AMEA-nın təşəbbüsü və Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək “Bakı Elm Festivalı-2014”lə əlaqədar media nümayəndələri üçün texnoparka ekskursiya təşkil olunub. Məqsəd press-tur çərçivəsində ictimaiyyətə festival haqqında məlumat vermək və jurnalistləri festivalın proqramında əksini tapan məsələlərlə tanış etməkdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinn tabeliyində yaradılmış texnoparkın direktor müavini Cabbar Musayev ekskursiya iştirakçılarını salamlayaraq Yüksək Texnologiyalar Parkının fəaliyyətindən danışıb. Ekskursiya eyni zamanda nəzəriyyə üzərində qurulan elmin nəticələrin əyani olaraq ictimaiyyət üzvlərinə təqdimi ilə elmə maraq yaratmağa və gənc nəsli elmə cəlb etməyə xidmət edir.
Ekskursiya zamanı xarici ölkələrin bu sahədə qazandığı təcrübələrdən və ölkəmizdə festivala hazırlığın səviyyəsi, həmçinin atılan addımlardan danışılıb. Azərbaycanda ilk dəfə təşkil olunacaq tədbir çərçivəsində noyabr ayının 10-dakı sərgidə müxtəlif qurumlara məxsus eksponat və ixtiralardan ibarət məhsullar nümayiş olunacaq. Festivalın direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyevanın sözlərinə görə, elm və cəmiyyəti bir-birinə yaxınlaşdırmağı öz məzmununda daşıyan “Bakı Elm Festivalı-2014” təkcə sərgi ilə deyil, gənc alimlərin elmi maraq kəsb edən çıxışları, multi-media instollasiyalarının nümayişi, cəlbedici elmi şoular, robotların yarışı, elmi-populyar filmlərin göstərilməsi və yaradıcılığın müxtəlif sahələrindəki çıxışlarla bunu bir daha göstərəcək.
AMEA-nın elmi müəssisə, təşkilatları, ali təhsil ocaqları və elmi tədqiqatları fəaliyyət istiqamətinə daxil edən digər qurumlar əldə etdikləri nəticələri noyabrın 10-dakı sərgi vasitəsi ilə nümayiş etdirəcək.
Press-turda qeyd edilib ki, tədbir paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika və Ədəbiyyat institutlarında keçiriləcək. Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və başqa təhsil müəssisələri, həmçinin paytaxtın 6, 23 və 132-134 nömrəli orta məktəblərində də festivalın proqramları izləniləcək.
Festival çərçivəsində akademiyanın Milli Azərbaycan Ədəbiyyatı, Milli Azərbaycan Tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə, Dendralogiya və Botanika institutlarına, eləcə də Planetariuma ekskursiyalar planlaşdırılır.
Qeyd edək ki, ilk dəfə 10-11 noyabr tarixlərində keçiriləcək festivalın sponsorları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell Telecom”dur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.