Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2020 22:46
  • A-
  • A
  • A+

Qarabağda aparılacaq elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müəyyənləşdirilib

Qarabağda aparılacaq elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müəyyənləşdirilib

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyliİbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər - Dilqəm Tağıyev, İradə HüseynovaRasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

İclasda əvvəlcə akademik Nailə Vəlixanlıya 80 illik, Telman Əliyevə isə 85 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanı təqdim edilib.

Yığıncağın gündəliyinə çıxarılan ilk məsələ “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı” barədə olub.

Mövzu ilə bağlı çıxış edən akademik Ramiz Mehdiyev bildirib ki, AMEA Rəyasət Heyətinin 30 oktyabr 2020-ci il tarixli qərarında akademiyanın elmi bölmələrinə, həmçinin Rəyasət Heyəti aparatının struktur bölmələrinə AMEA-nın müvafiq elmi müəssisə və təşkilatları ilə birlikdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Akademik müvafiq təkliflər əsasında Tədbirlər planının hazırlandığını və bu gün Rəyasət Heyətinin müzakirəsinə çıxarıldığını diqqətə çatdırıb.

AMEA rəhbəri qeyd edib ki, Tədbirlər planında AMEA-nın Qarabağ Regional Elmi Bölməsinin və yeni yaradılacaq Qarabağ Universitetinin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihaz və qurğularla təminatı nəzərdə tutulur. Akademikin sözlərinə görə, həmçinin Sərsəng su anbarının istismarında etibarlılıq göstəricilərinin qiymətləndirilməsi, Xudafərin körpüsünün yanında seysmoakustik stansiyanın yaradılması, Dağlıq Qarabağda astronomik stansiyanın qurulması, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması layihələrinə elmi-praktiki dəstəyin həyata keçirilməsi də başlıca hədəflərdəndir.

Tədbirlər planına əsasən, Qarabağ Geoloji Fondu Muzeyinin yaradılacağını deyən AMEA prezidenti bildirib ki, Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hazırlanması ilə bağlı tədqiqatların aparılması, qoruq və yasaqlıqların bərpası üzrə təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, Qarabağ Elmi Bölməsinin Bioresurslar İnstitutunun, Qarabağ regionuna aid bitkilərin toplandığı Nəbatat Bağının yaradılması alimlərimizin qarşısına qoyulan vəzifələrdəndir.

Həmçinin Suqovuşan, Xudafərin və Qızqalası su anbarlarının, Oxçuçay, Həkəri və Bərgüşad çaylarının hidrofaunasının tədqiqi, ermənilər tərəfindən talan edilən, saxtalaşdırılan tarixi-mədəni abidələr, muzeylər, onlara daxil olan eksponat və artefaktların sənədləşdirilməsi, zərərgörmüş, dağıdılmış abidə və itmiş əşyalar haqqında məlumatların sistemləşdirilərək nümayiş etdirilməsi, arxeobioloji qalıqların müvafiq analizi də Tədbirlər planında öz əksini tapıb.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, eyni zamanda M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın “Gül dəftəri” əlyazmasının YUNESKO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsinin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin vaxtilə Şuşa şəhərində fəaliyyət göstərmiş Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpasının, Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ arxeoloji mərkəzinin yaradılmasının, Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılmasının, Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılmasının sözügedən sənəddə nəzərdə tutulduğunu diqqətə çatdırıb.

250-dən artıq bənddən ibarət olan Tədbirlər planının ümumilikdə 2021-2025-ci illəri əhatə etdiyini söyləyən akademik R.Mehdiyev həmin sənəddə, o cümlədən “Qarabağ ədəbi mühiti”, “Qarabağ Azərbaycandır” və digər kollektiv monoqrafiyaların, kataloq, atlasların çapının, konfransların, sərgilərin keçirilməsinin, “Qarabağ salnaməsi: işğaldan qələbəyədək” sənədli filminin hazırlanmasının, KİV-də və elmi jurnallarda işğaldan azad olmuş ərazilərin bərpası ilə bağlı maarifləndirmə işlərinin aparılmasının, şəhid ailələri ilə mütəmadi olaraq görüşlərin təşkil edilməsinin və onlara zəruri xidmətlərin göstərilməsinin və s. tədqiqat işlərinin planlaşdırıldığını deyib.

Daha sonra Tədbirlər planı müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Müzakirəyə çıxarılan növbəti məsələ elmi tədqiqat işləri planlarının hazırlanması haqqında olub. Mövzu ilə bağlı çıxış edən akademik-katib Əminağa Sadıqov bildirib ki, hazırda müasir zamanın çağırışlarından, dünyada baş verən proseslərdən, habelə respublikanın modernləşməyə və intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf istiqamətlərindən irəli gələrək Azərbaycan elminin, o cümlədən AMEA-nın qarşısında tamamilə yeni vəzifələr dayanır. Ə.Sadıqov koronavirus pandemiyası, II Qarabağ müharibəsi, habelə yeni ümumbəşəri problemlərin meydana çıxmasının elmi tədqiqatlar üçün yeni istiqamətlər açdığını vurğulayıb: “Bu baxımdan elmi tədqiqatların prioritetləri Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsinə, onun müdafiə qüdrətinin artırılmasına, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, əhalinin sağlamlığının qorunmasına, eləcə də ölkə üçün vacib olan digər məsələlərin həllinə istiqamətləndirilməlidir”.

