etdi. G.Pənahov son illər Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz mexanikası” şöbəsində neftqazçıxarma sənayesində əmələ gələn həlli çətin olan problemlərin aradan qaldırılması və laylarda sıxışdırma zamanı qalıq zonalarından neftin çıxarılmasını təmin edən innovasiya texnologiyalarının yaradılması istiqamətində bir sıra mühüm işlər görüldüyünü nəzərə çatdırdı. Bildirdi ki, bu istiqamətlərdə 6 qrant layihəsi yerinə yetirilmiş və 60-dan çox patent alınmışdır.
Məruzədə neftqazçıxarma sənayesində bir çox proseslərdə yaranan çətinliklər aşkarlanaraq onların həlli yolları əsaslandırıldı. Tədqiqatlar nəticəsində reofiziko parametrləri tənzimlənən kompozit tərkiblər yaradılaraq bunların müxtəlif modefikasiyaları ilə quyularda qazıma işlərində və sementləmədə və istismarda texnoloji proseslərdə yaranan problemlərin aradan qaldırılmasının təmin edilməsi göstərildi. Bu işlərin ABŞ-ın Meksika körfəzində, RF-nin Almetyevsk şəhərində, Qərbi Sibirdə- Samotlar, Pokamas, Uryev, Nivaqol, Fyodorovsk, Lyantor yataqlarında, Penn vilayətinin Polaznaneft NQCi-də, Azərbaycanda Binəqədi, Neft Daşları, 28 May, Abşeron, Qum Adası, Sənqəçal, Bulla-dəniz yataqlarının 100-lərlə quyularında müxtəlif proseslər zamanı və neft-qaz kəmərlərində müvəfəqiyyətlərlə həyata keçirilməsi haqqında məlumatlar dinlənildi.
G.Pənahov bildirdi ki, qeyd olunan tədqiqatlara 10-dan artıq ixtira patenti alınmışdır.
Məruzədə laylarda qalıq neftlərin çıxarılması ilə əlaqədar mövcud olan texnologiyalar haqqında ətraflı məlumat verildi, həmçinin tədqiq edilmiş və tətbiqə çatdırılmış innovasiya texnologiyaları müzakirə olundu. Qeyd olunan texnologiyaların neft-qazçıxarma sənayesində geniş istifadə olunan materiallar əsasında, əlavə qurğular tətbiq edilmədən həyata keçirildiyi vurğulandı.
Sonda bu tədqiqatların ölkəmizin iqtisadiyyatı üçün vacibliyi qeyd olundu və ARDNŞ-nın müvafiq təşkilatları ilə keçirilməsi müzakirə olundu
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı. Akademik Adil Qəribov, AMEA-nın müxbir üzvləri Nizami Süleymanov, Vəli Hüseynov, Nazim Məmmədov və başqaları suallarla çıxış etdilər.
Tədbirdə akademik Arif Mehdiyevin 80 illik yubileyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması,akademik Cavad Abdinovun Fizika İnstitutunun elmi işlər üzrə, fizika üzrə fəlsəfə doktoru İlqar Nəsibovun həmin institutun ümumi işlər üzrə, fizika üzrə elmlər doktoru Ayaz Bayramovun isə sözügedən institutun “İnnovasiyalar və transfer” üzrə direktor müavini vəzifələrinə təyin edilmələri məsələlələri müzakirə olundu.
Tədbir çərçivəsində, həmçinin bölmənin bir neçə həqiqi və müxbir üzvünə üzərində Nizami Gəncəvinin şəkli həkk olunmuş döş nişanı təqdim edildi.
Sonda bir sıra kadr məsələlərinə baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.