AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları AR Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda keçirilən onlayn konfransda iştirak ediblər.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Ələmdar Məmmədov bitki xəstəlikərinin molekulyar diaqnostikası, identifikasiyası, həmçinin xəstəlikləri yayan həşəratların identifikasiyası və həyat tsiklinin öyrənilməsi, bu həşəratlara qarşı mübarizə vasitələrinin işlənib hazırlanması üçün kompleks tədbirlər barədə danışıb. Vurğulayıb ki, biotexnoloji metodlarla bitkilərin əkin materialının çoxaldılması üçün birgə tədqiqatların aparılması, yeni özəl biotexnoloji kompaniyaların təşkili və hazırlanmış metod əsasında həmin bitki materialının təsərrüfatların tələbatını təmin etmək üçün çoxaldılması zəruridir.
O, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin və AMEA-nın müvafiq institutlarının iştirak etdiyi kompleks layihələrin hazırlanması və həyata keçirilməsi, institutların maddi-texniki və kadr potensialından səmərəli istifadə edilməsinin müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
Konfransda institutun elmi katibi, b.ü.f.d., dosent Durna Əliyeva, institutun Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçiləri - b.ü.f.d., dosent Sədaqət Əsədova və b.ü.f.d. dosent Mahirə Məmmədova, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.