Dekabrın 16-da AMEA prezidenti, akademik Akif Əlizadənin Böyük Britaniyanın informasiya kommunikasiya texnologiyaları sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən Trans Tech Capital (TTC) şirkətinin nümayəndələri ilə görüşü keçirilib.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) təşəbbüsü ilə reallaşan görüşdə əsas məqsəd akademik qaydaları tətbiq etmək, texnoloji transfer üzrə mövcud bacarıqları müəyyən etmək, “spin-out” şirkətlərin investisiya infrastrukturunu, innovasiya mərkəzlərini, elmi parklar və eləcə də cari sənaye əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi olub.
Tədbirdə Britaniya şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyorları Mahmut Sinoplu, David Livesley, İTİDF-in icraçı direktorunun müavini Azər Bayramov və başqaları iştirak ediblər.
Bildirilib ki, TTC şirkəti Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsini və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən biridir, texnoloji transfer üzrə Oksford və Mançester Universitetləri ilə əməkdaşlıq edir. Şirkət tərəfindən Mançester Universitetində son 5 ildə yaradılan startap layihələrinə 150 milyon funt sterlinqdən artıq vəsait cəlb edilib. Şirkətin fondu Türkiyədə texnologiyaya yönəldilən investisiya strategiyasını inkişaf etdirmək üçün 2012-ci ildə yaradılıb.
Sonda çıxış edən akademik Akif Əlizadə Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə və tədqiqat institutlarında, həmçinin potensialı yüksək olan qurumlarda Texnoloji Transfer Mərkəzlərinin yaradılması və innovativ layihələrin maliyələşdirilməsi üçün irəli sürülən təklifi nəzərə alaraq, elmi təcrübə mübadiləsində bu cür imkanların yaradılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.