AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun tədqiqat istiqamətlərindən birini də Qarabağ xalçaçılığı təşkil edir.
Yarandığı vaxtdan indiyədək sektorda bu istiqamətdə həm nəzəri, həm də praktiki tədqiqatlar aparılıb. Xalçaçılıq Azərbaycan tarixinin ayrılmaz hissəsi, milli etnoqrafiyamız, mədəniyyətimizdir. Azərbaycan xalçasının toxunduğu hər yer, o cümlədən Qarabağ Azərbaycandır!
Ermənilərin Azərbaycan xalçaçılığına, xüsusən onun ayrılmaz hissəsi olan Qarabağ xalçalarına qarşı iddiası həmişə olub. Bu iddianın tarixi onların Azərbaycanın ərazi bütövlüyünə, tarixi torpaqlarına qarşı iddialarının tarixi qədərdir. Erməni mətbuatının, elmi ictimaiyyətinin Azərbaycan xalçası uğrunda ideoloji mübarizəsini təbii hal hesab etmək lazımdır. Onlar xalçanın hər bir azərbaycanlı üçün nə demək olduğunu, onun necə bir milli-mənəvi əhəmiyyət kəsb etdiyini yaxşı bilirlər. Biz bu prosesi diqqətdə saxlamağa çalışırıq. Hesab edirəm ki, biz ermənilərin istər xalçaçılığa, istərsə də hədəf seçdikləri digər milli məsələlərə dair atacaqları addımı, daha doğrusu, vuracaqları zərbəni gözləmək əvəzinə, özümüz əməli fəaliyyətlə məşğul olmalıyıq. Təbliğatımızı düzgün və intensiv şəkildə aparmalıyıq. Bu mənada Azərbaycan elmi qarşısında, o cümlədən xalçaşünaslıq elmi qarşısında mühüm vəzifələr durur.
Sektorumuz yaranan vaxtdan indiyədək Qarabağ xalçaçılığı üzrə müxtəlif tədqiqatlar aparmışıq. Xalça qruplarının elmi təsnifatına uyğun olaraq, Qarabağ xalça qrupuna Şuşa, Ağdam, Füzuli, Tərtər, Xankəndi, Xocalı, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdərə, Laçın, Xocavənd, Beyləqan, Ağcabədi, Bərdə, Zəngilan kimi rayonlarda toxunmuş xovlu və xovsuz xalçalar, xalça məmulatları daxildir. Tədqiqatlarımız zamanı adı çəkilən bu rayonlarda 500 xalçaçılıq məntəqəsi üzrə XIX əsrin sonundan müasir dövrümüzədək 2000 nəfərə yaxın xalçaçı, 30 nəfər xalça taciri, 40 nəfər boyaqçı haqqında məlumatlar toplanılıb. 450 ədəd müxtəlif ölçülü xalçalar və xalça məmulatlarının fotoşəkilləri çəkilib, texniki göstəriciləri, saxlanma yerləri müəyyənləşdirilib. Qarabağ bölgəsinin əksər rayonları işğal altında olduğundan, bir çox tədqiqatlarımız respublikamızın məcburi köçkünlərin məskunlaşdıqları rayonlarında aparılıb. Topladığımız materiallar, Qarabağ xalçaçılığının ümumazərbaycan tarixi kontekstində öyrənilməsi bir daha sübut etdi ki, Qarabağ xalçaçılığı elə Qarabağın özüdür. Təbiətidir, iqlimidir, əhalisinin dünyagörüşüdür, zövqüdür, məişətidir, xalçanı yaratmaq və yaşatmaq bacarığıdır.
Bu sənətin Qarabağda tarixi kökləri birbaşa türkçülüklə bağlıdır. Bu ərazidə toxunan bütün xalçalar üzərində türkçülüyü əks etdirən, Bayat, Kəngərli, Kolanı, Bəydili, Dəmirçi, Qazançı, Yaycı, Muğanlı, Əfşar, Quşçu, Otuzikilər, İyirmidördlər, Qaraqoyunlular və s. kimi onlarla türk tayfalarının rəmzi olan elmenetlərə, damğalara rast gəlinir. Xalçaların xammalı məsələsinə gəlincə isə qeyd etmək vacibdir ki, kataloqlaşdırdığımız xalça nümunələri uzun müddət keçməsinə baxmayaraq, öz keyfiyyətini, rəngini itirməyiblər. Bu da onların keyfiyyətli yundan hazırlanmış, əl üsulu ilə daranmış və əyirilmiş, təbii boyaqlarla boyanmış iplərdən böyük ustalıqla toxunduğunu göstərir. Xüsusi diqqət ayırdığımız sahələrdən biri də dünya miqyasında şəxsi kolleksiyalarda, muzeylərdə tarixi və orijinal Qarabağ xalça çeşnilərinin kataloqlaşdırılmasıdır. Qarabağ xalçalarının dünyada geniş yayılmasının əsas səbəbi vaxtilə ona xalça bazarlarında təlabatın böyük olması, bu xalçaların çox sayda satılaraq Rusiyaya, Avropaya yayılması ilə bağlıdır. Sektorumuzda Qarabağ xalçalarının düzgün adlandırılması, muzey ekspozisiyalarında Azərbaycan xalçaçılıq sənətinin nümunəsi kimi təqdimatı məsələsi də diqqətdə saxlanılır. Hesab edirəm ki, bundan sonra da Xalçaşünaslıq sektorunda Qarabağ xalçaçılığı üzrə kompleks tədqiqatların miqyasının genişləndirilməsinə böyük ehtiyac var. Bu tədqiqatların Azərbaycan Milli Elmlər Akademiyasında aparılan Azərbaycan tarixinə, etnoqrafiyasına, sənətkarlıq tarixinə dair fundamental tədqiqatların mühüm istiqamətlərindən birinə çevriləcəyindən əminəm.
Vidadi MURADOV, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, tarix üzrə elmlər doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.