Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı daha bir preparatın kliniki sınaqlarını dayandırıb.
interfax.ru saytı xəbər verir ki, ÜST-ün koordinasiyası əsasında Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı istifadə edilən Lopinavir/Ritonavir preparatları üzərində kliniki testlər aparılırdı. Beynəlxalq təşkilat bu testlərin dayandırılması barədə qərar qəbul edib. ÜST-ün rəsmiləri bildiriblər ki, testlərin dayandırılması dərmanların hansısa mənfi təsiri ilə əlaqədar deyil, daha çox COVID-19 xəstəliyinin gedişatına heç bir təsir göstərməməsi ilə izah olunur.
ÜST-ün eyni qərarı malyariyaya qarşı tətbiq edilən Hidroksixloroxinlə bağlı da verilmişdi. Lakin həmin dərman preparatının pasiyentlərə mənfi təsiri, eləcə də ölüm hallarının artmasına aparıb çıxarması ehtimalı bu qərarın qəbulu ilə nəticələnmişdi.
Həmçinin qeyd olunur ki, bu dərman preparatları yalnız xəstəxanalarda müalicə olunan və vəziyyəti ağır qiymətləndirilən xəstələr üzərində sınaqdan keçirilib. Profilaktik məqsədlə və ya ev şəraitində müalicə alan şəxslərin qəbul etdikləri dərmanlar protokolunda bu preparatlar yer almır.
39 ölkədən 5500 xəstənin qəbul etdiyi dərmanlarla bağlı aparılan tədqiqatda COVID-19 xəstəliyinin gedişatında hansı preparatın müsbət nəticə verməsi öyrənilir.