Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.11.2020 11:44
  • A-
  • A
  • A+

Vətən müharibəsində qazanılan qələbə tariximizin parlaq səhifəsidir

Vətən müharibəsində qazanılan qələbə tariximizin parlaq səhifəsidir

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuHüseyn Cavidin Ev Muzeyinin Azərbaycan ordusunun böyük qələbəsinə həsr olunan birgə tədbiri keçirilib.

Öncə Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 17 ildən artıq dövrdə iqtisadi, hərbi və digər sahələrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi xalqımızın dövlətimizin başçısı və ordumuzla həmrəyliyinin bariz nəticəsidir: "İkinci Qarabağ savaşının aparıldığı 44 gün ərzində dünyanın müxtəlif informasiya kanallarına, agentliklərinə verdiyi müsahibələrdə Prezident Azərbaycanın tarixi reallığını, əzəli torpaqlarımız uğrunda ədalətli mübarizəsinin mahiyyətini böyük məharətlə dünya ictimaiyyətinə çatdıraraq informasiya müharibəsində də böyük uğura imza atdı. Dövlətimizin başçısının səmimi və qətiyyətli müraciətləri xalqımızın birlik, vətənpərvərlik və səfərbərlik hislərini daha da artırdı".

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibədə yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşünü xatırladan akademik müharibə əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Alim Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini, Ali Baş Komandan İlham Əliyevin tarixdə qalib Prezident kimi qalacağını ifadə edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli isə çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Qarabağ savaşının, Vətən müharibəsinin xalqımızın böyük qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib. Şuşanın işğaldan azad olunması münasibətilə dövlət başçımızın xalqa müraciətini xatırladan natiq Prezident İlham Əliyevin çıxışında ümummilli lider Heydər Əliyevin haqq mübarizəsini layiqincə davam etdirdiyini qeyd edib. Bildirib ki, Vətən müharibəsində qazanılan qələbə tariximizin zəfər salnaməsi, parlaq səhifəsidir. Akademik çıxışının sonunda zəfər münasibətilə qələmə aldığı “Vətən məğrur, mən məğrur” şeirini səsləndirib.

AMEA Hüseyn Cavid adına Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı isə xalqımızın dövlət başçısı ətrafında birləşərək ordumuza dəstək, birlik nümayiş etdirməsindən qürur, fəxarət hissi duyduğunu bildirib. Alim müqəddəs torpaqlarımızın yağı düşmən işğalından azad olunması xəbərini eşidən böyükdən-kiçiyə hər kəsin gözündə sevinc və həmrəylik ifadəsinin böyük qələbənin təcəssümü olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Qarabağ savaşında qazanılan şanlı qələbəmizin tarixə qızıl hərflərlə həkk olunacağını və xalqımızın yaddaşında silinməz iz buraxacağını ifadə edib.

30 ilə yaxın davam edən Qarabağ münaqişəsində ölkəmizin şanlı qələbəsi  münasibəti ilə tədbir iştirakçıları Ali Baş Komandanımıza, ordumuza minnətdarlığını bildirərək xalqımızı, dünya azərbaycanlılarını təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: