Dekabrın 5-də AMEA Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, institutun direktoru, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib. AMEA prezidenti ilk olaraq “Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün aparılacaq tədqiqatlar üzrə Tədbirlər Proqramı”nın icrasından söz açıb. Akademik neft elminin inkişafı, karbohidrogen yataqlarının istismarı zamanı seysmik risklərin minimuma endirilməsi baxımından proqramın böyük əhəmiyyət daşıdığını bildirib, bu istiqamətdə aparılan tədqiqatların nəticələri ilə bağlı nikbinliyini ifadə edib.
Sonra institutun tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev aparılan tədqiqatların nəticələrindən danışıb. Proqram çərçivəsində başa çatdırılmış işlər müzakirə olunub, suallar cavablandırılıb.
İclas 2014-cü ildə həyata keçirilmiş elmi-təşkilati işlər üzrə yekun hesabatların müzakirəsi ilə davam etdirilib. AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin “GİS texnologiyalarının tətbiqi ilə Azərbaycan ərazisində yer qabığının müasir tektonik və geodinamik modellərinin işlənib hazırlanması” və “Böyük Qafqaz kolliziya zonası ilə Mərkəzi Xəzər seysmik zonası arasındakı ərazinin kinematik modeli (geofiziki və kosmik geodeziya məlumatları əsasında)” mövzusunda məruzələri dinlənilib.
Sonda institut əməkdaşlarının xaricdə keçirilmiş tədbirlərdə iştirakı, nəşrlərə dair çıxışları dinlənilib, bir sıra kadr məsələlərinə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.