Qeyd olunanları nəzərə alaraq, 2021-2025-ci illər üçün AMEA-da aparılacaq elmi tədqiqat işlərinin mövzu planı və 2021-ci il üçün əhatəli planının hazırlanaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi qərarlaşdırılıb.

Daha sonra İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması haqqında məsələ iclasın müzakirəsinə çıxarılıb. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış Azərbaycan torpaqları ciddi antropogen təhdidlərə məruz qoyulub, həmin ərazilərdə sosial infrastruktur darmadağın edilib, təbii landşaft ciddi deformasiyaya uğradılıb. Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi infrastrukturun qurulması, ekoloji tarazlığın bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Akademik İsa Həbibbəyli ərazilərin konfliktsonrası bərpasının araşdırılması və proqnozlaşdırılması üzrə İqtisadiyyat İnstitutunda ciddi elmi tədqiqat təcrübəsinin və bu sahədə beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərin olduğunu nəzərə alaraq, müəssisənin strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılmasının təklif edildiyini söyləyib. O, bu ilin noyabr ayında AMEA-nın Rəyasət Heyətində post-konflikt ərazilərin bərpasına həsr edilən tədbirin keçirildiyini xatırladıb.

Müzakirələr nəticəsində İqtisadiyyat İnstitutunun strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib.

Yığıncaqda AMEA-nın elmi müəssisə və təşkilatlarında hüquqi və inzibati idarəçilik vəziyyətinin öyrənilməsi barədə də müzakirələr aparılıb. Məsələ barədə məlumat verən akademik Rasim Əliquliyev akademiyanın elmi müəssisə və təşkilatlarında kargüzarlıq, kadr və maliyyə sahəsi üzrə tərtib edilmiş sənədlərin hüquqi ekspertizasının keçirilməsi və onların Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğunluğunun öyrənilməsi zərurətinin yarandığını diqqətə çatdırıb. Bildirib ki, ilkin olaraq AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə (FRTEB) daxil olan institutlarda vəziyyətin araşdırılması nəzərdə tutulur. O, müasir dövrün çağırışlarına cavab olaraq kargüzarlıq sahəsində yeni texnologiyaların tətbiqinin, sənəd dövriyyəsinin elektronlaşdırılmasının önəmini vurğulayıb.

Qeyd edilənləri nəzərə alaraq, FRTEB-in müvafiq müəssisələrində yoxlamalar aparılması üçün komissiya yaradılıb.

Sonra iclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə baxılıb. Akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib. Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsini icra edən kimi təsdiqlənməsi qərara alınıb. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov direktor v.i.e. təyin olunub.

İclasda, o cümlədən akademik Şahin Mustafayevin yenidən akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimovanın həmin müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin isə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini kimi təsdiqlənməsi barədə qərar verilib. İqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva öz xahişi ilə İqtisadiyyat İnstitutunun elmi katibi vəzifəsindən azad edilib, onun yerinə iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva təsdiqlənib. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva öz xahişi ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasından xaric edilib.

İclasda müxbir üzv Aydın Kazımzadənin 70  illik yubileyi ilə əlaqədar AMEA-nın Fəxri fərmanı ilə təltif olunmasına da qərar verilib.

Rəyasət Heyətində qeyd olunan mövzular ətrafında akademiklər - İsa Həbibbəyli, İbrahim Quliyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Adil Qəribov, Telman Əliyev, Qərib Məmmədov, müxbir üzv Əminağa Sadıqov, professor Nazim İmanov və digərləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda akademik Ramiz Mehdiyev çıxış edərək 44 günlük Vətən müharibəsindəki şanlı qələbə ilə bu gün Azərbaycanda və regionda yeni vəziyyətin yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağa qayıdışın təməli qoyulub və artıq zəruri infranstrukturun qurulması istiqamətində ciddi işlər həyata keçirilir. Akademik Ramiz Mehdiyev ölkə başçısının çağırışlarına cavab olaraq sistemli tədqiqatların aparılmasının və Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfələrin verilməsinin bu gün alimlərimizin başlıca hədəflərindən olduğunu söyləyib.

Akademiyada ciddi struktur islahatlarının aparılmasının önəmini də qeyd edən AMEA rəhbəri Akademiyanın elmi müəssisə və təşkilatlarının idarəçilik sistemində çatışmazlıqların olduğunu, bəzi hallarda subardinasiya qaydalarının gözlənilmədiyini bildirib.

AMEA prezidenti bugünkü iclasda yaradılan yoxlama komissiyasının müəssisələrdəki mövcud çatışmazlıqları aşkarlamaq baxımından önəmli olduğunu deyib, akademiyanın gələcək fəaliyyətinin müəyyənləşdirilməsinə öz töhfəsini verəcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: