AMEA-nın Rəyasət Heyəti aparatı və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, Həmkarlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud açaraq diqqətə çatdırıb ki, Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biri olan əməyin mühafizəsi sahəsində bir çox normativ sənədlər qəbul edilib və Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ sənədlərlə əməyin mühafizəsi sahəsində milli qanunvericilik yaradılıb. Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin mühafizəsi ilə bağlı Konvensiyaları dövlətimiz tərəfindən qəbul edilib və bu sahədə milli qanunvericiliyimiz təkmilləşdirilməkdə davam edir.
Günün əhəmiyyətindən söz açan filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud qeyd edib ki, işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılması məqsədilə Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildə 28 apreli Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edib. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir.
Məruzəçi bildirib ki, BƏT tərəfindən hər il Ümumdünya Əməyin Mühafizəsi Günü müasir çağırışlardan irəli gələn mövzularda elan olunur. Bu il Ümumdünya Əməyin Təhlükəsizliyi və Sağlamlığı Gününün mövzusu “Əməyin təhlükəsizliyi və gigiyenasında inqilab: iş yerlərində süni intellektin (AI) və rəqəmsallaşmanın rolu”dur. Bu mövzu iş sağlamlığı və təhlükəsizliyi baxımından ən son texnologiyaları əhatə edir: qabaqcıl robotlar, AI və maşın öyrənməsi, ekzoskeletlər, pilotsuz uçuş aparatları (PUA), əşyaların interneti, virtual və genişlənmiş reallıq. Bu şüar tapşırıqların avtomatlaşdırılması, böyük verilənlərin təhlili, intellektual rəqəmsal sistemlər və işçi qüvvəsinin süni intellektlə idarə edilməsi kimi işin təşkilinə yeni yanaşmaları vurğulayacaq. Bundan əlavə, texnoloji irəliləyişlər rəqəmsal platformalarda iş, uzaqdan işləmə, məsafədən və hibrid iş də daxil olmaqla, yeni məşğulluq formalarının yaranmasına səbəb olub. Beynəlxalq Əmək Təşkilatının irəli sürdüyü bu şüar cəmiyyət tərəfindən əməyin bu yeni formalarını öyrənməsini və tətbiq etməsini ətraflı şəkildə araşdırılacaq.
“BƏT bu aktual məsələlərlə bağlı analitik hesabat və məlumat materialları hazırlayacaq. Onlar işin rəqəmsal transformasiyasının təhlükəsiz və sağlam iş mühitinə necə töhfə verə biləcəyini və işəgötürənlərin, işçilərin və digər maraqlı tərəflərin bu yeni problemlərin həlli üçün artıq hansı tədbirləri gördüyünü araşdıracaqlar. BƏT-in müasir dünya çağırışlarını nəzərə alan bu şüarı təsadüfi seçilməmişdir. Müasir dünyada həyatın hər sahəsinə nüfuz etmiş süni intellekt və rəqəmsal texnologiyalar əməyin mühafizəsi və təhlükəsizlik texnikası üçün əhəmiyyətli çağırışlar edir. Dünyanın qabaqcıl çağırışlarına cavab verən dövlətimiz bu tələbləri, bu şüarları dəstəkləyərək bütün sahələrdə olduğu kimi, əməyin təhlükəsizliyi, işçilərin sağlam iş mühiti və s. məsələlərlə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi üçün işlər görməkdədir. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərman imzalayıb. Fərmanın icrasının təmin edilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib, AMEA-nın elmi bölmə və mərkəzləri, elmi müəssisə və təşkilatları, habelə AMEA Rəyasət Heyəti aparatının şöbələri tərəfindən Fərmanın icrası ilə bağlı təkliflər hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim olunub və dövlət başçısının “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli Fərmanının icrası ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiq edilib”, - filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud vurğulayıb.
Həmçinin qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatı “Generativ süni intellekt və iş yerləri: işlərin kəmiyyət və keyfiyyətinə potensial təsirlərin qlobal təhlili” (Generative AI and Jobs: A global analysis of potential effects on job quantity and quality) başlıqlı hesabatını yayımlayıb. BƏT-in apardığı yeni araşdırmanın müəllifləri belə qənaətə gəliblər ki, generativ süni intellekt (AI) iş yerlərinin azalmasına deyil, yaradılmasına töhfə verir, çünki o, insanları tamamilə əvəz etmir, yalnız fərdi tapşırıqların icrasını avtomatlaşdırır: “BƏT-in hesabatında deyilir ki, əksər iş yerləri və sənayelər yalnız qismən avtomatlaşdırıla bilər və çatbotlar kimi ən son generativ AI sistemlərinin onları əvəz edəcəyi ehtimalındansa, onları tamamlayacağı ehtimalı daha yüksəkdir. Beləliklə, belə texnologiyaların tətbiqinin ən mühüm nəticəsi iş yerlərinin ixtisarı yox, onların ilk növbədə intensivlik və muxtariyyət baxımından keyfiyyətcə dəyişməsi olmalıdır”.
O, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatında əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin vəziyyəti və qarşıda duran problemlər barədə məlumat verib.
Daha sonra AMEA Azad Həmkarlar İttifaqının əməyin texniki müfəttişi Həsənqulu Qurbanov və AMEA-nın Rəyasət Heyəti aparatının Təsərrüfat işlərinin təşkili şöbəsinin əməyin mühafizəsi üzrə baş mütəxəssisi Cavid Qocayev iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etməyin əhəmiyyətindən, işçilərin təlimatlandırılmasının vacibliyindən və AMEA-nın Rəyasət Heyəti aparatında bu sahədə maarifləndirmə işinin hazırkı vəziyyətindən söz açıb, əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələrini verib və risklərin qarşısının alınması üçün görüləcək işlərdən danışıblar.
Sonda qeyd olunan məsələlər ətrafında iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.