Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA Mətbuat Xidmətinin açıqlaması
06.08.2020 16:44
  • A-
  • A
  • A+

AMEA Mətbuat Xidmətinin açıqlaması

5 avqust 2020-ci il tarixində “Moderator.az” saytında BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əzizin “Cümhuriyyət qurucularına sevgi və nifrət: səbəbləri və nəticələri” başlıqlı məqaləsi dərc edilmişdir. Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolundan bəhs edən məqaləsində müəllifin heç bir əsas olmadan AMEA-nı guya Cümhuriyyətə və onun qurucularına qərəzli münasibətdə ittiham edən ifadələr işlətməsi təəssüf doğurur. Boran Əzizin diqqətinə çatdırmaq istəyirik ki, akademiyanın aidiyyatı institutları ötən dövr ərzində Xalq Cümhuriyyətinin fəaliyyətilə bağlı kifayət qədər tədqiqat işləri və mənbələr nəşr etdirmişlər. Müxtəlif vaxtlarda Mərkəzi Dövlət Arxivi tərəfindən də Xalq Cümhuriyyətinin fəaliyyətinə dair qiymətli sənəd topluları çap olunmuşdur.    

Həmçinin, AMEA prezidenti, akademik Ramiz Mehdiyev öz kitab və məqalələrində dəfələrlə Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki mötəbər mövqeyindən hörmətlə söz açmış, onun qurucularının fəaliyyətini daim yüksək qiymətləndirmişdir. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd edildiyi zaman dövlət başçısının çağırışına ilk səs verənlərdən biri də akademik Ramiz Mehdiyev olmuşdur. Onun "Ön söz"ü və elmi redaktorluğu ilə həmin vaxt “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında” adlı diplomatik sənədlər toplusu işıq üzü görmüşdür. Qələmə aldığı "Ön söz"də akademik ətraflı şəkildə Xalq Cümhuriyyətinin fəaliyyətini və tarixi rolunu təhlil etmiş, keçmişimizin bu şanlı səhifəsinə hücum edənlərə tutarlı cavablar vermişdir. Boran Əzizə sözügedən nəşrlə, həmçinin AMEA prezidenti Ramiz Mehdiyevin digər əsərlərilə diqqətli bir şəkildə tanış olmağı tövsiyə edərdik.

AMEA rəhbərliyi adından bəyan edirik ki, Xalq Cümhuriyyəti Azərbaycan tarixinin iftixar səhifələrindən biridir və hər bir azərbaycanlı haqlı olaraq onunla qürur duyur. İstər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev daim Xalq Cümhuriyyətinin tarixi-siyasi irsinə ehtiramla yanaşmışlar. Bütün tarixi mərhələlərdə olduğu kimi, Xalq Cümhuriyyəti dövründə də səhvlərin, xətaların olması tam təbiidir. Onları öyrənmək və dərs çıxarmaq zəruridir. Ancaq bu səhvlərin dilə gətirilməsi qətiyyən Cümhuriyyətə qarşı qərəz göstəricisi kimi qəbul edilməməlidir. Tarixin öyrənilməsinin başlıca məqsədi də keçmiş səhvləri təkrarlamamaqdır.

İctimai rəyi Xalq Cümhuriyyəti mövzusu ilə manipulyasiya edənlər bilməlidirlər ki, ümumi sözlərlə bu şanlı tariximizin təbliğinə hər hansı dəyərli töhfə vermək mümkün deyil. Həqiqi elm adamlarının işi qalmaqal yaratmaq deyil,  fundamental, keyfiyyət əyarı yüksək olan tədqiqatlar ərsəyə gətirməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: