AMEA Nizami adına Ədəbiyyat İnstitutunda M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktoru, pedaqoji elmlər doktoru, professor Natalya Sotnikova və adıçəkilən universitetin İctimaiyyətlə əlaqələr üzrə direktor müavini Liliya Qriqoryeva və başqaları ilə video-konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, institutun direktoru, akademik İsa Həbibbəyli öncə konfransın mahiyyəti, rus və Azərbaycan ədəbiyyatı ilə əlaqələrin tarixi və inkişaf perspektivləri haqda danışıb. Vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin böyük rus yazıçısı Mixail Şoloxovun zəngin irsinə verdiyi yüksək qiymət gerçək ədəbiyyatın siyasi nümunəsidir.
İ.Həbibbəyli “Mixail Şoloxov və Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. Akademik məruzədə M.Şoloxovun məşhur əsəri olan “Sakit Don” roman-epopeyasında Birinci Dünya müharibəsi, rus inqilabı, vətəndaş müharibəsi və kazakların tariхi proseslərdə iştirakından bəhs etdiyini söyləyib. Bildirib ki, müəllif yüz minlərlə insanın həmin tariхi kataklizmlərlə üzləşməsini və bu zaman məruz qaldığı ciddi intibaları əsas qəhrəmanı Qriqori Meleхovun simasında ümumiləşdirib.
Sonra alim böyük rus yazıçısı Mixail Şoloxovun əsərləri ilə görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin yaradıcılığı əsasında aparılmış təhlil və müqayisələrin tipoloji ortaq baxışlar baxımından maraq doğurduğunu vurğulayıb.
Məruzədə, həmçinin M.Şoloxovun əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi sahəsində Azərbaycan ziyalısı Cahanbaxış Cavadzadənin çoxillik xidmətləri müqayisəli ədəbiyyatşünaslıq baxımından təqdim edilib. Bundan başqa Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələri Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Süleyman Rəhimov və başqalarının M.Şoloxovun yaradıcılığı haqqındakı dəyərli fikir və mülahizələri, tədqiqatları, Əyyub Abbasovun, Beydulla Musayevin və Hüseyn Şərifin böyük rus yazıçısının əsərlərinin tərcümə edilməsi sahəsindəki fəaliyyəti Azərbaycan elmi-ədəbi ziyalılığının M.Şoloxovun zəngin irsinə münasibətinin ümumiləşdirilmiş ifadəsi kimi nəzərə çatdırılıb.
Qeyd edib ki, video konfrans Ədəbiyyat İnstitutunun tarixində ilk dəfə həyata keçirilib, növbəti konfrans Mixail Yureviç Lermontovun həyat və yaradıcılığına, eləcə də elmi inkişafına həsr olunacaq.
Daha sonra filologiya elmləri doktoru, professor Aida Feyzullayeva “Şoloxov yaradıcılığında ailə problemi” mövzusunda məruzə ilə çıxış edib. O, Şoloxov yaradıcılığında müqəddəs mənəvi dəyər kimi ailə probleminə böyük yer verildiyini önə çəkərək yazıçının əsərlərindən misallar çəkib.
Sonra M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Stavropol filialının direktoru, pedaqoji elmlər doktoru, professor Natalya Sotnikova, filialın direktor müavini Liliya Qriqoryeva çıxış etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.