Oksford Universitetinin tədqiqatçılar qrupu Böyük Britaniya və İsveçin müştərək “AstraZeneca” əczaçılıq kampaniyası ilə birgə hazırladığı koronavirus əleyhinə vaksinin test sınaqlarının ilk müsbət nəticələrini əldə edib.
Böyük Britaniyanın ITV telekanalı xəbər verir ki, mütəxəssislər vaksin vasitəsilə immunitetin artmasına nail olublar. Bu barədə məlumatlar “The Lancet” tibb jurnalında dərc olunacaq.
“İmmun sisteminin reaksiyası həm anticisimlər, həm də T-hüceyrələri (limfosit) ilə əlaqəlidir. Hazırda bütün diqqət anticisimlər üzərində cəmlənsə də, T-hüceyrələrinin reaksiyasının da koronavirusdan müdafiə üçün vacib olduğu müəyyən edilib”, - deyə universitetdən bildiriblər.
Bununla yanaşı, vaksinin effektivliyi yalnız sınaqların hazırda Braziliyada davam edən üçüncü, yekun mərhələsində tam müəyyən olunacaq.
Klinik sınaqların Birləşmiş Krallıqda keçirilən ikinci mərhələsində 5-12, 56-69 yaşarası və 70 yaşdan yuxarı 10 mindən çox könüllü iştirak edib. Sınaqların ilk mərhələsinə isə 18-55 yaşarası mindən çox insan cəlb olunmuşdu.
“AstraZeneca” şirkəti Oksford preparatının uğurlu klinik sınaqlarına ümid edərək artıq 2 milyard vaksin dozasının hazırlanması üçün lazımi istehsal gücünü təmin edib.