Dekabrın 17-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Dendrologiya İnstitutunun Elmi şurasının birgə onlayn iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova, eləcə də bölmənin Elmi şurasının üzvləri iştirak ediblər.
İclasda Dendrologiya İnstitutunun 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları barədə hesabatı dinlənilib. Məruzəni təqdim edən institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov cari ildə Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verib. O, 2020-ci il üzrə 1 problem, 8 mövzu, 12 iş, 31 mərhələ üzrə aparılan elmi tədqiqat işləri və alınan nəticələri təqdim edib. Tətbiq olunmuş elmi nəticələr, təsərrüfat müqavilələrinə əsasən görülmüş işlər haqqında məlumatlar şura üzvlərinin diqqətinə çatdırılıb.
T.Məmmədov qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib. 2020-ci ildə qurumun beynəlxalq əlaqələri xeyli artıb, institut əməkdaşları bir neçə beynəlxalq konfransda iştirak ediblər. O, tədbirdə müəssisənin nəşriyyat fəaliyyətinə də toxunub, hesabat dövründə yüksək nüfuzlu impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayının xeyli artdığını bildirib.
T.Məmmədov institutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini, doktorant və dissertantlar üçün hər cür şəraitin yaradıldığını, onların elmi tədqiqatlarını müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda apardıqlarını qeyd edib. Məruzəçi Dendrologiya İnstitutunun əməkdaşlarının karantin dövründə aparılan elmi tədqiqat işləri haqda məlumatları “Zoom” proqramından istifadə etməklə mütəmadi rəhbərliyə təqdim etdiklərini bildirib. Bundan əlavə, cari ildə doktorant və dissertantlar üçün vaxtaşırı onlayn elmi seminarlar, iclaslar, müzakirələrin keçirildiyi, elmi tədqiqatlar və plan-proqrama uyğun mərhələlər üzrə görülən işlər barədə hesabatların verildiyi, elmi işlərin mövzuları ətrafında fikir mübadiləsinin aparıldığı iclas iştirakçılarının nəzərinə çatdırılıb.
AMEA-nın müxbir üzvü Tofiq Məmmədov institutda aparılan elmi tədqiqat işlərinin mühüm nəticəsi olaraq bildirib ki, 2020-ci ildə müəssisə tərəfindən Abşeronun təbii və mədəni florası təhlil edilib, 201 fəsilə, 846 cins, 2879 növ və 6 variasiya aşkarlanıb. Ərazilərdə yabanı ot bitkilərinin növ tərkibinə görə Asteraceae Dumort, Poaceae (R.Br.) Poaceae Barnhart, Rosaceae Juss, Brassicaceae Burnett, Saxifragaceae Juss, Lamiaceae Lindl, Apiaceae Lindl, və b. üstünlük təşkil edir. Nadir və nəsli kəsilməkdə olan 24 fəsilə, 35 cinsə aid 46 növ oduncaqlı bitki taksonların 43%-ni təşkil edən 29 növün nadir, 16 növün relikt və 2 növün endem olduğu aşkarlanıb. Naxçıvan Muxtar Respublikasının dağ-kserofit bitkiliyinin təsnifatı, fitosenoloji xüsusiyyətləri, fitosenozları yaradan dominant bitkilərin növ tərkibində daha çox müşahidə olunan bitkilərin taksasiyası təhlil edilib. Ərazinin əsasən friqana və qariqa ekosistemləri ilə təmsil olunduğu məlum olub. Burada 260 növdən 28 növ kol (10,77%), 212 növ çoxillik (81,54%), 20 (7,69%) bir və iki illik növün təşkil etdiyi müəyyənləşdirilib. Azərbaycanın mülayim rütubətli dağ-meşə landşaftlarında fıstıq-vələs-qarağac meşələrinin flora müxtəlifliyi üzrə çiçəkli bitkilər (Magnoliophyta) şöbəsinə aid 18 fəsilə və 25 növ, qatırquyruğukimilər (Equisetophyta) şöbəsinə aid 1 fəsilə, 1 növ, qıjıkimilər (Polypodiophyta) şöbəsinə aid 1 fəsilə, 5 növ, ümumilikdə isə 3 şöbəyə aid 20 fəsilə və 31 növ təyin edilib, 3 növ (Viscum album, Adi əqrəbböcək (Panorpa communis), mənənə (Hemiptera; Apidoidea))ziyanverici kütləvi halda yayılıb. Ərazinin GPS koordinatları götürülüb.
Hesabat ətrafında geniş müzakirələr aparılıb, çıxış edənlər institutun fəaliyyəti və əldə olunan nəticələrini qənaətbəxş hesab ediblər.
Sonda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.