AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının “Zoom” platforması üzərindən onlayn iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamı ilə bölməyə xüsusi tapşırıqların verildiyini söyləyib, akademiya rəhbərinin son 2 ayda verdiyi digər mühüm sərəncamların icrası məqsədilə görülmüş işləri diqqətə çatdırıb.
Akademik İ.Hüseynova virusun yayıldığı ilk günlərdə BTEB tərəfindən maarifləndirici tədbir və seminarların keçirildiyini, karantin rejimi dövründə mətbuatda, xəbər agentliklərində, eləcə də radio və televiziya kanallarında epidemiya ilə bağlı çıxışların edildiyini bildirib. Alim, həmçinin bölmənin mütəxəssisləri tərəfindən müəyyən tədqiqatların aparıldığını və magistraturada distant təhsilin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Vitse-prezident ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı dövlət başçısı tərəfindən kompleks şəkildə profilaktik tədbirlərin görüldüyünü bildirib. O, koronavirusla mübarizədə Azərbaycan təcrübəsinin bütün dünyada yüksək dəyərləndirilməsinin qürurverici hal olduğunu vurğulayıb.
Bölmə sədri yaxın bir ay ərzində keçirilməsi planlaşdırdırılan “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn elmi konfransdan da bəhs edərək, BTEB alimlərini konfransın işində fəal iştirak etməyə səsləyib. Bildirib ki, hazırda onlayn tədbir üçün materialların qəbulu və ekspertizası davam edir.
"Postpandemiya dövründə tədqiqatların prioritet istiqamətlərinə yenidən baxılmasına ehtiyac yaranıb. Onlar arasında viruslar və yoluxucu xəstəliklər, ərzaq təhlükəsizliyi, biotəbabət, iqlim dəyişikliklərinin öyrənilməsi kimi məsələlər xüsusi yer tutur", - deyə bildirən alim AMEA-nın postpandemiya dövründəki fəaliyyəti ilə bağlı təkliflər paketinin hazırlandığını diqqətə çatdırıb. O, biotəhlükəsizlik üzrə tədqiqatların aparılması üçün imkanların yaradılmasının vacibliyi məsələsinin də təkliflər planında yer aldığını söyləyib.
Akademik İ.Hüseynova cari il üçün BTEB-in magistraturasına ayrılmış yerlər barədə məlumat verib, eləcə də bu il bölmə üzrə 2 magistrantın Avropanın tanınmış universitetlərinin doktoranturasına qəbul olunduğunu bildirib.
Bölmə institutlarında rəhbər kadrların təsdiqi ilə bağlı AMEA Rəyasət Heyətinin son qərarlarını xatırladan vitse-prezident kadr siyasətinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın elmi müəssisələrinin ortaq tədqiqat layihələri ilə bağlı BTEB tərəfindən təqdim edilmiş təkliflərin nazirlik tərəfindən bəyənildiyini diqqətə çatdırıb.
Sonra AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşri ilə bağlı görülən işlər və müvafiq ekspedisiyaların təşkilinin vacibliyindən danışıb. Alim AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyətin genişləndirilməsinin önəmini qeyd edilib.
Onlayn iclasda AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Zoologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Elşad Əhmədov çıxış edərək respublikanın regionlarında ekspedisiyaların təşkili, çöl tədqiqatlarının, elmi təcrübə bazaları və dayaq məntəqələrində təcrübələrin aparılması məsələlələri ilə bağlı fikir və mühazirələrini bildiriblər.
Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov rəhbərlik etdiyi ali müəssisədə distant təhsilin təşkili, universitetdə bu məqsədlə İnternet TV-nin yaradılması və 320 mühazirənin müxtəlif kanallarla yayımlanması barədə məlumat verib.
Tədbirdə bir sıra vacib dövlət proqramları və milli strategiyaların, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA-nın prezidentinin sərəncamlarının icrası, eləcə də bölmə institutlarında tədqiqat prosesinin və kadr hazırlığının gələcək inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib.
İclasda akademik Seyfəddin Əliyev, b.e.d. Elman İsgəndər, prof. Amin Babayev və b.ü.f.d. Esmira Əlirzayevaya yubileyləri ilə əlaqədar onlara bölmənin Fəxri fərmanının verilməsi barədə qərar qəbul edilib.
Sonda BTEB üzrə bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.