Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.02.2021 10:10
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin yeni saytı üç dildə fəaliyyət göstərəcək

Naxçıvan Bölməsinin yeni saytı üç dildə fəaliyyət göstərəcək

AMEA Naxçıvan Bölməsinin müasir dizaynda yaradılmış rəsmi internet saytının (ameanb.az) təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin maddi texniki bazasının təkmilləşdirilməsi sahəsində görülən işləri təqdimat iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, texnologiyanın yüksək inkişaf etdiyi dövrdə internet resurslarının istifadə imkanlarının artırılması və təkmilləşdirilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdən biridir. Hər bir müəssisə və təşkilatda baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, müraciətlərin daha tez cavablandırılmasında saytların əhəmiyyətinə diqqət çəkən akademik bildirib ki, yeni təqdim olunan sayt bölmənin uğurlarını daha geniş səpkidə ifadəetmə imkanına malikdir.

Daha sonra bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova rəmi internet saytını təqdim edib. Bildirib ki, yeni internet saytı dizaynına, quruluşuna və funksionallığına görə müasir standartlara uyğun şəkildə hazırlanıb. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən sayt 7 bölmə və 17 altbölmədən ibarətdir.

“Ana səhifə”də saytın əhatə etdiyi bütün istiqamətlər əks olunmuş, istifadəçilərin rahatlığı nəzərə alınmaqla əsas məlumatlara keçidlər təmin edilib. Bölmənin ümumi fəaliyyətini əhatə etməklə yanaşı, burada həmçinin Naxçıvan Bölməsinin fəaliyyəti dövründə nəşr olunan kitabların, monoqrafiyaların, jurnalların, dərs və metodik vəsaitlərin, elmi əsərlərin ümumi sayını göstərən sayğac yaradılıb, elmi dərəcəsi olan əməkdaşlar haqqında məlumatlar qeyd olunub.

“Haqqımızda” bölməsində Naxçıvan Bölməsinin yaradılması, fəaliyyəti, dövri-nəşrləri, AMEA-nın üzvləri, Rəyasət Heyəti, burada fəaliyyət göstərən dissertasiya şuraları və onların fəaliyyəti ilə bağlı məlumat almaq mümkündür.

Qeyd olunub ki, saytın “Struktur” adlı bölməsində Naxçıvan Bölməsinin elmi-tədqiqat institutları və tabe qurumlarının fəaliyyəti, eləcə də bu müəssisələrdə mövcud olan şöbə və laboratoriyalar, onların elmi fəaliyyət istiqamətləri, əldə olunan nailiyyətlər haqqında məlumat verilmiş, bölmənin nəzdində fəaliyyət göstərən Nəbatat bağı, eləcə də Gənc Alim və Mütəxəssislər Şurası haqqında informasiya əks olunub.

Yeni təqdim olunan saytın “Əməkdaşlıqlar” və “Layihələr” bölmələrində Naxçıvan Bölməsinin respublika və beynəlxalq əhəmiyyətli əlaqələri, bölmə əməkdaşlarının qalibi olduqları qrant layihələr və patentlər haqqında məlumatlar təqdim edilir.

Saytın “Xəbərlər” bölməsində bölmədə baş verən ən son yeniliklər və elanlardan xəbərdar olmaq mümkündür. Burada müraciətçilərin, başqa müəssisə əməkdaşlarının bölmə ilə əlaqəsini asanlaşdırmaq məqsədilə elektron müraciət forması yaradılmış və məlumatların daha əlçatan olması üçün “Axtarışlar” bölməsi hazırlanıb. Mobil internet istifadəçilərinin rahatlığı nəzərə alınmaqla saytın daha sadə və yığcam formalı mobil versiyası hazırlanıb.

Vurğulanıb ki, saytın üç dillə fəaliyyəti bölmədə baş verən yeniliklərin nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda da izlənilməsinə şərait yaradacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: