Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində “Daşkəsən alunit filizinin yeni üsulla emalı” layihəsi çərçivəsində “DetAl Holding” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Tədbiri AMEA prezidenti, akademik Akif Əlizadə açaraq görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, görüşün məqsədi ölkədə alunit emalının inkişaf etdirilməsi və bu sahədə mövcud potensialın reallaşdırılmasını müzakirə etməkdir.
Akademik, alunit filizinin yeni üsulla emalı məqsədi ilə akademiya alimlərinin elmi tədqiqatlara cəlb edilməsi təklifini və bu sahədə qarşılıqlı əlaqələrin bundan sonra da inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə, həmçinin bildirilib ki, respublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində alunit filizləri yatağı aşkar edilib. Daşkəsən rayonunda yerləşən bu yataq keçmiş SSRİ məkanında alüminium xammalı kimi istismar olunan yeganə yataq olub. Bu yataqda başlanmış istismar keçən əsrin 60-cı illərindən 90-cı illərinədək davam edib.
Sonra “DetAl Holding” şirkətinin baş direktoru Sərxan Babayev şirkətin fəaliyyəti və Daşkəsən alunit filizinin emalı üsulu ilə bağlı geniş məlumat verib. Qeyd edib ki, “DetAl Holding” ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid, ilkin alüminium və yarımfabrikat məhsulların istehsalı üzrə aparıcı şirkətlər qrupudur. Alunit emalı istiqamətində DetAl Alüminium Kompleksinin yerinə yetirdiyi layihələr və bu istiqamətdə apardığı elmi-texniki araşdırmalardan danışan baş direktor gələcəkdə şirkətin fəaliyyətində AMEA-nın müvafiq institutlarının elmi-texniki potensialı və təcrübəsindən yararlanmaq imkanlarını reallaşdırmaq təklifini irəli sürüb.
Görüşdə tərəflər arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonda əməkdaşlıq təşəbbüsünü yüksək qiymətləndirən akademik Akif Əlizadə ilə şirkətin baş direktoru Sərxan Babayev arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.