Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Coğrafiya İnstitutunun direktoru: “Son 40 il Azərbaycanın ən isti dövrüdür”
08.06.2020 14:47
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun direktoru: “Son 40 il Azərbaycanın ən isti dövrüdür”

Son 40 il Azərbaycanda ən isti dövr hesab olunur. Bu barədə AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bütün ölkə ərazisi üçün temperatur artımının orta qiyməti planet üzrə olan orta qiymətə (0,9) yaxındır. Bu artmalar ərazi boyunca bərabər (0,2-dən 1,50 С-yə) paylanmayıb. Buna səbəb isə Azərbaycanın dağlıq ölkə olması, nisbətən kiçik ərazidə oroqrafiyanın -28,0-dan 4466 metrə qədər dəyişməsi, eləcə də ölkə ərazisində müxtəlif iqlim zonalarının mövcud olmasıdır.

Direktor əlavə edib ki, bütün müşahidə dövründə temperatur ən çox Kür-Araz düzənliyində (0,4-0,9 dərəcə С), Gəncə-Qazax zonasında (0,6-1,1 dərəcə С), Böyük Qafqazın cənub yamacında (0,5-0,8 dərəcə С), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 dərəcə С) və şimal (0,4-0,6 dərəcə С) yamaclarında müşahidə olunub.

Akademik R.Məmmədov Azərbaycanda maksimal temperaturun Culfada (+46 C), minimal temperaturun isə dağlıq ərazilərdə (-40 dərəcə С) olduğunu söyləyib. Bildirib ki, ilin ən soyuq aylarında Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər ərazilərdə temperaturun yüksəlməsi qeydə alınır. Bununla yanaşı, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi azalıb.

"İqlimşünasların fikrincə, dövlətlər tədbirlər görməzsə, 2100-cü ilə planetin temperaturu 3.7-4,8 dərəcə C qalxa bilər. Risk qrupuna Qətər, Səudiyyə Ərəbistanı, Bahreyn, Birləşmiş Ərəb Əmirliyi və Yaxın Şərqin digər dövlətləri daxildir. İstixana qazının müasir sürətlə atmosferə atılması davam edərsə, havanın temperaturu Fars körfəzi ölkələrində 74-76 dərəcə C ola bilər”, - deyə R.Məmmədov bildirib.

Alim əlavə edib ki, bəzi tədqiqatlara görə, yaz və payız fəsilləri anlayışı tədricən öz mahiyyətini itirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: