Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Müdrik siyasi xadimin qətiyyəti xalqın xilaskarlıq missiyasını müəyyən edir
09.10.2020 10:44
  • A-
  • A
  • A+

Müdrik siyasi xadimin qətiyyəti xalqın xilaskarlıq missiyasını müəyyən edir

Tarixin həlledici anında müstəqilliyimizin əldə edilməsi ilə Azərbaycan xalqının müdrik iradəsi güclü siyasi liderlə xalqın vəhdətini bir arada birləşdirdi. Dahi siyasi xadim Heydər Əliyevin müdrikliyi azərbaycan xalqının nicat yolunu və güclü dövlətçilik strategiyasının lokomotivinə çevrildi. Bu strategiya dövlətçilikdə irs və varislik əlaqələrinin Prezident İlham Əliyevin möhkəm iradəsi və planetar təfəkkürlu düşüncələri ilə möhkəmlənmiş, qüdrətli Azərbaycanın dövlət strategiyasını müəyyənləşdirmişdir. Yaxın tariximizin aci həqiqətləridir ki, SSRİ-nin süqutu ilə dünyanın siyasi arenasına yeni şəraitdə, yeni formatda cərəyan edən erməni şovinizmi, seperatizmi, vandalizmi kimi ən dəhşətli terminlər daxil olmağa başladı. Erməni sindromu  ilə bir arada dünyada öz himayədarlarını tapan belə ocaqlar bəşəriyyəti uçurum qarşısına gətirməklə yanaşı, həlli dalana dirənmiş münaqişə ocaqlarını, milyonlarla insanların faciəsinə səbəb olmuş ərazi və milli etnik münaqişələri daha da dərinləşdirmişdir.

Bu gün nə qədər ağır olsa belə deməliyik ki, bəşəriyyətin təhlükəsizliyinə təhdid olan bu bəla ilə müstəqilliyimizin ilk vaxtlarından Azərbaycan dövləti və xalqı mübarizə aparmaq məcburiyyətində qalmışdır. Bu mübarizədə isə beynəlxaq siyasətə təsir etmək, ermənilər tərəfindən əvvəlcədən yaradılmış qərəzli informasiya blokadasını yarmaq, həqiqətləri sübut və qəbul etdirmək təbii ki, qlobal və planetar siyasi təfəkkürün gücü ilə mümkün olmuşdur. Bu əzmkarlıq, möhkəm iradə, milli təəssübkeşlik, dünyada humanizm prinsiplərini qorumaq  İlham Əliyev fenomeni ilə bir arada öyrənilməli, dərk edilməlidir.

Azərbaycan dövləti öz strateji xəttini son 30 ildə dünyada sülh və sabitliyin qorunmasına dair çağırışları, bəyanatları ilə həyata keçirməkdədir. Lakin beynəlxalq aləmin Ermənistanın və bunun kimi terrorçu rejimlərin siyasətinə göz yumması, ona rəvac verməsi bir daha göstərir ki, bu gün də dünya ikili standartların buxovunda boğulmaqdadır. Əgər təkcə 1990-cı illərdən bəri Ermənistanda hakimiyyətə gəlmiş rejimlərin xarakterinə baxsaq, cinayətkarlıq, diktatorluq, düşmənçilik, nifrət və terrorçuluq əməllərinin hələ də hökm sürdüyünün şahidi oluruq. 2019-cu ildə Paşinyan qanunsuz olaraq Dağlıq Qarabağın Ermənistan olduğunu bildirmiş, danışıqlar prosesinə növbəti zərbə vurmuşdur. 2020-ci ilin mart ayında Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı qondarma andiçmə mərasiminin Azərbaycanın qədim şəhəri Şuşada keçirilməsi terrorçu rejimlə danışıqlar prosesini tamamilə iflic etmişdir. Bütün bunların gedişini və mahiyyətini Azərbaycan Prezidenti İlham Əliyev müntəzəm olaraq dünya dövlətlərinə və onların rəhbərlərinə çatdırmış, izah etmiş və haqlı tələblər qoymuşdur. Hətta bir neçə gün öncə BMT Baş Assambleyasında çıxış zamanı Prezident İlham Əliyev Ermənistanın təxribatları və bu rejimin yenidən müharibəyə hazırlaşması haqqında məlumatlar verərək onun dayandırılmasının vacibliyini diqqətə çatdırmışdır. Bütün bunlar dünya birliyinə müdrik siyasi lider tərəfindən bir ismarıc idi. Lakin nəinki təcavüzkara münasibətin olmaması, hətta ona şərait yaradılmasının davam etməsi bir daha dünyadakı məkrli qüvvələrin niyyətlərini açıq-aşkar göstərdi. Ona görə də erməni terrorçularının yenidən ərazilərimizə hücümuna cavab olaraq Azərbaycan xalqının əzəli  torpağımızın azadlığı uğrunda mübarizəsi Ali Baş Komandanın qətiyyəti və müdrikliyi ilə mühüm tarixi anda verilmiş qərardır.

Bu tarixi mərhələdə güclü siyasi liderin ətrafinda birləşib onun qərarları ilə zəfər yürüşünə başlamağın artıq zamanı yetişmişdir. Bütün dünyaya artıq bəllidir ki, Azərbaycan öz ərazisində terrorizmlə, seperatizmlə ümumxalq mübarizəsi aparır. Ona görə də Prezident İlham Əliyev bəyan etdi ki, "əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək". Bu gün dünyanın mötəbər tribunalarında Azərbaycan xalqının milli mənafeyini ifadə edən Prezident İlham Əliyev bir daha sübut edib ki, ədalət meyarını pozanlar və ona qarşı çıxanlar özləri üçün ölçü götürməlidirlər. Bu mövqe yüksək diplomat peşəkarlığı ilə Yunanıstanın Azərbaycana təyin olunmuş yeni səfirinin etimadnaməsini qəbul edərkən də ifadə olunmuşdur. Bu gün bütün dünyaya bəllidir ki, faşist ideologiyasını dövlət siyasətinə çevirən Ermənistan bu ideologiyanın təsiri altında bütün dayaqları itirməklə özünütəcrid vəziyyətindədir. Buna  erməni xalqının siyasi liderlərinin “erməniçilik ideologiyası” kimi sərsəm xülyalardan qaynaqlanan, tarixsiz, mövcudluğu olmayan, bəşəriyyətə həmişə ləkə gətirən, saxta və pərdələnmiş siyasi sayaqlamaları başlıca səbəb olmuşdur. Gedən proseslər həmişə göstərib ki, onların həyatındakı qaranlıq və özlərinə də aydın olmayan tarixin mövcudluğu bu toplumun yaşam tərzinin və sahib olduğu təfəkkürün bilavasitə göstəricisidir. İsbata ehtiyacı olmayan digər bir fakt budur ki, Azərbaycan öz hərbi-siyasi-diplomatik gücü ilə ona qarşı yönələn bütün cəbhələri yarmaqla dünyada obyektiv informasiya təminatına nail olub. Öz vətəninin azadlığı uğrunda, öz tarixi torpaqlarında düşmənlə mübarizəyə girib. Əminik ki, xalq-lider birliyimizin sarsılmazlığı xalqımızın qələbəsini təmin edəcəkdir.

Bu tarixi anda Ali Baş Komandan İlham Əliyevin əmrləri hər kəs tərəfindən operativ şəkildə yerinə yetirilməli, xalq-siyasi lider birliyinin qələbə yolunda yeganə amal olduğu dərk edilməlidir. Biz bu tarixi anda istər daxilimizdə, istərsə də xaricdə Azərbaycan haqqında qərəzli informasiyalar yaratmaq cəhdləri edən, həqiqətlərin qəsdən təhrifi yolunu tutanlara qarşı mübarizə aparmalıyıq. Bu gün siyasi əqidəsindən və sosial mənsubiyyətindən asılı olmayarq hər bir vətəndaş Azərbaycanın ədalətli və haqq işi uğrunda apardığı mübarizədə vətənpərvərlik hislərini təbliğ etməli, öz sahəsində  mübarizəni əməli işə çevirməlidir. Ermənistanın sərsəm ideologiyasının, işğalçı və vandalizm siyasətinin region, eləcə də bəşəriyyət üçün təhlükəsinin mahiyyətinin ziyalılarımız tərəfindən ifşa olunması davamlı xarakter almalıdır.

Ali Baş Komandan tərəfindən edilən hər bir çağırış xalqımızın birlik, mütəşəkkillik simvolu olmalıdır. Bütün bunlar onu şərtləndirir  ki, biz vətənimiz uğrunda savaşırıq və mühüm tarixi, həlledici məqamı yaşayırıq. Bizi bir amal, bir əqidə, bir məslək birləşdirir -  qələbə, qələbə və  qələbə!!!

Sənan HƏSƏNOV, YAP AMEA Fəlsəfə İnstitutu Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: