Nitq duyumu zamanı beyin fəallığının müşahidəsi üzrə tədqiqatlar göstərib ki, böyüklərdən fərqli olaraq uşaqlarda və yeniyetmələrdə nitq duyumunda hər iki yarımkürə fəal iştirak edir. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilib.
Tass.ru saytı xəbər verir ki, tədqiqatın müəlliflərindən biri - Vaşinqtonda Corctaun Universitetinin professoru Elissa Nyuportun sözlərinə görə, bu kəşf beyin travması keçirmiş uşaqlar üçün müsbət yenilikdir. Beyinin hər iki yarımkürəsindən istifadə etməyin mümkünlüyü nəticəsində onlarda itirilmiş funksiya kompensasiya oluna bilər. Məsələn, körpə dünyaya gələndən dərhal sonra beyinin sol yarısında insult keçiribsə, onda nitqin tanınmasında sağ yarımkürə iştirak edəcək.
Professor Elissa Nyuportun fikrincə, uşaq beyinində müvafiq “ikili” xarakter bu fikri söyləməyə əsas verir ki, doğularkən və ya həyatının ilk aylarında beyinin sağ və ya sol yarımkürəsi zədələnmiş uşaqlar danışmaq və ya düşünmək bacarığından məhrum olmurlar.
Alimlər yaxın gələcəkdə uşaq vaxtı müvafiq beyin zədəsi almış yaşlıların və yeniyetmələrin beyin fəaliyyətini izləməklə bu nəzəriyyəni yoxlamağı planlaşdırırlar.