AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Elmi şuranın sədri, akademik İsa Həbibbəyli, şura üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və aidiyyəti üzrə şəxslər iştirak ediblər.
İclası akademik İsa Həbibbəyli açaraq müzakirə olunacaq məsələlər barədə iştirakçılara məlumat verib. O, ötən müddət ərzində AMEA-nın fəaliyyətinin xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun davam etdirildiyini və bir sıra beynəlxalq onlayn konfransların keçirildiyini bildirib. Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfransı xatırladan İ.Həbibbəyli Orxon-Yenisey kitabələrinin qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri olduğunu deyib. Qeyd edib ki, süjet xəttinə malik, müəyyən hadisələrin cərəyan etdiyi abidə üzərindəki mətnlər miniatür-mənsur povestdir və ədəbiyyatşünaslıq cəhətdən daha geniş tədqiq olunmasına ehtiyac var.
Şura sədri, həmçinin akademiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən silsilə onlayn konfransların keçirildiyini, eyni zamanda, Türkiyə səfirliyi, Azərbaycan və Qazaxıstan nümayəndələrinin iştirakı ilə beynəlxalq onlayn tədbirin baş tutduğunu diqqətə çatdırıb.
AMEA-nın Nizamnaməsinə edilən dəyişikliklər barədə də məlumat verən birinci vitse-prezident akademiyanın innovasiya və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin hüquqi əsaslarının tam formalaşdırıldığını vurğulayıb. O, hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkında büdcədənkənar gəlirlərin əldə olunması istiqamətində ardıcıl işlərin aparıldığını, həmçinin İqtisadiyyat İnstitutu tərəfindən akademiyanın özünümaliyyələşdirmə imkanları ilə bağlı təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə göndərildiyini söyləyib. İsa Həbibbəyli bu gün Çin, Belarus, Polşa və s. ölkələrin elmlər akademiyalarında innovativ fəaliyyətin geniş vüsət aldığını və müasir akademiyaları bunsuz təsəvvür etməyin mümkünsüz olduğunu diqqətə çatdırıb.
Çıxışını postpandemiya dövrünün çağırışları, humanitar və ictimai elmlərin vəzifələri mövzusunda davam etdirən alim AMEA rəhbərinin sözügeden məsələ ilə bağlı açıqlamasını xatırladıb. Bildirib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən Fəlsəfə və İqtisadiyyat institutlarına pandemiyanın yaratdığı sosial-psixoloji və iqtisadi problemlərin dərindən öyrənilməsi, postpandemiya dövrü ilə əlaqədar təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim olunması barədə tapşırıqlar verilib. İ.Həbibbəyli postpandemiya dövründə tibbi avadanlıqların, dərmanların ölkəmizdə istehsal edilməsinin zəruriliyini vurğulayıb, eləcə də pandemiya dövrünün qəhrəmanları olan həkimlərə, polislərə həsr olunan ədəbi əsərlərin yazılmasının önəmini bildirib.
Prezident İlham Əliyevin ölkəmizin pandemiyadan az itkilərlə çıxması istiqamətində ardıcıl və məqsədli addımlar atdığını xatırladan AMEA-nın birinci vitse-prezidenti Azərbaycan ziyalılarının bu siyasəti tam dəstəklədiyini söyləyib, postpandemiya dövrü ilə əlaqədar təkliflərin ümumiləşdirilərək Rəyasət Heyətinə təqdim edilməsi barədə tapşırıq verib.
Mövzu ətrafında akademiklər Möhsün Nağısoylu, Gövhər Baxşəliyeva, Teymur Kərimli, Muxtar İmanov, Şahin Mustafayev, Nərgiz Axundova, AMEA-nın müxbir üzvləri Musa Qasımlı, Ərtegin Salamzadə, Könül Bünyadzadə, professorlar Nazim İmanov, İlham Məmmədzadə və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.
İclasda, həmçinin ölkə başçısının “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” və “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamları və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb. Müzakirələr nəticəsində görkəmli yazıçıların həyat və fəaliyyəti haqqında yeni nəşrlərin hazırlanması, mütəmadi mətbuatda məqalələrin dərc edilməsi və iyun ayında onlayn konfransların keçirilməsi qərarlaşdırılıb.
Bundan əlavə, Humanitar və İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələrində 2019-2020-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunaraq təsdiqlənib.
Eyni zamanda, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70, akademik Ziyad Səmədzadənin 80, professor Maisə Rəhimovanın 75 illik yubileyləri münasibətilə müvafiq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.