Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı
02.10.2020 18:31
  • A-
  • A
  • A+

AMEA Mətbuat və informasiya şöbəsinin məlumatı

Son günlər bəzi KİV-lərdə AMEA prezidentinin guya Qarabağda sentyabrın 27-də Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatını qısqanclıqla, sükut və laqeydliklə izlədiyinə dair qərəzli, həqiqətə uyğun olmayan fikirlər əksini tapır. Bu fikirlərin müəllifləri arasında ənənəvi qaydada şou yaratmaq üsulu ilə gündəmdə qalmağa adət etmiş şəxslərin olması başadüşüləndir. Ancaq oxşar mövqeyin ölkə ictimaiyyəti tərəfindən ciddi qəbul edilən informasiya agentliklərindən birinin rəhbərinin dilindən səslənməsi doğrudan da məyusluq yaradır.

Belə qərəzli mövqe tutan şəxslərə ilk növbədə xatırlatmaq istəyirik ki, 27 sentyabr tarixində Ordumuzun erməni təxribatına cavab olaraq başlayan əks-hücumu haqqında rəsmi məlumatın yayılmasından bir neçə saat sonra AMEA prezidentinin təşəbbüsü ilə akademiyanın rəsmi saytında Rəyasət Heyətinin bəyanatı yayılmışdır. Bəyanatda akademiya kollektivinin hər zaman olduğu kimi bu şərəfli sınaq günlərində də dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşdiyi və ordumuza bütün mənalarda dəstək olduğu xüsusilə vurğulanmışdır. Qeyd edək ki, sözügedən bəyanat eyni gündə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) tərəfindən də yayılmışdır. Hər vəchlə, ən kiçik fürsətdən istifadə edərək Elmlər Akademiyasına hücum edənlərin bu bəyanatı görməzdən gəlməsi qərəzin ən bariz göstəricisidir. Ölkəmizdə Vətən müharibəsinin başladığı, hər kəsin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyi bu çətin günlərdə həmin şəxslərin və KİV-lərin belə cılız intriqaların əsirinə çevrilməsi dərin təəssüf hissi doğurur.

Qeyd etmək istəyirik ki, akademiyanın Tarix, Şərqşünaslıq, Hüquq və İnsan Haqları və digər institutlarının elmi işçiləri mütəmadi olaraq Qarabağ münaqişəsi, erməni təcavüzü mövzularında tədqiqatlar aparır, dövri mətbuatda daim çıxışlar edirlər.

Akademiya prezidetinə gəlincə isə, o, öz əsərlərində və çıxışlarında Azərbaycanın qanayan yarası olan Qarabağ münaqişəsinə, torpaqlarımızın işğalına hər zaman geniş yer verib, mövzuya xüsusi həssaslıqla yanaşıb. Akademikin qələmindən çıxan və aparıcı dünya dillərinə tərcümə edilərək nəşr olunan “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Gorus-2010: absurd teatrı mövsümü” kimi kitab və başqa əsərlər bunun sübutudur. Bildiririk ki, akademik öz yaradıcılığında yalnız Qarabağ münaqişəsinə deyil, ümumilikdə ermənilərin öz tarixlərini saxtalaşdırmaq, həmçinin Azərbaycan xalqının keçmişini, mədəni irsini mənimsəmək istiqamətindəki fəaliyyətinə də böyük diqqət yetirib.  

Bir daha Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq ki, AMEA-nın 47 elmi müəssisə və təşkilatlarının əməkdaşları cənab Prezidentin Qarabağ məsələsində tutduğu mövqeyi və verdiyi qərarları birmənalı şəkildə dəstəkləyirlər. Biz akademiya kollektivi olaraq bir daha bu çətin günlərdə hər kəsi dövlət başçısı ətrafında sıx birləşməyə, bütün fikir ayrılıqlarını kənara qoymağa və ucuz intriqaların əsiri olmamağa çağırırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: