Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

07.10.2020 12:52
  • A-
  • A
  • A+

"Cənubi Qafqaz. 1903-cü il" xəritəsi: ermənilərin toponimik aqressiyalarını arqument kimi ifşa edən tarixi-coğrafi xəritələr

"Cənubi Qafqaz. 1903-cü il" xəritəsi: ermənilərin toponimik aqressiyalarını arqument kimi ifşa edən tarixi-coğrafi xəritələr

Kartoqrafiya elmi həmişə inkişaf etməkdədir. Bu yeni metodların, rəqəmsal texnologiyaların tətbiq edilməsi və yeni sahələrin geoinformasiya xəritələşdirilməsinin formalaşması ilə əlaqədar olaraq daha aydın nəzərə çarpır. Yeni geoinformasiya mühitində bu gün xəritə sadəcə model deyil, gerçək varlığın obrazlı-işarəli geoinformasiya modelidir. Bəşəriyyətin ən böyük kəşflərindən biri olan xəritə zəngin informasiya mənbəyi olaraq qalır. Elmi ədəbiyyata kartoqrafiyanın dərketmə konsepsiyası kimi daxil olan elmi dərketmə metodun təcrübədə öz nəticələrini göstərir. Bu gün xəritələr fiziki və iqtisadi coğrafiya, geologiya, geobotanika, ekologiya, tibbi coğrafiya, toponimika, tarixi coğrafiya və digər Yer və ictimai elmlərdə əsas dərketmə vasitələrindən birinə çevrilmişdir. Xəritələr qlobal, regional və lokal miqyasda məkan və zaman qanunauyğunluqlarını öyrənmək üçün bir vasitə kimi çıxış edir.

Bir çox kartoqraflar (K.A.Salışev, A.M.Berlyant, R.X.Piriyev və s.) öz elmi işlərində  qeyd edirlər ki, xəritələr mövcud olanların modeli kimi qiymətli xüsusiyyətlərə (məsələn, təsvirin abstraktlığı və generalizasiyalılığı, ölçüsü və geometrikliyi, təsvirliliyi və sintetikliyi, eynicinsliyi (oxşarlığı) və fasiləsizliyi (kəsilməzliyi), əyaniliyi və icmallılığı, informasiya həcmi və s.) malikdir. Bu da onların coğrafi tədqiqatlar üçün xüsusi əhəmiyyətə malik olmasına gətirib çıxarır. Belə xüsusiyyətlər toplusuna heç bir digər coğrafi model malik deyil. Xəritələrdən istifadənin digər böyük stimulu onun nəhəng informasiya imkanlarına (informasiya həcminə) malik olmasıdır.

Rus hərbi kartoqrafiyası XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlində və onun yeni xəritələrin nəşrində rolu

Bütün xəritələr zaman keçdikcə köhnəlir. Xəritələrin köhnəlməsi həm ərazilərin dəyişməsi, həm də texniki cəhətlər nəticəsində baş verir. XIX əsrin ikinci yarısında topoqrafik xəritələrin yeni tətbiq sahələri (mühəndis işləri, geoloji kəşfiyyat və s.) meydana çıxdığından, onlardan relyefin həndəsi cəhətdən dəqiq  verilməsi, yəni ştrixlərin horizontallarla əvəz olunması tələbini qoydu. Horizontalların çəkilməsi həm də ordu üçün vacib idi. Artilleriyanın inkişafı topoqrafik xəritələrdən hədəfə qədər olan məsafə ilə yanaşı onların hündürlüyünü də müəyyən etməyi tələb edirdi. Xəritələrin əsaslı yenidən işlənməsi kartoqrafik geodeziya cihazlarının təkmilləşdirilməsi ilə müşayiət olunurdu ki, bu da çap prosesinin sürətlənməsinə və çoxrəngli xəritələrin nəşr edilməsinə imkan verdi.

XIX əsrin ikinci yarısında Rusiyanın kənar sərhədlərini genişləndirmək cəhdləri rus hərbi kartoqrafiyasında öz əksini tapdı və o, yeni inkişaf mərhələsinə keçdi. Rusiyanın ətrafında çoxlu müstəmləkə torpaqlarının olması, həmçinin Avropanın metropoliya dövlətləri arasında ziddiyyətlərin kəskinləşməsi Rusiya hərbi-topoqrafik xidmətinin fəaliyyətində yeni vəzifələr müəyyən edirdi. Bu ətraf ərazilərdə yeni xəritələşdirmənin aparılması və köhnəlmiş topoqrafik xəritələrin dəyişdirilməsi idi. 1877-ci ildə çar hökuməti əsasən ordunun istifadəsi üçün xəritələşdirmə aparılması göstərişini verdi. Bunun nəticəsində hərbi-topoqrafik xidmət yarım verst (1:21000), 1907-ci ildən bir verst (1:42000) miqyaslı (qərb istiqamətdə) və iki verst (1:84000) miqyaslı (cənub və şərq istiqamətdə) topoqrafik xəritələrin işlənməsi üçün öz qüvvələrini cəmləşdirdi (K.A.Salışev, 1976, s.382).

I dünya müharibəsinə qədər nəhəng ölkələrin hərbi-topoqrafik xidmətləri özlərinin əsas vəzifəsini hərbi əməliyyatların mümkün gedə biləcəyi ərazilərin xəritələrinin vaxtında hazırlamaq hesab edirdilər. Bu illər ərzində aydın oldu ki, müharibələrin dağıdıcı qüvvəsi ərazinin simasını tez dəyişir və yeni işlənmiş xəritələr sürətlə köhnəlir, ona görə də müntəzəm yenilənmə tələb edir. Ordu qüvvələrinin sayının kəskin artması xəritələrə tələbatın həddən artıq çoxalmasına səbəb oldu. Ayrı-ayrı döyüşən ölkələrdə xəritələrin ümumi buraxılış miqdarı on və hətta yüz milyon vərəqlərlə hesablanırdı (K.A.Salışev, 1976, s.383 ).

Tarix, kartoqrafiya və toponimikanın öyrənilməsində tarixi-coğrafi xəritələrin əhəmiyyəti

Xəritələr məzmununa və məqsədinə görə böyük elmi-praktiki əhəmiyyətə malikdir. Onlar qiymətli informasiya mənbəyi kimi dövlətlərin adlarını, onların inzibati vahidlərini, yaşayış məntəqələrini, çayları, gölləri, dağları, silsilələri, düzənlikləri, mərzləri və digər obyektləri tarix üçün qoruyub saxlayır. Ona görə də  onlar tarixi keçmişi öyrənməkdən ötrü əsas sənədlərdən biri rolunu oynayır. Köhnə xəritələri öyrənməklə, onları müasir xəritələrlə müqayisə etməklə inzibati-ərazi quruluşu barədə təsəvvür yaratmaq, yaşayış məntəqələri, sənaye rayonları, nəqliyyat yollarının inkişaf dinamikasını izləmək, əhalinin etnik və sosial tərkibini aydınlaşdırmaq, obyekt adlarının linqvistik mənsubiyyətini müəyyən etmək məqsədi ilə toponimik analizlər və s. aparmaq olar. Köhnə xəritələr yalnız öz dövrünün tarixi kəsimi deyil, həm də tarixi-coğrafi tədqiqatlar üçün vacib olan tarixi-statistik məlumatların alınmasına imkan verən vasitədir. Yarım əsir əvvəl məşhur rus alimi Y.M.Pospelov özünün "Toponimika və kartoqrafiya" (1971, s.10) kitabında qeyd edirdi ki,  toponimikada kartoqrafik tədqiqat metodu toponimik hadisələrin yerləşməsi, onların zamana görə inkişaf dinamikası qanunauyğunluqlarının tapılması üçün müvəffəqiyyətlə tətbiq oluna bilər.

Azərbaycan ərazisi XVIII, XIX əsrlərdə fəal surətdə xəritələrə salınmışdır. XIX əsrdə Azərbaycanda topoqrafik xəritələşdirmə işləri xüsusi intensivliklə aparılmışdır ki, bu da Rusiyanın hərbi tələbatını ödəmək məqsədi ilə əlaqədar idi. Topoqrafiya işləri iki verst (1:84000), beş verst (1:210000), on verst (1:420 000) miqyasda, ayrı-ayrı region və şəhərlərdə bir verst, yarım verst və bəzən isə daha böyük miqyasda aparılırdı. Topoqrafik xəritələşmə materiallarının çoxu Tiflisdə yerləşən topoqrafik depoda toplanmışdır, hansı ki, orada xəritələrin tərtibi və çapı həyata keçirilirdi.

"Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin çapı haqqında xüsusi sərəncam və qısa səciyyəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 aprel 2012-ci il tarixində "Qafqaz Hərbi Dairəsinin 1903-cü il xəritəsi" əsasında tərtib olunmuş "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşr olunması barədə sərəncam imzalamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə bu xəritənin 3 dildə - ingilis, rus və azərbaycan  dillərində çap edilməsi üçün maliyyə vəsaiti ayrılmışdır. Hər bir dildə 25 min, ümumilikdə 75 min nüsxə xəritə nəşr edilmişdir.

Prezidentin sərəncamında qeyd edilir ki, son vaxtlar ayrı-ayrı ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərinin sərhədlərinin düzgün verilmədiyi, ərazi bütövlüyünün, tarixi və coğrafi adların təhrif olunduğu provokasiya xarakterli xəritə və atlas materiallarına rast gəlinir.

Dünya ictimaiyyətini düzgün informasiya ilə təmin etmək və bu növ provokasiyaların qarşısını almaq üçün "Qafqaz hərbi dairəsinin 1903-cü il hərbi-topoqrafik  xəritəsi" əsasında AR Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi hazırlanmış və Bakı Kartoqrafiya Fabriki tərəfindən çap edilmişdir.

Bu xəritənin bütün Qafqazı əhatə edən orijinalını 1903-cü ildə Tiflisdəki Qafqaz hərbi dairəsinin Hərbi-Topoqrafiya şöbəsi tərtib və nəşr etmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə  Komitəsinin onun əsasında nəşr etdiyi "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin ölçüləri 210 sm x180 sm-dir. Xəritənin miqyası düymlə 16 verstdir (1 sm-də 6,72 km) və ona görə də orta miqyaslı xəritələr qrupuna aid edilir. Meridian və paralellərdən ibarət olan dərəcə şəbəkəsi 1o-dən bir çəkilmişdir. Xəritənin adı onun rus ordusunun ehtiyacları üçün tərtib olunduğunu aydın göstərir. Bununla yanaşı o, kifayət qədər qeniş ərazini və çoxlu müxtəlif məzmunlu elementləri əks etdirir. Xəritədə dəqiq göstərilmişdir: quberniya, əyalət, qəza və dairə mərkəzləri, digər şəhər və qəsəbələr, kəndlər, qalalar, istehkamlar, ştab kvartiralar, gömrük zastavaları, postlar, poçt və teleqraf stansiyaları, monastırlar, mayaklar, dəmiryol stansiyaları, həmçinin dağılmış qalalar, istehkamlar, şəhərlər və kəndlər. Ordu üçün nəzərdə tutulmuş xəritədə çaylar, göllər, yol şəbəkəsi (dəmir yolu, şosse yolları, araba yolları), sərhədlər (dövlət, quberniya, əyalət, qəza və dairə) ətraflı verilmiş, böyük çaylarda körpülər, bərələr göstərilmişdir. Xəritələrin böyük üstünlüyü minlərlə yaşayış məntəqələri timsalında olan zəngin toponimik məzmunu, relyef formalarının (silsilələr, dağlar, zirvələr, aşırımlar), su obyektlərinin (çaylar, göllər) və  s.  olmasıdır.

"Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin yuxarıda adları çəkilən kartoqrafik məzmunlu elementləri onu zənginləşdirir, dəqiq ediri ki, bunun da böyük elmi-praktiki əhəmiyyəti var. Şərti işarələr vasitəsilə informasiyanın öyrənilməsindən aydın olur ki, xəritədə yaşayış məntəqələrindən kəndlər, qəsəbələr və hətta ölçüsü 100 həyətdən az olan aullar göstərilmişdir.

XX əsrin əvvəllərində Qafqaz  Hərbi dairəsinin Hərbi-Topoqrafiya bölməsində tərtib və nəşr olunan xəritə təcavüzkar erməni hərbi-siyasi dairəsinin əsassız iddialarını ifşa etmək üçün çox böyük əhəmiyyətə malikdir. Belə ki, "Cənubi Qafqaz. 1903-cü il" xəritəsində XX əsrin əvvəllərindəki tarixi  gerçəklik əks olunmuşdur. Xəritə tarixi sənəd kimi  aşağıdakı faktı təsdiq edir: indiki Ermənistanın ərazisindəki coğrafi adların (toponimlərin) mütləq əksəriyyəti azərbaycan mənşəlidir.

"Cənubi Qafqaz. 1903-cü il" xəritəsi əsasında ayrı-ayrı rayonların (ərazilərin) toponimlərinin reprezentativ təhlili

İrəvan (1903-cü ilin xəritəsində Erivan, azərbaycan dilində İrəvan, rus dilində Yerevan) Ermənistanın paytaxtının adıdır. İrəvan Ağrı dərəsinin şimal kənarında Zəngi (Razdan) çayı sahilində 850-1300 m mütləq yüksəklikdə yerləşir. Yaşayış məntəqəsi kimi VI-VII əsrlərdən məlumdur. Müxtəlif tarixi dövrlərdə İrəvan xanlığının, İrəvan quberniyasının paytaxtı olmuşdur. İrevan (İrəvan) toponimi türk sözü olan "ir" - "dağın günəşli tərəfi", "dalğayabənzər dağ zirvəsi" və İran sözü olan "van" - "yer" sözlərindən ibarətdir. "Yerevan" formada yazılması da adın erməni dilində tələffüzü ilə əlaqədardır. XX əsrin əvvəllərində İrəvan iki hissədən - Təpəbaşı və Dəmirbulaqdan ibarət idi (Budaqov, Qeybullayev, 1998, s. 270).

Bir çox səyyahlar İrəvan qalası və İrəvan ətrafından bəhs edərkən azərbaycan mənşəli çoxlu toponimlərin adını çəkirlər: Sabunçu, Boyaqçı, Toxmaq, Şiləçi, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yonçalıq, Börkyü məhəllələri, Dəlməbulaq, Qırxbulaq, Sərdar bulaqları, Qədərçay, Zəngi çayları, Dərə bağı, Dərəkənd, Şəhər, Böyük meydanlar, Qanlı təpə, Üçtəpə, Qızılqaya, Qızıltəpə təpələri, Göy məscid, Qala məscid, Hacı Bəyim məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Novruzəli məscidi, Hüseynəli məscidi və s.

Xəritədə İrəvan ətrafında və yaxınlığında azərbaycan coğrafi adları yaxşı oxunur: Gillicə, Küzadjik, Avan, Qəmriz, Eylyar, Kərpiçli, Qurbağalı, Sarvanlar, Ağbaş, Canatlı, Molla-Dursun, Ağamzalı, Yalma, Qazı-göl, Qızıl-dağ, Ağ-dağ və s. Adların çoxunun xəritələri tərtib edən rus  topoqraf-kartoqrafları tərəfindən təhrif olunmasına baxmayaraq, ilk oxunuşdan bu toponimlərin azərbaycan mənşəli olduğu aydın olur.

1935-ci ildə Ermənistanda İrəvan şəhərinin adının dəyişdirilməsi barədə qərar qəbul edildi və ona Yerevan adı verildi. Beləliklə də türk-azərbaycan coğrafi adlarının kütləvi dəyişdirilməsi, əvəz olunması, başqa sözlə məhv edilməsinin (genosidinin)  əsası  qoyuldu.

Göyçə mahalı - Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan Respublikası) Göyçə gölü ətrafında yerləşən tarixi mahaldır. 1988-ci ilə qədər Göyçə mahalı azərbaycanlıların sıx yaşadığı ərazisi olmuşdur. 1747-1828-ci illərdə mahal İrəvan xanlığının tərkibinə daxil olmuş, sonralar isə İrəvan quberniyasının əsas hissəsi olmuşdur. 1918-ci ildə Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi Azərbaycan Demokratik Respublikasının tərkibində olmuşdur. Sovet imperiyası ADR-nı işğal etdikdən sonra Azərbaycan əraziləri olan Zəngəzur, Göyçə, Şərur, Dərələyəz və həmçinin Dilican mahalları qeyri-qanuni olaraq Ermənistana verilmişdir. Sovet hakimiyyəti illərində Ermənistan SSR-ı rayonlara bölünərkən Göyçə mahalı süni olaraq 5 inzibati rayona ayrılmışdır (Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər, Yelenovka).

İrəvan xanlığının bütün mahalları içərisində Göyçə mahalı yalnız geniş əraziyə malik olması ilə yox, həm də kəndlərinin sayının (103 kənd) çox olması ilə seçilirdi. Müxtəlif ensiklopediyalarda, tarixi mənbələrdə Qərbi Azərbaycanda (indiki Ermənistan) türk-azərbaycan mənşəli minlərlə yaşayış məntəqəsi, həmçinin digər makro, mezo və mikratoponimlərin adı çəkilir. Çoxlu belə toponimlər İ.Şopenin (1852) kitabında sadalanır. Müəllif 1829-1832-ci illərdə şəxsən apardığı siyahıyaalma nəticəsində Göyçə mahalı kəndlərinin siyahısını vermişdir. İ.Şopen həmçinin Göyçə mahalında Rusiya-İran (1826-1828-ci illər) və Rusiya-Türkiyə (1828-1829-cu illər) müharibələri nəticəsində dağılmış kəndlərin də allarını vermişdir. Bu siyahıda Azərbaycan adları üstünlük təşkil edir.

Biz bu halda üstünlüyü kartoqrafik mənbələrə - 1877-ci və 1903-cü illərdə tərtib olunmuş xəritələrə veririk. Qafqaz vilayətinin hərbi - topoqrafik xəritəsi topoqraflar korpusunun məlumatları əsasında ştabs-kapitan Kondratyev  tərəfindən 1877-ci ildə tərtib edilmişdir. Xəritə Qafqaz hərbi dairəsi ştabının hərbi-topoqrafiya şöbəsində 1:210000 (1 sm-də 2,1 km) miqyasında və yaxud ingilis düymu ilə 5 verst miqyasında nəşr edilmişdir. 1877-ci il xəritəsi və orta miqyaslı "Cənubi Qafqaz 1903-cü il" xəritəsi ərazinin əsas elementlərini, yaşayış məntəqələrini, inzibati vahidlərin sərhədlərini kifayət qədər aydın əks etdirir. Aşağıda ayrı-ayrı coğrafi obyektlərin adlarının siyahısı xəritədə yazıldığı formada verilir.

1877-ci ilin hərbi-topoqrafik xəritəsində aşağıdakı kəndlərin adları verilmişdir: Çubuxlı, Şəhriz, Çirçir, Komadzor, Ördəkli, Beqli-Hüseyn-Saraçlı, Tayçarıx, Baba-kişi, Dəli-Paşa (Paşakənd), Fərux, Yaycı, Randamal, Tsaxkunk, Totmaşen, Karvan-Saray, Aqpara, Kaxsı, Solak, Aşağı Axtı, Yuxarı Axtı, Bjni, Arza-kənd, Alapars, Ozanlar (Uzunlar), Suxoy fontan, Tez-Xarab, Qız-qala, Dava xaraba, Kənkan, Küylü, Dəlləkli, Rəhmankənd (Əfəndikənd), Hacımuxan, Aqzibir, Aqqala, Əyrivənk, Novo-Bəyazit, Noradüz, Qışlaq, Kulali, Paşa-kənd (Məmməd-Ağalı), Kosa-Mamed, Kərim-kənd, Dəli-qardaş, Küzəçik, Baş-kənd, Eranoc, Atəşxan, Vəli-ağalı, Tsakarqar, Göl-kənd, Aşağı Adiaman, Yuxarı Adiaman, Aşağı Qaranlıq, Abdulağalı, Əliqrıx, Zolaxaç, Gözəldərə, Kolani-Kərlan, Aşağı Alçalı, Gödək-bulaq, Cil, Ardaniç, Aqbulaq, Toxluca  və  başqaları.

"Cənubi Qafqaz. 1903-cü il"  hərbi-topoqrafik xəritəsində Göyçə mahalının kəndlərinin adları (onların yazılışı dəyişdirilmədən verilir) aşağıdakı kimi verilmişdir: Çubuxlu, Tsaxkunk, Tayçaxur, Qabaxlı, Dəli-paşa, Totmaşen, Şəhriz, Randamal, Dərəçiçək, Karvan – saray, Ağpara, Kaxsı, Solak, Bjni, Arza-kənd, Alapars, Uzunlar, Suxoy-fontan, Kənkan, Dəlləkli, Qara-qala, Axtı, Ördəkli, Rəhmankənd, Hacımuxan, Ağzıbir, Ağqala, Naradüz, Novo-Bəyazit, Qışlaq, Kulalı, Paşa-kənd, Kosa-mamed, Küzəcak, Dəli-qardaş, Baş-kənd, Eranos, Atamxan, Göl-kənd, Vəli-ağalı, Ədiəmən, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Əliqrıx, Zolaxaç, Kelani-krlan, Yuxarı Alçalı, Aşağı Alçalı, Gözəldərə, Zağalı, Qızıl-xaraba, Qızıl-vənk, Yarpızlı, Qızıl-bulaq, Daş-kənd, Sarı-yaqub, Basarkeçər, Böyük Mazrod, Kiçik Məzri, Şiş-qaya, Kəsəmən, Sadaqəxaç, Quşi-dərəli, Babacan-dərəsi, Cil, Ardanış, Ağbulaq, Qoxluca, Çəmbərək  və  s.

Göyçə mahalı kənd adlarının hətta vizual müqayisəsi azərbaycan mənşəli oykonimlərin böyük üstünlüyə malik olduğunu göstərir.

Zəngəzur – Azərbaycanın və indiki Ermənistanın bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Sisyan (Qarakilsə), Meqri, Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə etmişdir. Zəngəzur silsiləsi ilə Qarabağ yaylası arasında yerləşməklə Tərtər və Arpaçayın yuxarı axınlarından başlayaraq Araz çayına qədər uzanır.

Çar Rusiyası zamanı Zəngəzur Yelizavetpol quberniyasının tərkibində olmuşdur. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi olmuşdur. 1905-1907 və 1914-1920-ci illərdə  silahlı erməni daşnaqlarının təşkil etdiyi qanlı qətliam nəticəsində Zəngəzurda çoxlu türk və kürd əhalisi məhv edilmişdir. Bu illərdə Zəngəzurda 115 kənd yer üzündən silinmişdir. Erməni yaraqlıları 4472 qadın və uşağı qətlə yetirmişdir.

Cənubi Qafqazın sovetləşdirilməsindən sonra 1920-ci ilin noyabr ayında Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdır. Nəticədə Zəngəzurun 6742 kv. verst ərazisinin 3105 kv.versti Azərbaycan SSR-in tərkibində qalmış, 3637 kv. versti (4505 kv. km) isə Ermənistana verilmişdir. Faktiki olaraq aydın deyil ki, niyə Zəngəzurun daha böyük hissəsi Ermənistana hədiyyə verilmişdir.

Yenidən "Cənubi Qafqaz 1903-cü il" xəritəsinin toponimik məzmuna müraciət edək və Zəngəzurun Ermənistana keçən hissəsi hüdudlarındakı yaşayış məntəqələrinin (oykonimlərin) adlarına nəzər salaq. Bu hərbi-topoqrafik xəritədə Zəngəzurun aşağıdakı oykonimləri verilmişdir (onların yazılışı xəritəyə əsasən dəyişdirilmədən verilir):  Bazarçay, Borisovka, Qalacıq, Angelaut, Şəki, Ağudı, Uz, Pirnaut, Sisian, Baqarlu, Dərəbaz, Görusı, Bayandur, Xanazak, Dıq, Qerenzur, Xinzirək, Əli-qulukənd, Qaraunç, Xoto, Şinger, Əlili, Axlamian, Şıxlar, Şaqarcik, Tatev, Tanzaver, Zeyvə, Kürd-qala, Şabadin, Artsevanik, Dovruz, Oxtar, Kirəç, Kyurut, Peyqan, Kiqi, Pirili, Quşyalı, Kirataq, Katar, Xalac, Karxana, Qyudqyum, Şaqarcik, Aqarak, Çakadin, Şixauz, Şişkert, Furxut, Oxçu, Acılı, Şabadın, Lişk, Vənk, Vartanazur, Leqvaz, Miqri, Əlidərə, Astazur, Ast, Nüvədi  və  s.

Rus topoqraf – kartoqraflarının xəritədə bir çox adları təhrif edərək yazmaqlarına baxmayaraq, Zəngəzurun yaşayış məntəqələrinin siyahısında azərbaycan oykonimləri aydın şəkildə üstünlük təşkil edir.

Relyef formaları (oronimlər) və su obyektləri (hidronimlər) adlarının reprezentativ təhlili

"Cənubi Qafqaz. 1903-cü il" hərbi-topoqrafik xəritəsinin toponimik məzmununun tədqiqini tam təsəvvür etmək üçün Qərbi Azərbaycan ərazisinə aid olan oykonimlərlə yanaşı relyef formalarına (oronimlər) və su obyektlərinə  (hidronimlər) aid adların reprezentativ təhlilini vermək lazımdır. Coğrafi adların toponimik şərhini vermək məqsədi ilə orta  miqyaslı "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi ilə yanaşı 1877-ci ildə nəşr edilən Qafqaz vilayətinin beş verst miqyaslı müfəssəl xəritəsindən istifadə edilmişdir. Bu xəritədə Qərbi Azərbaycanın mərkəzi hissəsini İrəvan (Erivan) şəhərindən Göyçə gölünə qədər olan əraziləri əhatə edir. Aşağıda Qərbi Azərbaycandakı (indiki Ermənistan) relyef formalarının (oronimlər) coğrafi adlarının siyahısı "Cənubi Qafqaz. 1903-cü il" xəritəsində tərtibçilər tərəfində yazdığı qaydada verilir. Hətta xəritədə bir çox coğrafi adların təhrif olunmuş formada verilməsinə baxmayaraq əksər oronimlərin azərbaycan mənşəli olmasını gizlətmək mümkün deyil. Beş verst miqyaslı 1977-ci il Qafqaz vilayətinin hərbi-topoqrafik xəritəsində oronimlərin sayı bir neçə dəfə artır (makroformalara mezo və mikroformalarında adları əlavə olunur). Hətta bu halda belə toponimlərin mütləq çoxluğunun azərbaycan mənşəli olduğu aydın görünür. Ona görə də burada 1877-ci il xəritəsindəki oronimlərin uzun siyahısı verilmir.

"Cənubi Qafqaz. 1903-cu il" xəritəsində indiki Ermənistan ərazisində aşağıdakı relyef forması adları (oronimlər) göstərilmişdir: Əyri-təpə dağı, Ərdağ, Soyuq-bulaq dağı, Künoy dağı, Qaraulçu dağı, Tselen-göl dağı, Murğuz dağı, Keçan-dağ, Tec-Əhməd dağı, Bozabdal dağı, Daş-kəsən dağı, İlandağ dağı, Maymex dağı, Qolqat dağı, Alagöz dağı, Əlibəy dağı, Qara-köynək dağı, Qarnıyarıx dağı, Qızılyar dağı, Qara-dağ dağı, Qızıl-dağ dağı, Böyük Ağ-dağ, Kiçik Ağ-dağ, Arxaşın dağı, Top-dağ dağı, Qara-qaya dağı,  Gözəl-dərə dağı, Murad-təpə dağı, Qızıl-bahası dağı, Böyük İşıxlı dağı, Dəmirli dağ, Armaz dağı, Kanucik dağı, Sıx-yurdu dağı, Xustup dağı, Bartaz dağı.

Qərbi Azərbaycanın (indiki Ermənistan) su obyektlərinin (hidronimlər) adlarının siyahısı iki kartoqrafik mənbəyin 1877 və 1903-cü il xəritələrinə əsasən heç bir dəyişiklik edilmədən verildikdə, onların qarşılıqlı surətdə bir-birlərini tamamladığı görünür. "Cənubi Qafqaz. 1903-cü il" xəritəsində indiki Ermənistanın ərazisində aşağıdakı hidronimlər göstərilmişdir: Əksibara çayı, Akstafa çayı, Həsən-su, Tauz-çay, Arpa göl, Tərs çay, Bamba çayı, Maman çayı, Abaran çayı, Qarniçay, Vedilçay, Qaragöl gölü, Göyçə gölü, Şərqi Arpaçay, Bazarçay, Miqri-çay, Araks çayı, Kazı-göl gölü  və  s.

Aşağıda Qərbi Azərbaycanın (indiki Ermənistan) hidronimlərinin daha müfəssəl siyahısı 1877-ci il beş verst miqyaslı Qafqaz vilayətinin hərbi-topoqrafik xəritəsi əsasında verilir: Ax-buqa çayı, Xaç-bulaq çayı, Soux-su, Akstafa çayı, Ağ-su çayı, Tərs-çay, Alpaut çayı, Aqartsin çayı, Şataqana çayı, Byadan-çay, Polad-çay, Balık-çay, Arxoşan çayı, Tec-Əhməd çayı, Kömürlü çayı, Çələbi çayı, Bəmbək çayı, Qarpi çay, Çaxkalı çayı, Çaçxan çayı, Qoçqara çayı, Taş-bulaq çayı, Qara-çoban çayı, Vənk-dzor çayı, Karpi-çay, Qexal-dərə çayı, Korbulaq çayı, Halavar çay, Bozexoş çayı, Atam-dərəsi çay,  Ulyaşix çayı, Mərmər-çay çayı, Maman (Misxana) çayı, Zanqa çayı, Qaranlıx çayı, Gözəl-dərə çayı, Dəli-çay, Arxaşen çayı, Ampur çayı, Baku-göl gölü, Qara-göl gölü, Kəvər çayı, Qulu-dərə çayı, Kaçı-qaya  gölü, Qendara-su çayı, Daşli-göl gölü, Kapi-göl gölü, Ayqer-göl gölü, Aqiar çayı, Kılıl-çay çayı, Toqmaqan-göl gölü, Artsa-göl gölü, Tsakarkar gölü, Göyçə və ya Sevan gölü, Şampırt çayı  və  s.

Çay, göl coğrafi adlarının (hidronimlərin) müqayisə təhlili, həmçinin oronimlərin analizi azərbaycan mənşəli toponimlərin tam üstünlüyünü göstərir. Yaşayış məntəqələrinin (oykonimlərin) adları ilə müqayisədə azərbaycan mənşəli oronim və hidronimlərin sayının artıqlığı özünü daha aydın şəkildə büruzə verir. Bunu nəzərə almalıyıq ki, bir qayda olaraq relyef formaları, çay və göllərin adları yaşayış məntəqələri yaranmazdan əvvəl yaranır. Ona görə də bu fakt bir daha sübut edir ki, bu ərazilər azərbaycan xalqına məxsusdur.

Müxtəlif dövrlərin xəritələrinə əsasən Ermənistanın ayrı-ayrı toponimlərinin dəyişilmə dinamikası

Köhnə və yeni tarixi-coğrafi xəritələrin mövcudluğu Ermənistanda ayrı-ayrı toponimlərin dəyişmə dinamikasını izləməyə imkan verir.

XIX əsr topoqrafik xəritələrin müqayisəli təhlili göstərir ki, həmin vaxtların adları dəyişdirmə (erməniləşdirmə) siyasəti kütləvi xarakter almamışdır. Cənubi Qafqazın, o cümlədən Qərbi Azərbaycanın sovetləşdirilməsindən sonrakı dövrdə nəşr olunan xəritələrinə əsasən demək olar ki, sovet hakimiyyəti illərində erməni millətçiliyi tam dəstək və sərbəst hərəkət azadlığı almışdır. Leninizm-Stalinizm diktaturası dövründən başlayaraq, satqın «damğalı» prezident Mixail Qorbaçova qədər, yəni 70 il ərzində (1920-1990) erməni millətçiləri himayəçilik və cəzasızlıq mühitindən istifadə edərək azərbaycanlıları öz tarixi torpaqlarından tam deportasiya etdilər və Qərbi Azərbaycandakı coğrafi adların əksəriyyətini dəyişdirdilər.

Müxtəlif illərdə nəşr edilmiş xəritələrə əsasən Ermənistanda toponimlərin dəyişilmə dinamikasının cədvəli

XIX əsrin II yarısı və   XX əsrin  əvvəllərinin xəritələri

XX əsrin ortalarının xəritələri

XXI əsrdə nəşr olunmuş xəritələr

Yaşayış məntəqələrinin (oykonimlər) coğrafi adları

Erivan (İrəvan) 

Yerevan

Yerevan

Nova-Bəyazet

(Yeni Bəyazid)

Nor-Bəyazet

Kever

Aşağı Qaranlıq

Martuni

Martuni

Basarkeçər

Basarkeçər

Vardenis

Bazarçay

Bazarçay

Squk

Karvan –saray

İcevan

İcevan

Cəlal-oğlu

Stepanavan

Stepanavan

Hamamlı

Spitak

Spitak

Tauz-qala

Berd

Berd

Molla-göyçə

Maralik

Maralik

Baş -aparan

Aparan

Aparan

Dərəçiçək

Tsaxkadzor

Tsaxkadzor

Aşağı Axtı

Axta

Razdan

Karavan-saray

Atarbekyan

Atarbekyan

Eylyarı

Elar

Abovyan

Sərdar-abad

Oktemberyan

Armavir

Kəmərli

Artaşat

Artaşat

Soylan

Əzizbəyov

Vayk

İstisu

Cermuk

Cermuk

Gerus

Goris

Gorus

Dərəbaz

Darbas

Darbas

Angelaut

Anqexanot

Anqeqakot

Nüvədi

Nüvədi

Şvanidzor

Relyef formalarının coğrafi adları (oronimlər)

Alagöz dağı

Araqats (Alagöz) dağı

Araqats dağı

Lyalvar dağı

Lalvar dağı

Lalvar dağı

Əyri-təpə dağı

-

Ayrıkar dağı

Böyük İşıxlı dağı

Böyük İşxanasar dağı

Mets İşxanasar dağı

Qızıl-Baqası dağı

-

Squk dağı

Armaz dağı

Aramazd dağı

Aramazd dağı

Qara-qaya dağı

 

Astqonk dağı

Çay və göllərin coğrafi adları (hidronimlər)

Zəngə və ya Zəngi ç.

Razdan (Zəngə) ç.

Razdan ç.

Akstafa ç.

Aqstev ç.

Aqstev ç.

Maman (Misxana) ç.

Marmarik ç.

Marmarik ç.

Bəmbək-çay ç.

Pəmbək ç.

Debet ç.

Abaran ç.

Kasax ç.

Kasax ç.

Tərs-çay

Qetik ç.

Qetik ç.

Bazar-çay

Vorotan ç.

Vorotan ç.

Oxça-çay

Voxçi ç.

Voxçi ç.

Vedilçay

Vedi ç.

Vedi ç.

Tauz-çay

Tavuş ç.

Tavuş ç.

Balıq - çay

Dzıknaqet ç.

Dzıknaqet ç.

Arpa-göl gölü

Arpiliç gölü

Apriliç gölü

Qara-göl

Kari-liç gölü

Kariliç gölü

Göyçə gölü

Sevan gölü

Sevan gölü

Toponimlərin təhlili zamanı yuxarıda qeyd olunan xəritələrlə yanaşı digər kartoqrafik mənbələrdən də istifadə edilmişdir: "Ermənistan SSR. Fiziki xəritə" m.1:600000, 1955, "Ermənistan SSR. İnzibati-ərazi xəritəsi" m.1:600000, 1957, "Ermənistan Respublikası ərazisində Azərbaycan mənşəli toponimlər" m. 1:500000, 2017, "Ermənistan Respublikası ərazisində Azərbaycan mənşəli hidronimlər" m. 1:500000, 2017.

NƏTİCƏ

Azərbaycan-türk toponimlərinin müxtəlif üsullarla erməniləşdirilməsi kimi məqsədyönlü siyasət sovet imperiyası illərində Ermənistanın dövlət siyasətinin vacib tərkib hissəsi olmuş və XX əsrdə etaplarla davam etmişdir. Moskva arxivlərində Ermənistan SSP Ali Soveti Prezidiumunun 60-dan çox sərəncamları və digər sənədləri saxlanılır, hansı ki, bunların əsasında Azərbaycanın tarixi ərazisində (indiki Ermənistan) yaşayış məntəqələrinin adları dəyişdirilmişdir. Bu sərəncamlar əsasında yalnız 1946-1968-ci illərdə müxtəlif səbəblərə görə 300-dən çox azərbaycan – türk toponimləri erməni adları ilə əvəz olunmuşdur. Bu gün belə dəyişdirilmiş toponimlərin sayı mini keçir. Belə rəsmi dövlət sərəncamları Ermənistanın özünün tarixi sənədləri kimi birbaşa türk toponimlərinin  genosidi olan rüsvayçı erməni  siyasətini ifşa edir.

Ermənistan ərazisində azərbaycan toponimlərini təhrif etmədən göstərən "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi ilə yanaşı 1931-ci ildə Leninqradda 1:500000 miqyasda çap olan "Siyasi-inzibati xəritə. Zaqafqaziya Federasiyası" xəritəsi də qiymətli informasiya mənbəyi oldu. Bu xəritəyə əsasən aparılan toponimik tədqiqatlar göstərdi ki, artıq sovet dövrünün başlanğıcındakı 1920-1930-cu illərdə artan sürətlə toponimlərin erməniləşdirilməsi siyasəti başlamışdır. Bu illərdə tarixən azərbaycanlıların məskunlaşdığı yaşayış məntəqələrinin adları dəyişdirilərək əsasən xatirə-simvolik adlarla əvəz olunmuşdur. Xəritənin təhlili həmçinin göstərmişdir ki, artıq sovet imperiyasının ilk illərindən Ermənistanda çoxlu qədim azərbaycan toponimləri dəyişdirilmişdir.

"Zaqafqaziya Federasiyasının inzibati-siyasi xəritəsi"nin (1931) toponimik məzmunu göstərdi ki, müasir Ermənistan ərazisindəki coğrafi adların əksəriyyəti azərbaycan-türk mənşəlidir. Bu xəritədə toponimlərin dil mənsubiyyətinə görə paylanması aşağıdakı kimdir (Budaqov və b., 2006, s.97; Əzizov və b., 2015, s.38): Azərbaycan-türk 78%, hibrid 3,9%, erməni 3,4%, rus 1,3%, ərəb 0,9%, iran 0,5%, dil mənsubiyyəti müəyyən edilməyənlər 12%.

Erməni təcavüzkarlarının həyasızlıqları sərhəd tanımır. Onlar keçmişdə də, indi də, himayəçi dövlətlər və erməni mafiyası tərəfindən həvəsləndirilir və idarə olunur.

Dövlət işğalçılıq siyasətinin reallaşdırılması və ardınca Qafqaza ermənilərin köçürülməsi rus çarı I Pyotr tərəfindən başlanmışdır (1682-1725). I Pyotr 10 noyabr 1724-cü il tarixli ali (əlahəzrət) sərəncamı ilə rəsmi şəkildə erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşmağa dəvət edirdi və bununla onlara imtiyazlar müəyyən edirdi [11]. I Pyotrun ermənilərə münasibətlə əlaqədar siyasəti II Yekaterina (1762-1796), sonralar imperatorlar I Aleksandr (1801-1825) və I Nikolay (1826-1855) tərəfindən davam etdirilmişdir.

XIX əsrin əvvəllərində Rusiya imperiyası azərbaycan torpaqlarını işğal etdikcə ermənilərə xüsusi diqqət vermələri də artırdı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən sonra ermənilərin Qafqaza, əsasən Şimali Azərbaycana köçmələri rəsmi xarakter aldı. 21 mart 1828-ci il tarixində, yəni Azərbaycan xalqı üçün çox əziz olan Novruz bayramı günü imperator I Nikolayın əmri ilə işğal olunmuş Naxçıvan və İrəvan xanlıqlarının yerində "Erməni vilayəti" yaradılmaq barədə əmr verildi və köçgün ermənilərin sayı mexaniki surətdə artmağa başladı (Qlinka S.A., 1990). Qısa müddət ərzində İrandan 40-50 min, Osmanlı imperiyasından isə 90 minə qədər erməni köçürüldü. Yeni yaradılmış vilayətin tərkibinə daxil olan 1111 kənddən yalnız 62 kənddə ermənilər yaşayırdı, və axırıncılardan isə yalnız 14 kəndin adı erməni mənşəli idi.

N.N.Savrov Qafqaza ermənilərin köçürülməsi faktını qeyd edərək yazırdı: "Son 13 ildə bizə köçürülən ermənilərin sayının neçə çox olmasını görmək üçün aşağıdakı rəqəmləri müqayisə etmək lazımdır: 1896-cı ildə Zaqafqaziyada yaşayan ermənilərin sayı 900 min nəfər olmuşdursa, 1908-ci ildə bu rəqəm 1 mln. 300 min nəfər olmuşdur. Deməli, bu müddət ərzində onlar 400 min nəfər artmışdır. Əgər, təbii artımı nəzərə alsaq, onda biz 13 il ərzində 300 min erməni köçürtmüşük". O, açıq şəkildə təsdiq edir ki, ”indi (yəni XX əsrin əvvəlində - müəllif ) Zaqafqaziyada yaşayan 1 mln. 300 min nəfər erməninin 1 mln-dan çoxu vilayətin yerli sakinlərinə aid deyil”  (Savrov, 1990, s.64).

XIX əsrin əvvəllərində (1828-1931-ci illər) ermənilərin kütləvi surətdə Şimal Azərbaycana köçürülməsi tarixi faktdır. Bu prosesin tarixi kökləri, səbəbləri və məqsədi kifayət qədər aydındır. Ərazilərin "erməniləşdirilməsi" prosesi bir neçə mərhələdə yerinə yetirilmişdir. 1894-1908, 1915-1920, 1946-1958-ci illərdə ermənilərin köçürülməsi əsasən İran, Türkiyə, Suriya və Livandan olmuşdur. Akademik Yaqub Mahmudov bu məsələnin tədqiqinin aktuallığı səbəbini belə izah edir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etmək siyasətinin reallaşdırılması, etnik təmizləmə və azərbaycanlıların genosidi hələ davam edir. 1988-1989-cu illərdə Ermənistandan Azərbaycanın tarixi hissəsi olan İrəvan və Zəngəzur regionlarının yerli əhalisi olan axırıncı 300 min azərbaycanlı qovulmuşdur.

Ermənistanın antiazərbaycan siyasəti görünməmiş qəddarlıq və zorakılıqla davam edir (Mahmudov, 2015, s.18). 1894-1908, 1915-1920-ci illərdə ermənilərin Şimali Azərbaycana köçürülməsi və onların azərbaycanın ən yaxşı torpaqlarına yerləşdirilməsi evlərin, bütöv kəndlərin talan edilməsi, yandırılması, günahsız yerli sakinlərin – uşaqların, qadınların, qocaların vəhşicəsinə öldürülməsi ilə həyata keçirilirdi. Bu hadisələrin rəqəmlərdə ifadəsinin statistikası dəhşətlidir və qanlı qırğın, təcavüz rəqəmləri normal insanın psixologiyasını sarsıdır, gicəllədir, günahlandırır. Təsəvvür etmək çətindir ki, neçə XX-XXI əsrlərdə azərbaycan torpaqlarında azərbaycan xalqı  bir-birinin ardınca geonosidə  məruz qalır, minlərlə, on minlərlə günahsız insanlar kütləvi məhv  edilir. Görünən odur ki, müasir dövrdə "Böyük  Ermənistan" idealogiyası erməni millətçiliyindən faşizmin insana nifrət ideologiyasına keçmişdir, hansı ki, bütün Qafqaz xalqları, xüsusilə ilk növbədə  azərbaycan xalqı üçün böyük təhlükə yaradır. Hələ 2004-cü ildə tarixçi-alim İsrafil Məmmədov kitab redaktoru kimi bizə, yəni oxuculara xatırlatmışdır: "... Azərbaycanın Qərb bölgəsi türksüz qalıb, orada ən azı  959 kəndimiz yerlə-yeksan edilib, … təkcə son iki yüz ildə iki milyon soydaşımız qətlə yetirilib …"

Rus hərbi topoqraf-xəritəçilər tərəfindən tərtib və nəşr olan “Qafqaz hərbi dairəsinin 1903-cü il hərbi-topoqrafik xəritəsi” təcavüzkar Ermənistanın əsassız iddialarını ifşa etmək üçün çox böyük əhəmiyyətə malikdir. Onun əsasında nəşr olunmuş “Cənubi Qafqaz. 1903-cü il” xəritəsindən gətirilmiş oykonim, oronim və hidronimlərin siyahıları onu göstərdi ki, indiki Ermənistanın ərazisindəki coğrafi adların (toponimlərin) mütləq çoxluğu azərbaycan mənşəlidir.

Tarixi, toponimik və kartoqrafik tədqiqatlar göstərir ki, çox əsrlər bundan əvvəl indiki Ermənistan ərazisində məskunlaşmış azərbaycan xalqına məxsus yerli adları, toponimləri tarixi mənbələrdən, coğrafiya xəritələrindən silib atmaq olmaz. Tarix tarix kimi qalır və onu kiməsə sərf edən formada  yenidən  yazmaq  mümkün  deyil.

Ramiz MƏMMƏDOV, AMEA-nın akad. Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik

Şamil ƏZİZOV, AMEA-nın akad. Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: